Advertisement

Brüssel oyununa qarşı Bakı qətiyyəti

Bakı. Trend:

Sabah, aprelin 5-də Brüsseldə ABŞ-ın dövlət katibi Entoni
Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və
Ermənistanın baş naziri Nikol Paşinyan bir araya gələcəklər.

“Konfrans” adlanan bu görüşün başlıca məqsədi Qərbin Ermənistana
siyasi, iqtisadi, texniki, maliyyə, ələlxüsus da hərbi dəstəyinin
çeşidinin, formatının və miqyasının müəyyənləşdirilməsidir.

Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalanması prosesində
İrəvanın son aylarda fasiləsiz süni maneələr yaratması, şərti
dövlət sərhədinin demarkasiya və delimitasiya prosesini maksimum
dərəcədə uzatmağa çalışması artıq rutin prosesə çevrilib.

Ermənistanın baş naziri Nikol Paşinyanı cürətləndirən nüanslar
Fransanın ermənilərə verdiyi şəksiz və sərhədsiz dəstək, habelə ABŞ
və Avropa İttifaqının da İrəvanın tələblərinin “real” olduğunu
bəzən üstüörtülü, bəzənsə aşkar bəyan etmələridir.

Parisin, Vaşinqtonun və ya Brüsselin ermənilərin təhlükəsizliyi
ilə bağlı istənilən formada “təminat”lar verməsi spontan proses
deyil. Parisdən sonra Vaşinqtonla Brüssel də Ermənistan ordusunun
sürətlə silahlandırılmasında İrəvana hərbi-texniki dəstək vəd
ediblər.

Qərbin Ermənistana hamilik etməsi İrəvanın mövqelərinə avtomatik
təsir göstərəcək və Paşinyan administrasiyası sülh danışıqlarındakı
mövqeyini daha da sərtləşdirəcək.

Daha doğrusu, İrəvanın onsuz da reallıqdan uzaq, siyasi məntiqlə
bir araya sığmayan və yalnız ibarəli söz yığını ilə pərdələnən
məramları daha da aqressivləşəcək.

Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken Brüssel
toplantısının “regionda heç bir dövlətin, xüsusilə də Azərbaycanın
maraqlarına qarşı olmadığını” israrla vurğulasa da, əsla belə
deyil.

İrəvan sülhə meylli olduğunu bəyan edir və Qərb də açıqlamaları
az qala bütünlüklə təsdiqləyir, Ermənistanın sülh sazişi imzalamaq
üçün “gərəkli addımlar” atdığını vurğulayır. Elə bu səbəbdən də
Ermənistanın Avropa İttifaqına mərhələli inteqrasiyasının
dəstəklənməli və sürətləndirilməli proses olduğu deyilir.

Sözlərlə reallıq arasında ciddi fərq mövcuddur.

Belə ki, Ermənistanın Dövlət Müstəqilliyi Bəyannaməsində və
Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları, ölkəmizin
ərazisinin bir hissəsinin “erməni torpağı” sayılması faktı hələ də
qanunverici ünsür qismində qalır.

Ali qanununda Azərbaycana qarşı iddiaların yer aldığı dövlətin
hansı sülhdən və necə bəhs etməsi yetərincə maraqlıdır, amma
görünür, bəhs etdiyimiz məqamı Vaşinqtonla Brüssel önəmsiz hesab
edirlər.

Ermənistan 30 ildən bəri işğalda saxladığı 8 kəndimizi hələ də
azad etməyib, şərti dövlət sərhədinin delimitasiyası və demarkasiya
prosesinə başlamaqdan bütün vasitələrlə yayınır, regional
kommunikasiyaların bərpasına can atmır, Zəngəzür dəhlizi layihəsini
qəbul etmir və sadalanan məqamlarla bahəm, sürətlə
silahlanmaqdadır.

Eyni zamanda, Ermənistanın hakimiyyət dairələri qarabağlı
ermənilərin bu ölkə ərazisindəki “hökumət” adlandırılan separatçı
yığnağının fəaliyyətini yasaqlamır.

Xankəndindəki sabiq separatçı xuntanın keçmiş başçısı Samvel
Şahramanyana İrəvanda bina ayrılıb, binanın da girişində xuntanın
simvolikası var. Nikol Paşinyan “Ermənistanda sadəcə, bir hökumət
var: hansısa başqa “sürgündə olan hökümmət”in mövcudluğu
qanunsuzdur və bizi təhlükələrlə üzləşdirə bilər” desə də,
S.Şahramanyanın destruktiv fəaliyyəti qanunvericilik çərçivəsində
dayandırılmayıb.

İrəvanın ritorikasının aqressivləşəcəyi, bəyanatlarının
sərtləşəcəyi və Nikol Paşinyanın özgüvən hissinin meqalomanlıq
illziyasın həddinə çatacağı təqdirdə rəsmi Bakı adekvat addımlar
atmaq məcburiyyətində qalacaq. Belə addımları İrəvanın indiki
siyasəti və perspektivə hesablanmış planları zəruri edir.

Entoni Blinkenin dünən Azərbaycan Prezidenti İlham əliyevə zəng
etməsi və Brüssel görüşü barədə məlumat verməsi əslində Vaşinqtonun
danılmaz gerçəyi qəbul etməyə başqladığını göstərir.

O gerçəklik sadədir: Cənubi Qafqaz bölgəsindəki proseslərlə
bağlı heç bir halda Azərbaycanın mövqeyi gözardı edilə bilməz.

Blinkenin “Brüssel görüşü Azərbaycana qarşı yönəlməyib” iddiası
da yanlışdır və yumşaq desək, həqiqətə uyğun deyil.

Azərbaycan ərazilərinin 20 faizini 30 il işğalda saxlayan,
İkinci Qarabağ Müharibəsindən sonra bölgədə formalaşmış yeni
geosiyasi reallıqları qəbul etməyən və barışmaq istəməyən
Ermənistanın MDB məkanı daxilində indiyədək misli görünməmiş
miqyasda, formada və həcmdə dəstək vədləri alması bölgə üçün
təhlükəlidir.

Təbii ki, Bakı baş verənləri soyuqqanlıqla seyr edə bilməz.

ABŞ, Fransa və Avropa İttifaqı subyektiv, birtərəfli,
Ermənistanın və ermənilərin aşkar şəkildə dəstəklənməsindən ibarət
olan siyasəti ilə Cənubi Qafqazda regional stabillik əvəzinə,
gərginliyin pik həddinə çatmasına, qarşıdurmalar yaranmasına səbəb
olacaq.

O da aydındır ki, aprelin 5-dən sonra ABŞ və Avropa İttifaqı,
xüsusilə də Fransa Ermənistan ərazisinə daha rahat giriş əldə
etməyə çalışacaq.

Belə giriş yalnız Türkiyə ərazisindən mümkün ola bildiyindən
Qərbin rəsmi Ankaraya təzyiq cəhdləri artacaq. ABŞ və Avropa
İttifaqının əsas məqsədi Ankaranı ermənilərlə razılaşmağa vadar
etmək, belə razılaşmanın Azərbaycan-Ermənistan danışıqları və
kontekstindən kənar baş tutmasına nail olmaqdır.

Qərb 13 il əvvəl Sürix protoklları vasitəsilə belə cəhdə əl
atmışdı. Amma Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə
Rəcəb Tayyib Ərdoğanın sərt, prinsipial və qətiyyətli mövqeləri
nəticəsində Qərbin planları alt-üst olmuşdu.

Qərb Ermənistana istədiyi vədləri verərək yardımlar göstərə
bilər.

Şuşa bəyannaməsinə uyğun olaraq, Bakı və Ankara paralel yox,
birgə qərarlar verib, birgə addımlar atacaqlar.

Yəni bölgədə stabillik bərqərar olmayınca, sülh müqaviləsi
imzalanmayınca nə Türkiyə Ermənistanla sərhədlərini açacaq, nə də
Azərbaycan ermənilərin regional layihələrə qatılmasına imkan
verəcək.

Qərbin bölgədəki oyunları aktivləşəcək, təzyiq cəhdləri
güclənəcək.

Amma Qərb qarşısında tam suveren və müstəqil xarici siyasət
yürüdən, erməni revanşizminin regionu yeni təhlükə ocağına
çevirməsinə imkan verməyəcək Azərbaycanı görəcək.

Bu qədər bəsit.