Advertisement

Azərbaycan XİN rəhbəri Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşüb

Bakı. Trend:

Aprelin 2-də xarici işlər naziri Ceyhun Bayramov Müsəlman
Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə
görüşüb.

Trend XİN-ə istinadən xəbər
verir ki, görüşdə Müsəlman Ağsaqqalları Şurası ilə əməkdaşlıq
məsələləri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının
Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri,
beynəlxalq səviyyədə İslam dininə qarşı təhdidlər, dini həmrəylik
məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov ölkəmizin İslam dünyasında birlik və
həmrəyliyin təşviqinə böyük əhəmiyyət verdiyini, bu istiqamətdə
ikitərəfli, o cümlədən regional və beynəlxalq təşkilatlar
çərçivəsində çoxtərəfli səviyyələrdə qarşılıqlı dəstək və
əməkdaşlığın inkişafının vacibliyini qeyd edib.

Ölkəmiz tərəfindən mədəniyyətlərarası dialoqun təşviqi, o
cümlədən İslamofobiya kimi təhlükəli tendensiyalarla mübarizə
istiqamətində həyata keçirilən layihələrdən bəhs edən nazir Ceyhun
Bayramov, bəzi Qərb ölkələrində İslam əleyhinə aparılan siyasətin
ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıb.

Baş katib Məhəmməd Əbdülsalam Azərbaycanın İslam dünyasında
əməkdaşlığa verdiyi töhfələrin, eləcə də postmünaqişə dövründə
sərgilədiyi mövqe və sülh təşəbbüsü ilə çıxış edən tərəf olmasının
təqdirəlayiq hesab edildiyini diqqətə çatdırıb. Ötən ilki təcrübəyə
uyğun olaraq, bu il də COP29 çərçivəsində iqlim dəyişikliyi ilə
mübarizə ilə əlaqədar dini liderlər tərəfindən birgə təşəbbüslərin
irəli sürülməsinin əhəmiyyətli olduğu qeyd edilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.