
Bakı. Trend:
ABŞ kimi dövlətin dövlət katibinin Prezident İlham Əliyevə zəng
etməsi birmənalı şəkildə dövlət başçısının qlobal müstəvidə
nüfuzunun göstəricisidir.
Bunu Trend-ə Milli
Məclisin deputatı Mahir Abbaszadə deyib.
O bildirib ki, ABŞ və Qərb də anlamaqdadır ki, Cənubi Qafqazda
istənilən bir hadisənin baş verməsi Azərbaycanın mövqeyindən,
Prezident İlham Əliyevin bu proseslərə münasibətindən asılıdır.
“Ona görə hesab edirəm ki, ABŞ kimi dövlətin dövlət katibinin
zənginin Azərbaycanın beynəlxalq mövqeyinin nə dərəcədə ciddi
olduğunu göstərir.
Digər bir məsələ ondan ibarətdir ki, Azərbaycan 5 aprel
Aİ-ABŞ-Ermənistan görüşü ilə bağlı öz mövqeyini nümayiş etdirib.
Təbii ki, Azərbaycan bu görüşün qəti əleyhinədir. Azərbaycan bilir
ki, bu görüş Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə səbəb
olacaq”, – deyə deputat bildirib.
Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazda sülh və
sabitliyin bərpa olunması ilə bağlı mövqeyini ortaya
qoymaqdadır.
“Baxmayaraq ki, Ermənistan uzun müddət Rusiyanın regionda
forpostu olub, Ermənistanın indiki hakimiyyəti bu gün həm Qərblə,
həm ABŞ ilə ciddi münasibətlərdədir. Ermənistannın birdən birə
siyasətində dəyişiklik edərək yeni qucaq axtarması, bölgəyə
Avropanın və digər hərbi strukturların hərbi birləşmələrini
gətirməyə çalışması regionda gərginliyin daha da artmasına səbəb
olacaq.
Rusiya Ukrayna ilə münasibətlərdə uzun müddət səbr göstərdi,
amma sonra müharibə qaçılmaz oldu və bu gün o müharibənin vurduğu
acı ziyanlardan həm Ukrayna, həm Rusiya böyük iqtisadi, siyasi,
hərbi çətinliklər içərisindədir. Ermənistanın da son dövrlərdə
atdığı addımlar, konkret olaraq aprelin 5-də keçiriləcək üçtərəfli
görüş və görüşdən əldə olunacaq razılıqlar son nəticədə
Ermənistanın özünü də çox çıxılmaz vəziyyətə qoyacaq, Cənubi
Qafqazda hərbi riskləri artıracaq çünki Rusiya bu məsələyə seyirci
mövqeyi nümayiş etdirməyəcək. Hesab edirəm ki, belə olan halda biz
Ermənistanın Ukrayna və Suriyadakı kimi böyük fəlakətlə üzləşdiyini
görəcəyik”, – deyə deputat əlavə edib.





























