
Bakı. Trend:
Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif
istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri və döyüş
texnikasının cəmləşdirilməsi barədə 31 mart 2024-cü il tarixində
Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat yayılıb.
Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, şərti sərhədboyu
Ermənistanın qoşunlarını cəmləşdirməsi və hücum xarakterli dayaq
məntəqələrini qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş
nöqtələrini yaratması, fortifikasiya qurğularını inşa etməsi
bölmələrimizin sərəncamında olan xüsusi texniki vasitələr və vizual
müşahidə ilə qeydə alınmışdır.
Yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında
Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum
silahları və ağır atəş vasitələri yerləşdirilir.
Bir daha bəyan edirik ki, Azərbaycan Ordusu tərəfindən
Ermənistanın törədə biləcəyi hər hansı təxribatın qarşısı
qətiyyətlə alınacaq, vəziyyətin gərginləşdirilməsinə görə bütün
məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi və onun
havadarlarının üzərinə düşəcək.





























