
Bakı. Trend:
2024-cü ilin hazırlıq planına uyğun olaraq, Müdafiə Nazirliyinin
Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri
ilə iş üzrə şöbəsinin nümayəndələri “N” hərbi hissəsində olub,
hərbi qulluqçu və mülki işçilərlə görüş keçiriblər.
Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, görüş çərçivəsində
Azərbaycan Ordusunda hərbi qulluqçuların maarifləndirilməsi,
onların mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və milli-mənəvi
dəyərlərimizin təbliği məqsədilə maarifləndirici söhbətlər
aparılıb.
Həmçinin, hərbi qulluqçu və mülki işçilərə inkişaf etmiş
ölkələrin ordularında insan hüquqları və gender bərabərliyi
sahəsində həyata keçirilən fəaliyyətlər barədə məlumatlar verilib,
onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Azərbaycan Ordusunda gender bərabərliyinin təmin
olunması istiqamətində mühüm addımlar atılır, hərbi qulluqçular və
mülki əməkdaşlar arasında geniş maarifləndirmə işləri aparılır.





























