
Bakı. Trend:
Azərbaycanla sülhə bu qədər yaxınkən Ermənistanın Avropa
İttifaqı və ABŞ ilə üçtərəfli görüşü qəbul etməsi onun ciddi bir
dövlət olmadığını göstərir.
Bu barədə Trend-in suallarını cavablandırarkən Türkiyənin
Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai
Birliyinin (İB) Türkiyə rəhbəri, Azərbaycan Ağsaqqallar Şurası
Fəxri üzvü Hulusi Kılıç bildirib.
O qeyd edib ki, Ermənistan bu gün keçiriləcək görüşdə iştiraka
ona görə razılıq verdi ki, bölgədəki sülh və sabitliyə əhəmiyyət
vermir.
“Bu bölgədə nə Avropa İttifaqının, nə də ABŞ-nin yeri var. O
Avropa İttifaqının və ABŞ-nin bölgəyə girməsi, bölgə ilə bağlı
qərar qəbulu hörmətsizlikdir. Qərb Ermənistanı müvəqqəti olaraq öz
təhlükəsizlik çətiri altına ala bilər, ancaq bölgə ölkəsi olan
Ermənistan Rusiya, Türkiyə, Azərbaycan və İranla yaxşı yola
getməlidir. Uzaqdakı ölkələrin bölgəyə bir faydası yoxdur.
Ermənistana da faydası olmayacaq. Avropa İttifaqı və ABŞ-nin
bölgəni bilmədən, tanımadan bura müdaxilə etmələrinin xoş niyyətli
olmadığını çox yaxşı bilirik. Azərbaycanın torpaqları 30 il işğal
altında ikən BMT-nin 4 qətnaməsinə rəğmən, heç bir addım atmayan və
həll yolu tapmağa çalışmayan Aİ və ABŞ Azərbaycanın öz ərazi
bütövlüyünü bərpa etməsindən sonra çox narahat olduqlarını açıq
şəkildə göstərirlər.
Qərbin Ermənistana dəstək verərək onu öz çətirinin altına
salması sülh müqaviləsinin imzalanmasını gecikdirir. Ümid edirik
ki, Qərb bu davranışlarından əl çəkəcək və Ermənistanı Azərbaycanla
sülh müqaviləsi imzalamağa sövq edəcək”, – deyə H.Kılıç
bildirib.





























