
Bakı. Trend:
Ermənistan-ABŞ-Aİ formatında Brüsseldə keçirilən görüş heç bir
halda Cənubi Qafqazda sülh prosesinin təşviqinə yönəlməyib. Bu
görüşün məqsədi regionumuzu geosiyasi qarşıdurmaya çəkməkdir.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
A.Qarayev bildirib ki, regiondankənar qüvvələrin Cənubi Qafqazın
işlərinə pozucu müdaxiləsi heç də yaxşı nəticələr verməyəcək.
“Xüsusilə o da vurğulanmalıdır ki, Ermənistana verilən dəstək
mesajları revanşist, pozucu meyillərə yönələn Ermənistan daha da
cəsarətlənə bilər. Biz bunu daha öncə də gördük, Fransanın
Ermənistanı silahlandırması bu nəticəni vermişdi”, – deyə A.Qarayev
əlavə edib.
A.Qarayev onu da vurğulayıb ki, görüşdən öncə Avropa
Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, ABŞ-ın dövlət
katibi Blinken Prezident İlham Əliyevə zənglər edərək mövqelərini
izah etməyə çalışdılar.
“Əlbətdəki, bu ilk növbədə Prezident İlham Əliyevin beynəlxalq
səviyyədə qazandığı nüfuzunun göstəricisi idi. Digər tərəfdən isə
Prezident İlham Əliyev bu dəfə də Azərbaycanın mövqeyini qəti
şəkildə sərgilədi. Bu görüşün regiondakı sülhə müsbət töhfə
verməyəcəyini tərəflərin diqqətinə çatdırdı”, – deyə politoloq qeyd
edib.
A.Qarayev onu da bildirib ki, regionda olduqca çoxşaxəli
proseslər baş verir.
“Beləki sözügedən görüşlə bağlı həm Rusiya, həm də Türkiyə açıq
mövqeyini bildirdi. Yəni bu görüşün regionda sülh və sabitlik üçün
təhlükə olduğunu yalnız Azərbaycan deyil, region ölkələri də qəbul
edir.
Region ölkələr arasında susan yeganə ölkə İran oldu. Halbuki
indiyədək regiona kənar qüvvələrin gətirilməsi məsələsində ən çox
“qırmızı xəttdən” danışan məhz İran idi. İranın bu mərhələdə
susması isə qətiyyən anlaşılan deyildi, digər tərəfdən isə hazırda
da social şəbəkələrdə İrandan Ermənistana hərbi yardımların
daşınması ilə bağlı məlumatlar yayılır. Görünür İran susmaqla
kifayətlənməyib, eyni zamanda, Ermənistanı dəstəkləməkdə davam da
edir”, – deyə A.Qarayev əlavə edib.
A.Qarayev onu da qeyd edib ki, bu gün Qərbin Azərbaycana, eyni
zamanda regiona münasibətdə tutduğu mövqe elə Qərbin özündə də
tənqid edilir, birmənalı qarşılanmır.
“Çünki burda əsas məsələlərdən biri Ermənistanın kütləvi şəkildə
silahlandırılmasıdır. Biz indiyədək Fransanın Ermənistanı
silahlandırmasını görürdük. İndi bəlli olur ki, Ermənistanın ordusu
yenidən qurulur və silahlarla təchiz ediləcək. Bununla bağlı Aİ
tərəfindən 270 milyon avro, ABŞ tərəfindən isə 65 milyon dollar
vəsaitin ayrılması nəzərdə tutulur ki, bu vəsait də 4 il ərzində
veriləcək. Bu vəsait Azərbaycanla sərhəddə müdafiə xəttinin
möhkəmləndirilməsi, müdafiə istehkamlarının qurulması və hərbi
infrastrukturun inkişafına yönləndiriləcək. Digər tərəfdən Avropa
ölkələrindən və Qərbdən fərqli adlarla Ermənistana gətiriləcəyi
gözlənilir. Bu pullar da hərbiyə yönələcək. Əgər Ermənistan
silahlanırsa, bu Azərbaycanın təhlükəsizliyini təhdid edir”, – deyə
A.Qarayev bildirib.





























