Advertisement

Paşinyan Ermənistanı qurban verir – Trend.Az

Emmanuel Makronun planlarında sülhün və stabilliyin
bərqərar olduğu Cənubi Qafqaz yoxdur. Fransa bölgəmizi bitmək
bilməyən münaqişələr, qarşıdurmalar və gərginlik məkanı kimi görmək
istəyir. Əfsuslar olsun ki, Fransa bu istəklərində, planlarında və
niyyətlərində tək deyil.

Belədirsə, nə etməliyik? Aprelin 5-də Belçikanın paytaxtı
Brüsseldə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, ABŞ-ın
dövlət katibi Entoni Blinken və Ermənistanın baş naziri Nikol
Paşinyan arasında görüş olacaq.

Nikol Paşinyan aprelin 5-də Brüsseldə keçiriləcək görüşlə bağlı
hakim partiyanın deputatları arasında böyük ümidlər yaradıb və
bunun Ermənistanın və onların hökumətinin xilası üçün kosmik
əhəmiyyət daşıyan müstəsna hadisə olacağını deyib.

İrəvanda çıxan “Hraparak” qəzetinin yazdığına görə, Ermənistanda
iqtidarda olan “Mülki Müqavilə” partiyasının üzvləri nəfəsləri
kəsilib bunu gözləyirlər. Bu, son nəticədə Ermənistanın hara
gedəcəyini müəyyən edir. Əgər Qərb “dəstəkləyici” bəyanatlarla
yanaşı, əməli addımlar atsa və Ermənistana külli miqdarda vəsait
ayırsa, bunun sayəsində Rusiya iqtisadiyyatından ayrılmaq mümkün
olarsa, Ermənistan hakimiyyəti təhlükəsizlik vektorunu Rusiyadan
Qərbə dəyişməkdən çəkinməyəcək: “Söhbət bir neçə milyondan yox, bir
neçə milyard dollardan gedir”.

… Qərbin bölgəmizlə bağlı mövqelərində aşkar dualizm və ikili
yanaşma var.

Bir tərəfdən ABŞ, Fransa və Avropa İttifaqı problemlərin,
xüsusilə də Azərbaycanla Ermənistan arasındakı müşküllərin
beynəlxalq hüquq çərçivəsinldə həllini mütləq saydıqlarını deyir –
digər tərəfdən özləri beynəlxalq hüququn prinsiplərini və
normalarını saymazdan gəlirlər.

Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalında olduğu 30
il ərzində rəsmi Bakının məhz beynəlxalq hüquq normalarına
əsaslanan tələblərini Ermənistan rədd edirdisə, Qərb nəzərə
almırdı.

Hüquqdan və məntiqdən, habelə siyasi əxlaqdan tam kənar olaraq
Qərb sözdə münaqişənin dinc danışıqlar vasitəsilə nizamlanmasına
tərəfdar olduğunu deyir, əməldə isə işğalçı Ermənistana tam dəstək
verirdi.

Həmin proses indi də davam edir.

Qərbin hələ də nəzərə almaq istəmədiyi əsas nüanslardan biri
Ermənistanın hakimiyyət dairələrinin iqtidardakı şəxsdən və
qüvvədən asılı olmayaraq qarşılıqlı anlaşmanı danışıqlard
prosesində əsla qəbul etməyərək, prinsipial şəkildə aqressiyaya,
güc tətbiqi, revanşizm və ərazi iddiaları ritorikasına sadiq
qalmasıdır.

Cənubi Qafqazın mövcud siyasi landşaftını anlamaq üçün bəhs
etdiyimiz nüansın Qərb tərəfindən dərk edilməsi yaxın perspektivdə
yetərli sayıla bilərdi.

Lakin olmur – Qərb əvvəlki taktiki gedişlərini yeniləri ilə
əvəzləsə də, strategiya dəyişməz qalıb.

Brüsseldə aprelin 5-də keçiriləcək konfrans və ABŞ- Avropa
İttifaqı-Ermənistan üçbucağı çərçivəsində ermənilərə hansısa
təhlükəsizlik təminatının verilməsini nəzərdə tutan anlaşmanın
imzalanmasını rəsmi İrəvanla Qərb mediası iki il əvvəl Fransanın,
Almaniyanın və Britaniyanın Ukrayna ilə imzaladığı təhlükəsizlik
təminatı sazişinə bərabər tuturlar.

Bu isə yumşaq desək, yalandır və çox bərbad propaqandadır.

Çünki Ukraynadan fərqli olaraq, Ermənistanın təhlükəsizliyi
uğrunda heç bir Qərb dövləti on milyardlarla dollarlıq vəsaitdən
keçməyəcək, Ermənistana minlərlə hərbi təlimatçılar və könüllülər
yollamayacaq.

Bunun müqabilində ABŞ, Fransa və Avropa İttifaqı Ermənistana
siyasi, iqtisadi, maliyyə və ən əsası, hərbi-texniki yardımlar vəd
edir.

Birləşmiş Ştatların və Avropa İttifaqının hansısa formatda
Ermənistanla hərbi pakt imzalaması, yaxud hərbi-siyasi blok
yaratmaları illüziyadır. Ermənistan siyasətçilərinin, baş nazir
Nikol Paşinyan administrasiyasının və erməni diasporunun
xəyallarında bu məqam ciddi yer alsa da, Vaşinqton və Brüssel üçün
İrəvan geostrateji vahid qismində həddən ziyadə önəmli deyil.

Təbii, Qərb ermənilərdən daim istifadə edib və indi də Cənubi
Qafqazla bağlı ssenarilərində Ermənistana əlverişli mexanizm
qismində yer ayırıb.

Ermənistanın baş naziri Nikol Paşinyan bunu bilir və anlayır.
Sadəcə, İkinci Qarabağ Müharibəsində tam kapitulyasiyaya uğramış
İrəvan sülh danışıqlarındakı mövqelərini möhkəmlətmək üçün bütün
vasitələrə əl atır, həmçinin, ordusunu sürətlə silahlandırmaq
vasitəsilə proseslərə müəyyən təsir imkanlarına yiyələnməyə
çalışır.

Daha konkret olsaq, Paşinyanın başlıca məqsədi rəsmi Bakıda
kiçik də olsa, narahatlıq və təlaş yarada biləcək hərbi potensiala
yiyələnərək sülh sazişinin imzalanmasına yönəlmiş danışıqlarda
yerini möhkəmlətməkdir.

Fransanın və ümumiyyətlə, Qərbin yardımları ilə Ermənistan
ordusunun qalıqlarının sürətlə silahlandırıla biləcəyi, bunun da
sonradan Azərbaycana «gərəkli təsir effekti» yaradaacağı ilə bağlı
absurd fikri Paşinyanın şüuruna kim təlqin edib – hələ də
bilinmir.

Sadə həqiqət budur ki, Ermənistanın silahlı qüvvələrinin normal
ordu vəziyyətinə çatdırılması və bu minvalla Cənubi Qafqazdakı
mövcud hərbi balansı dəyişdirmək rıçaqlarına yiyylənmək üçün
İrəvana minimum 10 il gərəkdir.

Bu, hadisələrin ermənilər üçün ən münasib və rahat inkişaf
variantıdır.

Ermənistanı total dəstəklədiyini bəyan edən və xarici
siyasətində erməni vektoruna əlahillə yer ayırdığını fasiləsiz
vurğulayan Fransa ilə yanaşı, Birləşmiş Ştatlar və Brüssel də
N.Paşinyana verdikləri vədlərin tam əksəriyyətinin irreal olduğunun
fərqindədirlər.

Onların məqsədi Qərbin vədlərindən cuşa gələrək az qala ekstaz
vəziyyətinə düşərək xəyallara qapılan Ermənistan rəhbərliyini
avantürist addımlara, düşünülməmiş qərarlara vadar etməkdir.

Beləliklə, ABŞ, Fransa və Avropa İttifaqı vasitə qismində
istifadə etdikləri Ermənistan vasitəsilə Cənubi Qafqazdakı
proseslərin məcrasını dəyişməyə, gərginliyi artırmağa və strateji
mənafelərini təmin etməyə hazırlaşırlar.

Təbii ki, Ermənistanın maraqlarını, dövlət mənafeyini,
vətəndaşlarının gələcəyini düşünmədən hazırlanmış ssenarilərdə
qonşu ölkənin perpsektivləri heç yxaşı görünmür.

Nikol Paşinyan cəlb olunduğu məkrli oyunun fəsadları ilə
qarşılaşacaq.

Amma dəfələrlə dediyimiz kimi, onda gec olacaq.

Çox gec…