Advertisement

Stefan Sejurnenin Azərbaycana qarşı əsassız iddiaları sülh prosesinə mane olmaq səylərinin nümunəsidir – XİN

Bakı. Trend:

Aprelin 2-də Fransanın Avropa və xarici işlər naziri Stefan
Sejurnenin Parisdə ABŞ dövlət katibi ilə birgə mətbuat konfransı
zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar növbəti
dəfə Fransanın bölgədə açıq-aşkar gərginlik yaratmaq və sülh
prosesinə mane olmaq səylərinin bariz nümunəsidir.

Trend-in
məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi
Ayxan Hacızadə Fransanın Avropa və xarici işlər naziri Stefan
Sejurnenin ABŞ Dövlət katibi ilə birgə mətbuat konfransında
Azərbaycana qarşı səsləndirdiyi iddiaları şərh edərkən
bildirib.

“Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında
saxlayan, 1 milyona yaxın azərbaycanlını öz doğma torpaqlarından
didərgin salan, kütləvi qırğınlar və insanlıq əleyhinə cinayətlər
törədən Ermənistanın Fransa tərəfindən sülhpərvər ölkə kimi təqdim
edilməsi bu ölkənin həm vasitəçiliyi dövründə, həm də 44 günlük
vətən müharibəsindən sonra yürütdüyü siyasətin nə qədər saxta
olduğunu nümayiş etdirir.

Bununla yanaşı, Ermənistanın geniş şəkildə silahlanmasını həyata
keçirən, bölgədə militarizmi təşviq edən Fransa tərəfinin
Azərbaycanı aqqressiv ritorikada təqsirləndirməsi
qəbuledilməzdir.

Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev
sahibliyi kimi məsul vəzifəni yerinə yetirdiyi bir dönəmdə, ölkənin
imicinə xələl gətirmək məqsədi güdən və sədrliyimizi hədəf alan bu
kimi çağırışlardan çəkinilməsinin Fransa və dünyamız üçün daha
faydalı olacağını hesab edirik.

Məhz Fransa kimi ölkələrin son 30 ildə Ermənistanın təcavüzünü
ört-basdır edən siyasətinin heç bir fayda vermədiyi hər kəsə aydın
olmalıdır. Bununla, Fransa tərəfi anlamalıdır ki, onun tərəfindən
həyata keçirilən bu kimi destruktiv fəaliyyətə nə qədər ki, son
qoyulmayıb, bu həm Fransanın zərər görmüş imicinə, həm də hər
vəchlə müdafiə etdiyi Ermənistana xeyir gətirməyəcək”, – deyə Ayxan
Hacızadə qeyd edib.