
Bakı. Trend:
Azərbaycanın tarixi Zəfəri, ərazi bütövlüyünü və suverenliyini
tam bərpa etməsi ölkəmizin regionda və dünyada yerinin və rolunun
daha da artmasında, söz sahibi olmasında əhəmiyyətli rol oynayır.
Tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasətin uğurları
davamlı olmaqla yanaşı, beynəlxalq münasibətlərdə əsas faktor olan
etimad muhitinin qorunmasında da öz sözünü deməkdədir. Azərbaycanın
dünya birliyində möhkəmlənən mövqeyi günümüzün reallıqlarında
özünün aydın ifadəsini tapır. Bu məqamı xüsusi qeyd etmək lazımdır
ki, hazırkı dövrün əsas çağırışı olan sülh müqaviləsinin
imzalanması ilə bağlı aparılan danışıqlar ərəfəsində, həmçinin
ölkəmizin haqlı narazılığına səbəb olan hadisələr baş verəndə
dərhal bəzi dünya gücləri rəsmilərinin Prezident İlham Əliyevə
telefon zəngləri diqqətdən kənarda qalmır. Bu, Azərbaycanın
nüfuzunun, qətiyyətli mövqeyinin, hər bir məsələyə ədalətli
yanaşmasının göstəricisidir.
Məlum olduğu kimi, aprelin 5-də ABŞ-Avropa İttifaqı (Aİ)
-Ermənistan üçtərəfli görüşü keçiriləcək. Azərbaycan tərəfi israr
edir ki, 5 aprel görüşü təxirə salınsın. Amma Qərb bu məsələdə öz
gündəliyini irəli aparmaqda israrlıdır. 5 aprel görüşü ilə bağlı
Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir ki,
ölkəmiz dəfələrlə Avropa İttifaqının, xüsusilə də onun bəzi üzv
dövlətlərinin regionumuza münasibətdə müəyyən yanaşmaları və
fəaliyyətləri ilə əlaqədar öz mövqeyini açıq şəkildə ifadə edib.
Bəyanatda bu məsələyə xüsusi diqqət yetirilir ki, Azərbaycan 30 ilə
yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı
olduğu halda, hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın
işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz ölkəmizin
ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq,
heç zaman Aİ və ABŞ-dan bu formada birmənalı dəstək almayıb. Avropa
İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə
birtərəfli, qərəzli xarakter daşıyır və məsələyə ikili
standartlarla yanaşılmasına əsaslanır. ABŞ-Avropa
İttifaqı-Ermənistan müştərək konfransı tam şəffaf şəkildə
keçirilmir. Bu addım regionda çox ehtiyac duyulan etimad
quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans erməni tərəfini
xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü
xətlər və dırnaqarası təsir dairələri yaratmağı hədəfləyir. Aprelin
3-də ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə
telefon zəngində üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq
doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham
Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab
etdiyini bildirdi. Blinkenin zəngi və vəziyyəti izah etməyə
çalışması dövlətimizin başçısının qlobal müstəvidə nüfuzunun
göstəricisidir.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar
Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyev ABŞ Dövlət
katibi ilə telefon danışığı zamanı anti-Azərbaycan mahiyyəti
daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də
Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına
rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını xüsusi qeyd
etdi. Təəssüf ki, dünya güclərinin hüquq problemini yaşamaları
mövcud münaqişələrin həllinə öz mənfi təsirini göstərir. Bu gün
Amerikanın və Avropa İttifaqının üçtərəfli görüşə hazırlıq
prosesində Ermənistana hərbi dəstək, birgə hərbi təlimlərin
keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi
infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh
mexanizmi xətti ilə, ABŞ büdcəsi hesabına Ermənistanın
silahlandırılması kimi məsələləri də müzakirə etmələri çoxsaylı
sualların yaranmasına səbəb olmaya bilməz. Hazırkı dövrün əsas
çağırışı regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin
edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün
ölkəmizin qarşı tərəfə təklif etdiyi sülh müqaviləsinin
imzalanmasıdır. Amma görünən budur ki, bəzi dünya gücləri hər
vasitə ilə bu prosesin uzadılmasına cəhd göstərirlər. Bunu aprelin
2-də Fransanın Avropa və xarici işlər nazirinin ABŞ Dövlət katibi
ilə birgə mətbuat konfransında Azərbaycanla bağlı səsləndirdiyi
əsassız iddialar da təsdiqləyir. Belə ki, Fransanın Avropa və
xarici işlər naziri Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü
tanımamaqda, Ermənistana qarşı təhlükə mənbəyi olmaqda ittiham
edib. Görünür, Fransa rəsmisi unudub ki, sülh təklifinin müəllifi
Azərbaycandır. Həmin sülh müqaviləsi beynəlxalq hüququn 5 əsas
prinsipini özündə ehtiva edir ki, onlardan biri tərəflərin
biri-birinin ərazi bütövlüyünü tanımasıdır. Bununla bağlı müxtəlif
formatlarda və tərkiblərdə keçirilən görüşlərdə Ermənistanın baş
naziri Azərbaycanın sülh təklifini dəstəklədiyi halda həmin
görüşlərdən dərhal sonra fikirlərində dəyişiklik edərək qeyri-ciddi
bəyanatları ilə gündəmə gəlir. Bu da başadüşüləndir. Çünki
Fransanın məsələyə müdaxiləsi, Ermənistanın baş nazirinin Parisdən
və Vaşinqtondan aldığı göstərişlər vəziyyətin gərginləşməsinə
gətirib çıxarır. Prezident İlham Əliyev sözügedən telefon
danışığında diqqəti məhz Fransanın Avropa və xarici işlər nazirinin
qeyri-ciddi fikirlərinə yönəldərək bildirdi ki, Azərbaycan 2022-ci
ildə Praqa görüşü zamanı qəbul edilmiş bəyanata və Alma-Ata
Bəyannaməsinə sadiqdir.
Vurğulanıb ki, Antoni Blinken 5 aprel görüşünün Azərbaycana
qarşı olmadığını bildirsə də, Prezident əsaslı şəkildə bu üçtərəfli
görüşün Azərbaycanın haqlı iradlarına səbəb olduğunu, təxirə
salınmadığını önə çəkərək atılan bu addımın Cənubi Qafqazda sülhə,
əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin
yaranmasına gətirib çıxaracağını bir daha diqqətə çatdırdı.
Blinkenin görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı
məsələlərinin təşkil edəcəyi ilə əsaslandırması maraq doğurmaya
bilməz. Təbii ki, ABŞ rəsmisi Ermənistanın iqtisadi vəziyyətinin
yaxşılaşdırılmasının ən vacib yollarından birinin məhz sülh
müqaviləsinin imzalanması olduğunu bilməmiş deyil. Bu baxımdan
dünya gücləri regionda vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq
qeyri-formal görüşlərin keçirilməsinə deyil, sülh müqaviləsinin
imzalanmasına dəstək olmaqla işğalçı dövlətin iqtisadi vəziyyətinin
yaxşılaşmasına kömək etmiş olarlar. Kommunikasiyaların açılması,
yeni əməkdaşlıq formatlarının yaradılması üçün sülh müqaviləsinin
imzalanması bu gün həllini gözləyən ən vacib məsələdir. Amma
görünən odur ki, hazırlanan ssenari bu problemin həllini deyil,
Ermənistanın tam şəkildə Qərbin sərəncamına verilməsini nəzərdə
tutur. Ermənistan 30 il ərzində regionda Rusiyanın platsdarmı olub,
indi isə Fransa başda olmaqla, Qərbin hərbi platsdarmına
çevrilir.
YAP Xətai rayon təşkilatının sədri hadisələrin təhlili əsasında
belə bir ümumiləşdirməni aparıb ki, Cənubi Qafqaz regionunda
cərəyan edən geosiyasi oyunlar sanki Üçüncü Dünya müharibəsinin və
dünyanın yenidən bölüşdürülməsi ssenarisinin tərkib hissəsidir.
Əvvəlki status-kvo Azərbaycan və Türkiyədən başqa hamını qane
edirdi. Bu, Azərbaycan torpaqlarının işğalına və Cənubi Qafqazda
ikinci erməni dövlətinin yaranmasına hesablanmış ssenari idi.
Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə 44 günlük İkinci Qarabağ müharibəsində
tarixi Zəfərə imza atmaqla, həmçinin ötən il həyata keçirilən lokal
antiterror tədbirləri nəticəsində suverenliyimizi tam bərpa etməklə
regionda yeni reallıq və status-kvo yaratdı. Təəssüf ki, Qərb və
Ermənistanın digər havadarları bununla barışmaq istəmir. Bu gün ABŞ
və Avropa İttifaqının Ermənistanın təhlükəsizliyinə hansısa
“təminatlar” vermələri, silahlandırmaları, maliyyə yardımı
ayırmaları və sair kimi addımlar işğalçı dövlətin danışıqlarda
manipulyasiya etməsinə imkan yaradacaq, yekunda sülh prosesinə
zərbə olacaq. Göründüyü kimi, əksər dünya gücləri hələ də öz
maraqları naminə ədalətə və beynəlxalq hüquqa sığmayan
addımlarından əl çəkmək haqqında düşünmür, əksinə vəziyyətin daha
da gərginləşməsində, regionun yeni münaqişə ocağına çevrilməsində
maraqlı görünürlər.





























