Advertisement

Vaşinqtonun Qafqaz planı: İrəvan alət, Bakı mükafat sayılır

ABŞ onillərdən bəri Cənubi Qafqazdakı siyasətinin sülhün,
stabilliyin, əmin-amanlığın, demokratiya və insan haqları
prinsiplərinin, bölgədəki xalqların dinc birgəyaşamın təminatına
yönəldiyini bəyan edir.

Vaşinqton fasiləsiz qaydada bəyan edir ki, bölgə ilə bağlı ən
əsas məqsədlərindən biri Azərbaycanla Ermənistan arasında sülh
sazişinin imzalanması, sərhədlərin açılması, nəqliyyat
kommunikasiyalarının bərpası və s.-dir.

Halbuki Birləşmiş Ştatların bölgə siyasəti gün keçdikcə daha
aydın bəlirlənir.

Aprelin 5-də Brüsseldə keçiriləcək ABŞ, Avropa İttifaqı və
Ermənistan görüşündə İrəvanla bağlı yeni strategiya
açıqlanacaq.

Qərb və erməni mediası bu görüşdə “Qərblə Ermənistan arasında
hərbi-siyasi paktın imzalanacağını”, az qala Ermənistanla bağlı
yeni Marşall planının qəbul ediləcəyini vurğulayırlar.

Vaşinqton və Brüssel bəyan edirlər ki, Ermənistanın Rusiyadan
asılılığını azaltmaq üçün ermənilərin təhlükəsizliyinin təminatı
ilə məşğul olacaqlar. Bu prosesə Ermənistanın siyasi, hərbi,
enerji, yanacaq və iqtisadi təhlükəsizliyinin “yetərli səviyyədə”
olmasının təminatının yer aldığı da qeyd olunur.

2020-ci ilədək bölgə siyasətini təkbaşına yürüdən, lakin İkinci
Qarabağ Müharibəsindən sonra Avropa İttifaqını irəli verən
Birləşmiş Ştatlar müstəqil fəaliyyət qərarına gəlib.

Avropa İttifaqının Ermənistandakı Müşahidə-Monitorinq
Missiyasının (EUMA) tərkibinə Kanadanın Süvari Polisinin
mənsublarının da daxil edilməsi missiyanın heyəiinin artırılması
ilə yanaşı, onun Brüsselin tam kontrolundan çıxarılması oldu.

EUMA artıq Ermənistanda Avropa İttifaqının yox, NATO-nun
missiyasıdır.

Və bu, ermənilərdə “NATO ölkəmizdə baza yaradacaq” təki tamamilə
əsassız, illüzor əminliyin yaranmasına səbəb olub.

Aprelin 5-də Brüsseldə keçiriləcək müzakirələrdə sadəcə,
Ermənistana siyasi, maliyyə və iqtisadi dəstəyin nəzərdən
keçiriləcəyi deyilsə də, Vaşinqtonun məqsədi EUMA tərkibində yer
almağını legitimləşdirmək və beləcə, missiyanı nəzarətə
almaqdır.

ABŞ bundan sonra istədiyi qədər Cənubi Qafqazda sülh və
stabilliyin zərurətindən danışa bilər. Vaşinqtonun dedikləri
tamamilə saxta, yalan və hadisələrin verbal görüntüsünü yaratmaq
məqsədlidir.

Amerikalıların siyasətini təhlil etmək çətin deyil: Birləşmiş
Ştatlar Cənubi Qafqaz bölgəsində yeni münaqişəni alovlandırmaq,
gərginliyi artırmaq və Ermənistanı sürətlə silahlandırmaq yolunu
tutub.

Vaşinqton Ermənistana birbaşa olaraq, ikitərəfli anlaşmalar
çərçivəsində silah-sursat və hərbi texnika verməyəcək. Bu variant
həddən artıq bəsitdir və amerikalıların primitizm taktikasına
rəğmən, İranla Rusiyaya aşkar meydan oxumayacaqlar.

Ağ Ev erməniləri Fransa, Yunanıstan, Belçika, Hindistan və s.
ölkələr vasitəsilə silahlandıracaq, özünü kölgədə saxlamağa,
prosesləri kulisdən idarə etməyə can atacaq.

Məhz buna görə Ermənistanın baş naziri Nikol Paşinyan
cürətlənib, Azərbaycanla şərti dövlət sərhədinə ağır zirehli
texnika, canlı qüvvə və artilleriya qurğularının yığılmasına,
uzunmüddətli müdafiə və mühəndis-istehkam qurğularının inşasına
göstəriş verib.

Hazırda sərhədlərimiz boyunca müxtəlif istiqamətlərdə Ermənistan
Müdafiə Nazirliyinin hərbi hissələrinin intensiv hərəkəti müşahidə
olunur.

Aprelin 5-də Brüüsseldə keçiriləcək görüşədək və ya bilavasitə
“konfrans” adlanan görüş günündə erməniləriin Azərbaycana qarşı
növbəti silahlı təxribata əl atmaları, mövqelərimizi atəşə
tutmaları da istisna deyil.

Ermənistan bu mənhus əməli gerçəkləşdirəndən sonra Azərbaycan
Ordusunun sərt cavabını “rəsmi Bakının aqressiv siyasətinin
təzahürü” kimi qələmə verəcək, “Qərblə daha sıx inteqrasiya və
tərəfdaşlığın zəruriliyi”ndən danışacaq.

Aylardan bəri Qərb mass-mediasında Azərbaycana qarşı aparılan,
ötən il İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin 3-cü
sammitindən sonra daha da aktivləşən kampaniyanın məqsədlərindən
biri də Ermənistanın Qərbə meyllənmiş siyasətinin aktivləşməsinin
siyasi-mediativ zəminini təşkil etməkdi.

Fransaya, indi, həmçinin, ABŞ-yə və Avropa İttifaqına arxalanan,
aldığı vədlərə inanan Ermənistan yanılır.

Birləşmiş Ştatların can atdığı hədəf Ermənistanın
təhlükəsizliyinin təminatı yox, Cənubi Qafqazdakı siyasi-strateji
imkanlarına hərbi mövcudluğunu da əlavə etməkdir.

Dünyanın ən müxtəlif, geostrateji baxımdan önəmli, geosiyasi
cəhətdən aktual bölgələrində hərbi bazalarını yaratmaq
strategiyasını davam etdirən Birləşmiş Ştatlar Cənubi Qafqazda da
özünə potensial düşmən elan etdiyi Rusiyanın və İranın regional
təsirini minimuma endirməyə çalışır.

Eyni zamanda, ABŞ bölgəmizdə Azərbaycan, Türkiyə, Pakistan,
İsrail, Rusiya, İran və xüsusilə də Çinin təsir imkanlarının,
nüfuzunun artmasından narahat olur.

Digər reallıq isə odur ki, Azərbaycanın iqtisadi, siyasi, hərbi
və s. baxımdan güclənməsi, xüsusilə də Azərbaycan-Türkiyə,
Azərbaycan-Pakistan və Azərbaycan-İsrail tərəfdaşlığının
intensivləşməsini Vaşinqton öz maraqlarına təhlükə hesab edir,
türkdilli dövlətlərin inteqrasiya prosesini qıcıqla izləyir.

Doğrudur, Türkiyədə ABŞ bazaları var, İsrail də ABŞ-ın ən yaxın
müttəfiqidir. Lakin geosiyasi proseslər daim bir xətt üzrə inkişaf
etmədiyindən Vaşinqton özü üçün ən əlveriqşsiz ssenarilərə indidən
hazırlaşır. Bu, səbəbsiz deyil: Türkiyə ilə yanaşı, İsraildə də
qatı anti-amerikan meyllərin miqyası ilə dərinliyi sürətlə artır,
Ankara və Təl-Əviv amerikalıların daim onlardan istifadə etməyə
çalışdıqlarının fərqinə vararaq müstəqil siyasət yürütməyə
meyllənirlər.

Türkiyənin şimal-qərbində və qərbində Yunanıstanla Kiprdə,
cənubunda İraq və Suriyada hərbi bazalar yaradan ABŞ indi
Ermənistanda hərbçilərinin sayını artırmaqla həm Cənubi Qafqazda
hərbi mövcudluğunu gücləndirir, həm də qardaş Türkiyənin sərhədləri
ətrafında hərbi qruplaşmalar təmərküzləşdirərək Ankarada
Vaşinqtonla hərbi ittifaqın alternativsizliyi ilə təlaş hissləri
yaradaraq Türkiyəni Ağ Evin maraqları ilə daha geniş müstəvidə, özü
də tam hesablaşmağa vadar etmək istəyir.

ABŞ Gürcüstanda da hərbi kontingentini yerləşdirmək istəyirdi,
lakin rəsmi Tbilisi buna qətiyyətlə etiraz edib. Vaşinqtonun
Gürcüstanla bağlı hərbi planlarından vaz keçəcəyi real təsir
bağışlamadığından Cənubi Qafqazda daha bir gərginlik arealı
formalaşacaq.

Birləşmiş Ştatların dünyanın müxtəlif məkanlarında olduğu kimi,
Cənubi Qafqazda da yeritdiyi siyasət və davranışı geosiyasət
nəzəriyyəsinin banilərindən sayılan Helford Con Makkinderin
postulatilarına tam uyğundur. Xatırladaq ki, Makkinder
nəzəriyyəsinə görə, Qərb Avrasiyanın “döyünən ürəyi” olan
“Hartlend”i mühasirəyə almalıdır.

İdealda təbii ki, Birləhmiş Ştatlar Azərbaycanda da hərbi
mövcudluğunu gücləndirmək istəyir, buna can atır.

Xatırladaq ki, məşhur amerikalı siyasi analitik Pol Qobl
demişdi: “Gürcüstan – yol, Ermənistan – alət, Azərbaycan isə
mükafatdır”.

Ermənistana vədlər verən, İrəvanı dəstəkləyən və aprelin 5-də
Brüsseldə İrəvana yardım strategiyasını açıqlamağa hazırlaşhan Qərb
bu minvalla Rusiyan Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqla yanaşı,
Azərbaycana, Türkiyəyə və İrana qarşı sürəkli təzyiq vasitəsi
formalaşdırmaq niyyətindədir.

Vaşinqton Cənubi Qafqaz bölgəsində gərginliyi artırmaq, region
ölkələrinin ABŞ hegemoniysına uyğun siyasət yürütmələrini təmin
etməyə çalışır.

Bu isə heç bir müstəqil ölkə üçün yaxşı ssenari deyil.