Advertisement

Aprel döyüşləri tarixi Zəfərimizə gedən yolun başlanğıcı oldu – Vüqar Rəhimzadə

Bakı. Trend:

Bu gün rəşadətli Azərbaycan Ordusunun parlaq tarixi
qələbələrindən olan Aprel döyüşlərindən səkkiz il keçir. Aprelin
1-5 tarixlərində baş verən, xalqımızın yenilməzliyinin,
məğrurluğunun növbəti nümayişi olan bu döyüşlər Silahlı
Qüvvələrimizin hansı imkanlara, gücə, qüdrətə malik olduğunu
təsdiqlədi. 30 illik işğal dövründə Qarabağ münaqişəsinin
nizamlanması prosesindən bəhs edilərkən daim bu mühüm məqam xüsusi
vurğulanırdı ki, sülh danışıqları səmərə verməyəcəyi təqdirdə hərb
yolunun seçilməsi şəksizdir. Təbii ki, bu əminlik ordu quruculuğu
istiqamətində görülən işlərə, Silahlı Qüvvələrimizin döyüş ruhunun,
qələbə əzminin artırılmasına yönələn addımlara əsaslanırdı. 2016-cı
ilin Aprel döyüşləri şanlı Zəfərimizə gedən yolun başlanğıcı,
Azərbaycan Ordusunun üzərinə düşən missiyanı şərəflə yerinə
yetirmək imkanlarına malik olmasının təqdimatı kimi çağdaş
tariximizə düşdü. 2016-cı il aprelin 2-nə keçən gecə erməni silahlı
birləşmələri cəbhə xətti boyu bütün mövqelərimizi, eyni zamanda,
mülki əhalini atəşə tutdu. Azərbaycan tərəfindən dərhal adekvat
tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilərək düşmənə qəti
cavab zərbələri endirildi. Ermənistan ordusunun canlı qüvvəsi və
hərbi texnikası məhv edildi. Silahlı Qüvvələrimiz düşməni
məğlubiyyətə uğradaraq Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının
işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad
etdi. Uğurlu əməliyyatlar nəticəsində Tərtər rayonunun Talış kəndi
istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi, strateji
əhəmiyyətli Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi azad edildi,
minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə
keçdi.

Dörd gün davam edən bu döyüşlər çoxəsrlik tariximizə şanlı Zəfər
səhifəsini yazdı. Aprel döyüşlərindən sonra xalqımızın bu gün artıq
tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin tezliklə həllini
tapacağına, torpaqlarımızın işğaldan azad edilərək əzəli və əbədi
sahibinə qovuşacağına, soydaşlarımızın doğma yurd-yuvalarına
qayıdacaqlarına inamı daha da artırdı. Aprel döyüşləri işğalçı
dövlətin və ona havadarlıq edənlərin keçmiş Qarabağ münaqişəsinin
həllində hərb yolu seçiləcəyi təqdirdə Azərbaycanın məğlubiyyətə
uğrayacağı ilə bağlı səsləndirdikləri sərsəm fikirlərin nə qədər
əsassız olduğunu bütün dünyaya göstərdi. Bu döyüşlər ermənilərin,
erməni lobbisinin və diasporunun illərdir yaratdıqları
“məğlubedilməz Ermənistan ordusu” mifini dağıtdı. Dünya Azərbaycan
Ordusunun böyük imkanlara malik olduğunun şahidinə çevrildi.

Bu fikirləri Trend-ə Yeni
Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi
elmlər doktoru, professor Vüqar Rəhimzadə açıqlamasında
bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, Aprel döyüşləri dövlətimizin,
xalqımızın, ordumuzun gücünü göstərən tarixi qələbədir. Azərbaycan
Ordusu bir daha sübut etdi ki, hər bir təxribatın qarşısı
qətiyyətlə almağa, düşməni diz çökdürməyə qadirdir. Dövlət başçısı
İlham Əliyevin Aprel döyuşlərindən sonra, 2017-ci ildə Nyu-Yorkda
BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılış mərasimindəki
çıxışında “Sual verilir: necə olur ki, despotik və orta əsrlər
rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət
uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik
Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin
bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili
standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir,
Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq
edilmir. Bu siyasətə son qoyulmalıdır” çağırışını edən Prezident
İlham Əliyev, həmçinin bildirdi ki, təcavüzkara münasibətdə bu cür
siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda,
Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar
öz terror siyasətlərini bundan sonra da davam etdirə bilərlər.
Həmin sessiyada 2016-cı ilin Aprel döyüşlərinə xüsusi diqqət
yönəldən cənab İlham Əliyev qeyd etdi ki, Ermənistan şəhər və
kəndlərimizə hücum edərək, təmas xəttində növbəti hərbi cinayət
törətdi. Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi,
onların sırasında bir uşaq da var idi. Bundan əlavə, 26 mülki şəxs
yaralandı. Yüzlərlə evlərimiz dağıdıldı. Azərbaycan öz
vətəndaşlarını müdafiə etməli oldu. Uğurlu əks-hücum nəticəsində
Azərbaycan 3 işğal olunmuş rayonda – Ağdərə, Füzuli və Cəbrayılda
bir neçə əraziləri azad etdi və öz bayrağını azad edilmiş
ərazilərdə qaldırdı. Ermənistan rəhbərliyi bu dərsi yaddan
çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının
nəticələri onlar üçün daha ağrılı olacaq.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Aprel
döyüşlərinin ardınca 2018-ci ilin Günnüt əməliyyatı Azərbaycan
Ordusunun döyüş ruhunun, qələbə əzminin növbəti təqdimatı oldu.
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Ermənistana
tarixdə heç zaman unuda bilməyəcəyi dərs verildi. 44 gündə 30 ilin
işğalına son qoymaq, tarixi ədaləti və ərazi bütövlüyümüzü bərpa
etmək, dünya güclərinin öhdəsindən gələ bilmədiyi BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsinin təkbaşına icrasına nail olmaq Azərbaycan
Silahlı Qüvvələrinin gücünü, qüdrətini nümayiş etdirdi.

Vüqar Rəhimzadə Aprel döyüşlərinin tarixi əhəmiyyəti sırasında
həmin vaxtdan başlayaraq Böyük Qayıdış prosesinə start verilməsini
xüsusi qeyd edib. Bildirib ki, Lələtəpə yüksəkliyinin azad edilməsi
nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki
əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı.
Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası və
əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci ildə imzaladığı
Sərəncama uyğun olaraq Böyük Qayıdış prosesinə start verildi. Cocuq
Mərcanlı Böyük Qayıdışın ilk ünvanı oldu. Xalqımız bu qayıdışı
böyük sevinc və qürur hissi ilə qarşıladı. Belə bir əminlik yarandı
ki, tarixi torpaqlarımıza qayıdış davamlı olacaq.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, bu gün artıq
tarixin arxivində pas atmaqda olan Qarabağ münaqişəsinin həlli üçün
möhkəm hüquqi bazanının yaradılması, həmçinin ordumuzun gücünün,
qüdrətinin artırılması, xalq-iqtidar birliyinin möhkəmliyi,
sarsılmazlığı, dünyanın müxtəlif ölkələrində yaşayan
soydaşlarımızın birliyi, həmrəyliyi gələcəyə daha böyük inamla
addımlamağımıza əsas verdi.

“Dövlətimiz daim ordu quruculuğuna xüsusi diqqət yetirərək onun
maddi-texniki bazasının möhkəmləndirilməsi, Silahlı Qüvvələrin
döyüş hazırlığının beynəlxalq standartlara cavab verməsi
istiqamətində mühüm addımlar atdı və bu gün də həmin proses davam
etdirilir. Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu
sırasında qərarlaşması bu sahədə görülən işlərin nəticəsidir.
Tarixi Zəfərimizdən üç il sonra, ötən ilin sentyabrında rəşadətli
ordumuzun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində
suverenliyimiz tam bərpa edildi. İşğaldan azad edilmiş bütün
ərazilərimizdə Azərbaycan Bayrağı dalğalandı. Xankəndi şəhərində
Zəfər paradının keçirilməsi, bu ilin mühüm hadisəsi, yeni dövrün
başlanğıcı olan 7 fevral növbədənkənar prezident seçkilərində
dövlət başçısı İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndi
şəhərində səs vermələri, Müzəffər Ali Baş Komandanın Novruz
tonqalını Xankəndidəki Zəfər meydanında alovlandırması, Xocalı
faciəsinin 32-ci ildönümünün Xocalı şəhərində qeyd edilməsi və ölkə
Prezidentinin bu məkanda rayon ictimaiyyətinin nümayəndələri ilə
görüşü, bu il keçmiş məcburi köçkünlərin Füzuli və Laçın
şəhərlərinin davamı olaraq Xankəndiyə, Xocalıya, Şuşaya, Kəlbəcərə
və Cəbrayıla qayıdacaqları və sair kimi biri-birindən mühüm
hadisələr tarixi ədalətin təntənəsi olmaqla yanaşı, Aprel
döyüşlərindən başlanan yolun xalqımıza və dövlətimizə bəxş etdiyi
möhtəşəm uğurlarıdır. Hazırda bütün işğaldan azad edilmiş
ərazilərimiz dirçəlir, cənnət məkana çevrilir. Böyük Qayıdış
Proqramının birinci mərhələsinin başa çatacağı 2026-cı ilədək 140
min soydaşımızın doğma yurd-yuvasına qayıdışı hədəflənib.

Bu gün hər bir azərbaycanlı səkkiz il əvvəl Lələtəpədə ucaldılan
Azərbaycan Bayrağının işğaldan azad edilmiş bütün torpaqlarımızda
dalğalanmasından böyük qürur hissi keçirir”, – o qeyd edib.