
Bakı. Trend:
Təəssüflər olsun ki, Qərbdəki bəzi güclər Cənubi Qafqazı
müharibə zonasına çevirmək üçün fəaliyyətə keçiblər. Bu qanlı
planın icrası üçün isə vasitə kimi Ermənistandan istifadə
edilir.
Bunu Trend-ə Milli Məclisin deputatl Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, bu gün ABŞ və Aİ-nin timsalında Qərbin
müharibə komandası Ermənistanın silahlandırılması, ona maliyyə
yardımlarının edilməsi üçün hərəkətə keçiblər.
“Bu plana hansısa “missiya” adı altında ABŞ əsgərlərinin
Ermənistanda yerləşdirilməsi də daxildir. Elə aprelin 5-də
Brüsseldə keçirilən ABŞ-Aİ-Ermənistan görüşü də bu məqsədə xidmət
edir”.
Deputat bildirib ki, Azərbaycan bu addımların regiona təhlükə
törətdiyini bəyan edib və öz qətiyyətli mövqeyini ortaya qoyub.
“Məhz bunun nəticəsidir ki, ABŞ və Aİ rəsmiləri görüşdən öncə
Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək izah verdilər.
Bununla belə Azərbaycan o mövqeyində qaldı ki, bu görüş Cənubi
Qafqazda yenidən gərginlik yaratmağa xidmət edir.
Düzdür, ABŞ və Aİ Azərbaycanı əmin etmək istəyirdilər ki,
Ermənistanla bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər
Azərbaycana qarşı yönəlməyib. Amma bu iddiaların Azərbaycanı qane
etməməsi üçün ciddi əsaslar var. Xüsusilə də görüşdən sonra
Ermənistan tərəfinin cəbhədə hərbi təxribatlar törətməsi
Azərbaycanın narahatlığının əsassız olmadığını sübut edir”, – deyə
V.İskəndərov bildirib.
Deputat əlavə edib ki, Ermənistan rəhbərliyi ağlını başına
yığmalıdır.
“Azərbaycanın gücü, hərbi qüdrəti bəllidir. Digər tərəfdən,
Ermənistan unutmasın ki, Qərbə yalnız vasitə kimi lazımdır”, –
millət vəkili yekunlaşdırıb.





























