Advertisement

Zakir Həsənov Türkiyə nümayəndə heyəti ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının
Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri
cənab Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə
görüşüb.

Trend MN-ə istinadən xəbər
verir ki, qonaqları salamlayan general-polkovnik Z.Həsənov onları
ölkəmizdə görməkdən məmnun olduğunu bildirib, bu cür görüşlərin
qarşılıqlı əməkdaşlığımızın genişləndirilməsi baxımından mühüm
əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Müdafiə naziri Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən
birgə istehsalat layihələrinin iki qardaş ölkənin ordularının
müdafiə qüdrətini daha da artıracağına əminliyini ifadə edib.

Cənab H.Görgün öz növbəsində göstərilən qonaqpərvərliyə görə
general-polkovnik Z.Həsənova minnətdarlığını bildirib, dövlət
başçılarımızın səmimi münasibətlərinin digər sahələrə olduğu kimi,
hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud olan ikitərəfli
hərbi əməkdaşlığın hazırki vəziyyətindən məmnunluq ifadə olunub,
dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əlaqələrin
qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığı qeyd edilib.

Türkiyə Respublikasının Azərbaycandakı səfiri cənab Cahit
Bağcının və bu ölkənin aparıcı hərbi sənayə şirkətlərinin
rəhbərlərinin də iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi,
hərbi-texniki əməkdaşlığın inkişaf perpektivləri müzakirə edilib,
qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir
mübadiləsi aparılıb.