Advertisement

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar süfrəsi açılıb (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın
təşəbbüsü ilə Moskvada Azərbaycan Günü və iftar süfrəsi təşkil
edilib.

Trend xəbər verir ki, tədbir Poklonnaya qoradakı Memorial
məscidində açılan “Ramazan çadırı”nda Moskva şəhəri Müsəlmanları
Ruhani İdarəsinin təşkilatçılığı və Rusiya Federasiyası
Müsəlmanları Ruhani İdarəsinin dəstəyi ilə keçirilib və “Ailə
ili”nə həsr olunub.

Tədbirdə 1500-dən çox insan – ictimai xadimlər, Azərbaycan
diasporunun nümayəndələri, müxtəlif millətlərdən olan müsəlmanlar
iştirak ediblər.

Dini-mənəvi dəyərlərə verdiyi yüksək qiymətə görə Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevaya Moskva müftisi, Moskva
Kafedral Məscidinin imamı İldar Alyautdinovun adından təşəkkür
məktubu ünvanlanıb.

Moskvadakı Müsəlman məktəbinin direktoru Ənas Həzrət Məmmədov
iştirakçıları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib, bu
tədbirin keçirilməsinə görə Heydər Əliyev Fonduna təşəkkürünü
bildirib.

Tədbirdə Azərbaycanın tarixindən və adət-ənənələrindən bəhs edən
videoçarxlar nümayiş etdirilib, “ButaTrio” nun müşayiəti ilə muğam
ifa olunub, müsəlman məktəbinin şagirdləri Məhəmməd Peyğəmbərin
həyatından bəhs edən teatrlaşdırılmış səhnəciklər təqdim ediblər.
Tədbir uduşlu hədiyyələr olan viktorina ilə davam edib.

İftar başlamazdan əvvəl “Qurani-Kərim”dən ayələr oxunub, axşam
namazı qılınıb. Sonra müsəlmanlar Azərbaycanın milli yeməklərini və
şirniyyatlarını dadıblar.

“Ramazan çadırı” 2006-cı ildən etibarən müsəlmanların müqəddəs
Ramazan ayında həyata keçirilən illik sosial və xeyriyyə
layihəsidir. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi
vitse-prezident Leyla Əliyevanın təşəbbüsü ilə hər il bu xeyriyyə
layihəsində iştirak edir.