
Bakı. Trend:
Ölkəmizdəki dini durum barədə həm daxildə, həm də xaricdə
qərəzli fikirlər səsləndirən şəxsləri ədalətli olmağa, real
mənzərəni düzgün qiymətləndirməyə çağırıram.
Bunu Trend-ə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.
Onun sözlərinə görə, Milli maraqlara əsaslanaraq dini etiqad
azadlığını təmin etmək dini sahədə dövlət siyasətini
səciyyələndirən əsas xüsusiyyətlərdəndir. Azərbaycanda vicdan
azadlığının və dini müxtəlifliyin təmin olunması, dövlət-din
münasibətləri modelinin möhkəmlənməsi, dinlərarası dialoqun
inkişafı və dini təhlükəsizliyə təhdidlərin qarşısının alınması
nəticəsində dini sabitlik hökm sürür. Sadaladığım mühüm ənənələrin
inkişaf etdirilməsi ilə yanaşı, zərərli dini meyillərlə mübarizənin
gücləndirilməsi, xurafatın qarşısının alınması, dini-ideoloji
təbliğat sahəsində maarifləndirmə işlərinin əhatə sferasının daha
da genişləndirilməsi, milli ruhlu, azərbaycançılıq ideologiyasına
sadiq dini kadrların hazırlanması, peşəkarlığının artırılması,
eləcə də tolerant və multikultural dəyərlərimizin beynəlxalq aləmdə
təbliği işinin davam etdirilməsi Dövlət Komitəsinin gələcək
fəaliyyətinin prioritetləri sırasındadır.
“Həmçinin, din siyasəti formalaşdırılarkən reallıqlar, təhdidlər
nəzərə alınaraq mövcud həmrəyliyin qorunması ən ümdə vəzifələrdən
biri kimi müəyyənləşdirilib. Dini icmalar arasında dərin dostluq və
mehriban əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində
işlərin daha da gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Ötən ay
keçirilən “Dinlərarası harmoniya” festivalı ölkəmizdəki dinlər və
icmalararası harmoniya mühitini əyani şəkildə nümayiş etdirmiş
oldu.
Bu festival zamanı Azərbaycandakı dini durumun möhkəm dayaqlara
söykəndiyini gördük. Yeri gəlmişkən, dini sahədə həyata keçirilən
elə işlər var ki, onların nəticəsi göz qabağındadır. Lakin bəzi
layihələr həyata keçirilir ki, onların effekti müəyyən zamandan
sonra özünü göstərir.
Bu gün birmənalı şəkildə deyə bilərik ki, Komitənin aparıcı
əməkdaşları dövlətin din siyasətini dərindən bilir, istər
prosesləri izləmək, istərsə də təhlil etmək baxımından
professionallıq nümayiş etdirirlər. Sağlam dini mühitin
formalaşması, vətəndaş həmrəyliyi və milli birliyin yaradılması
sahəsində aparılan məqsədyönlü işləri prinsipiallıq, əsl
dövlətçilik və vətəndaş mövqeyi nümayiş etdirərək həyata
keçirirlər.
Qeyd edim ki, Komitə əməkdaşları ilə dini qurumlar, din
xadimləri arasında yaranan səmərəli, işgüzar və xoş münasibətlər də
bu prosesə xeyli fayda verir.
Fürsətdən istifadə edərək ölkəmizdəki dini durum barədə həm
daxildə, həm də xaricdə qərəzli fikirlər səsləndirən şəxsləri
ədalətli olmağa, real mənzərəni düzgün qiymətləndirməyə çağırıram.
Həqiqətən bu sahənin təəssübünü çəkən, pafosdan, ictimai
demaqogiyadan kənar şəxslərin təkliflərini dinləməyə, eləcə də
müzakirələr aparmağa həmişə hazırıq”.





























