Advertisement

Aprel döyüşləri böyük Zəfərin başlanğıcı oldu – Azər Qarayev

Bakı. Trend:

Əslində Azərbaycan xalqının birliyinin, qələbəyə inam hissinin
rəmzi olan aprel döyüşləri bütün dünyaya tezliklə ədalətin bərpa
olunacağı anonsunu vermişdi.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

A.Qarayev bildirib ki, 2016-cı il aprelin əvvəllərində
Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan
silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz
qalanda Azərbaycan Ordusu əks-həmlə ilə təxribatların qarşısını
aldı.

“Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl
rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun
Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bir
sıra mövqelər düşməndən azad olundu. Düşmənin atəş nöqtələrinə və
artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat orqanları
tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində
Azərbaycan Ordusu irəlilədi. Azərbaycan bayrağı Lələtəpə
yüksəkliyində asıldı”, – deyə A.Qarayev əlavə edib.

Politoloq qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin
qeyd etdiyi kimi, Qarabağ ölkəmizin ayrılmaz hissəsi kimi
Azərbaycanın tərkibində həmişə olub, bu gün də onun tərkibindədir,
gələcəkdə də olacaq.

“Azərbaycan xalqının birliyinin, bütövlüyünün, qələbəyə inam
hissinin rəmzi olan Aprel hadisələri bir daha bütün dünyaya
Azərbaycanın qələbə əzmini, tezliklə ədalətin bərpa olunacağını
bəyan etdi və tarixi ədalət bərpa olundu.

Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı düşməni diz
çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi
bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu. İşğaldan,
əsirlikdən azad edilən torpaqlarımız əsl sahiblərinə
qaytarıldı.

Ötən il baş tutan lokal anti-terror tədbirindən sonra isə 24
saat ərzində Azərbaycan ərazisində olan qanunsuz Ermənistan
silahlıları ağ bayraq qaldıraraq təslim oldular. Azəbaycan ərazi
suverenliyini tam bərpa etdi, ölkəmizin tarixində yeni mərhələnin
başlanğıcı qoyuldu”, – deyə A.Qarayev bildirib.

A.Qarayev vurğulayıb ki, aprel döyüşləri böyük Zəfərin
başlanğıcı kimi tariximizə yazıldı, ən müasir silah və texnika ilə
tam təmin olunmuş Azərbaycan Ordusunun, peşəkar, vətənpərvər,
qəhrəman əsgərlərimizin gücünü nümayiş etdirdi.