
Bakı. Trend:
Ermənistanı Azərbaycana dəqiq mina xəritələrini çatdırmağa
çağırırıq.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə
Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
“Türkiyə dünyada və regionda həm quru, həm də dəniz minalarına
qarşı mübarizəyə konkret töhfələr verən bir ölkədir. Milli
Minalardan Təmizləmə Mərkəzi vasitəsilə biz Piyada əleyhinə
minaların istifadəsinin, ehtiyatının yığılmasının, istehsalının
qadağan edilməsi və onların məhv edilməsi haqqında Ottava
Konvensiyasını və bu çərçivədə yaradılmış beynəlxalq əməkdaşlığı
dəstəkləyirik. Uzun müddətdir ki, minalarla çirklənməyə görə ciddi
təhlükə ilə üzləşən Əfqanıstan və işğaldan azad etdiyi torpaqlarda
aşkar edilməmiş çoxlu minaları olan Azərbaycan kimi ölkələrin
təhlükəsizlik narahatlıqlarını bölüşürük”, – deyə Türkiyə XİN qeyd
edib.
Məlumatda o da vurğulanıb ki, Türkiyə mina riskləri ilə mübarizə
aparan ölkələrə dəstəyini davam etdirəcək.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası
mina və partlamamış hərbi sursatların təhlükəsinə diqqəti cəlb
etmək məqsədilə aprelin 4-nü “Ümumdünya Mina Maarifləndirilməsi və
Minalarla Mübarizə Dəstəyi Günü” elan edib.





























