
Bakı. Trend:
Brüsseldəki görüş Cənubi Qafqazı geosiyasi qarşıdurmaya çəkmək
üçün növbəti cəhddir.
Trend-in cümə günü verdiyi məlumata görə, bu barədə Rusiya
Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Biz 2024-cü il aprelin 5-də Brüsseldə keçirilən
Ermənistan-ABŞ-Aİ formatında yüksək səviyyəli görüşü “kollektiv
Qərb”in Cənubi Qafqazı geosiyasi qarşıdurmaya çəkmək üçün növbəti
cəhdi kimi qiymətləndiririk. Regiondankənar qüvvələrin Cənubi
Qafqazın işlərinə məsuliyyətsiz müdaxiləsi, regionda sabitlik,
təhlükəsizlik və iqtisadi inkişaf üçün ən mənfi nəticələrə gətirib
çıxara bilər, yeni ayırıcı xətlərin yaranmasına, eləcə də
gərginliyin artmasına səbəb olur”, – bəyanatda deyilir.
Rusiya Xarici İşlər Nazirliyinin fikrincə, Qərb Ermənistanı
Cənubi Qafqazda son dərəcə təhlükəli planlarının həyata keçirilməsi
üçün alətə çevirmək istəyir.
“Biz bilirik ki, Vaşinqton və Brüssel Ermənistanın KTMT və
Aİİ-dən çıxmasına, Rusiya hərbi bazası və sərhədçilərinin
çıxarılmasına çalışır. Biz İrəvan rəhbərliyini Qərbin ölkəni
təhlükəsizlik boşluğunun yaranması və iqtisadiyyatda ciddi
problemlər ilə dolu olan yanlış yola yönəltməsinə imkan verməməyə
çağırırıq”, – bəyanatda deyilir.
XİN vurğulayır ki, Brüsseldə elan edilmiş qrant dəstəyinin
həcmləri Ermənistanın Moskva ilə qarşılıqlı fəaliyyətdən, Aİİ və
MDB çərçivəsində əldə etməkdə davam etdiyi çox milyardlıq fayda ilə
müqayisə edilə bilməz.
“Məhz bu amillər son illərdə ticarət dövriyyəsinin dəfələrlə
artmasını təmin etmişdir (2018-ci ildən 4 dəfə). Biz ümumi
inteqrasiya birlikləri vasitəsilə fundamental ikitərəfli sənədlərdə
və sazişlərdə təsbit olunmuş prinsiplər əsasında Ermənistanla
münasibətləri hərtərəfli dərinləşdirmək və genişləndirmək
öhdəliyimizi təsdiq edirik. Əminik ki, Rusiya-Ermənistan
müttəfiqliyinin mütərəqqi inkişafı Rusiya və Ermənistan xalqlarının
fundamental maraqlarının həyata keçirilməsinə, regional
təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcək”,
– Rusiya XİN-in bəyanatında deyilir.
XİN-dən bildirilib ki, Qərb Ermənistan-Azərbaycan
normallaşmasının fundamental əsasını – Rusiya, Ermənistan və
Azərbaycan liderlərinin 2020-2022-ci illərdə nəqliyyat və iqtisadi
blokadanın aradan qaldırılması üçün tədbirləri nəzərdə tutan
üçtərəfli bəyanatlar toplusunu məhv etmək cəhdlərindən əl
çəkmir.
“Məhz Vaşinqton və Brüsselin təzyiqi ilə rəsmi Yerevan bu
sazişlərin icrasını dayandırdı, bir çoxları üzrə, xüsusən də
qarşılıqlı nəqliyyat blokadasının aradan qaldırılması məsələsində
tərəflər qarşılıqlı məqbul həll yollarına yaxın idi. Moskva
Azərbaycan və Ermənistan arasında çoxdan gözlənilən sülhə nail
olmaq üçün hər cür kömək etməyə hazırdır.
Cənubi Qafqazda həm regional, həm də ikitərəfli xarakter daşıyan
problemli məsələlər 2023-cü il oktyabrın 23-də Tehranda keçirilən
“3+3” Məşvərət Platformasının ikinci iclasında razılaşdırılan
“regional məsuliyyət” prinsipinə uyğun olaraq həllini tapmalıdır.
Biz xarici oyunçuları bu razılaşmalara hörmətlə yanaşmağa, Yerevan
hakimiyyətini isə öz xarici siyasət xəttini qurarkən qonşu
dövlətlərin narahatlığını nəzərə almağa çağırırıq”, – Rusiya
XİN-dən bildiriblər.
Qeyd edək ki, bu gün Brüsseldə Avropa Komissiyasının Prezidenti
Ursula Fon der Lyayen, ABŞ dövlət katibi Antoni Blinken və
Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş
keçirilib.
İclasdan sonra Aİ-nin Ermənistan üçün 2024-2027-ci illər üçün
270 milyon avro dəyərində Davamlılıq və İnkişaf Planı irəli
sürəcəyi açıqlanıb.





























