Advertisement

Brüssel görüşü Qərb dairələrinin Prezident İlham Əliyevin yürütdüyü siyasətlə hesablaşmağa məcbur olduqlarını bir daha göstərdi – Sahil Kərimli

Bakı. Trend:

Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçirilən
görüşün hər nə qədər iqtisadi xarakter daşıdığı bildirilsə də, bu
təmasların Azərbaycan əleyhinə yönəldiyi, konkret olaraq Cənubi
Qafqazda sülhə ciddi zərbələr vurduğu sirr deyil. Görüşün
nəticələri və müzakirələrin detalları gizli saxlanılsa da, bir
müddət sonra məxfi məqamlar üzə çıxacağı şübhəsizdir.

Trend xəbər verir ki, bu
fikirləri AZƏRTAC-a açıqlamasında Trend BİA-nın direktor müavini,
siyasi şərhçi Sahil Kərimli söyləyib.

Siyasi şərhçinin fikrincə, hazırda görünən odur ki, Azərbaycanın
qətiyyətli mövqeyi, görüş öncəsi ortaya qoyulan sərt reaksiya ABŞ
və Avropa İttifaqını geri addım atmağa, ən azından rəsmi Bakının
maraqlarına uyğun açıqlamalar verməyə vadar etdi.

“Bir daha şahid olduq ki, Qərb dairələri Azərbaycan Prezidenti
İlham Əliyevin yürütdüyü qətiyyətli və milli maraqlara söykənən
prinsipial siyasətlə hesablaşmağa məcburdur. Çünki Azərbaycan
dövləti İkinci Qarabağ müharibəsindəki tarixi Qələbədən sonra
bölgəmizdə yeni reallıqlar yaradıb. Əlbəttə ki, bu reallıqları kim
formalaşdırıbsa, prosesi də o idarə etməlidir. Anti-Azərbaycan
qüvvələr bu reallıqları həzm etməyə bilərlər, amma hesablaşmamaq
mümkün deyil”, – deyə S.Kərimli diqqətə çatdırıb.

Bir məqamı da xüsusi vurğulayan siyasi şərhçinin sözlərinə görə,
Ermənistanı alətə çevirən ABŞ və Aİ Cənubi Qafqazda qarşıdurma
yaratmaq, yeni münaqişə ocağı alovlandırmaq və bununla da
bölgəmizdə hegemonluq etməkdə maraqlıdır. Ermənistanın
silahlandırılması, bu ölkəyə açıq maliyyə dəstəyi göstərilməsi, son
olaraq Brüsseldə aparılan gizli sövdələşmələr fonunda bölgəmizin
ciddi təhlükələr astanasında olduğu faktdır.

“Azərbaycan əvvəlki dövrlərdə olduğu kimi, bu dəfə də Qərbin
mənfur planlarını, Qafqazda gərginlik yaratmaq istəklərini fiaskoya
uğradacaq”, – deyə siyasi şərhçi əminliklə deyib.