
Bakı. Trend:
ABŞ və Aİ Azərbaycanı əmin etmək istəyirdi ki, Ermənistanla
bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər Azərbaycana
qarşı yönəlməyib. ABŞ Dövlət katibi Entoni Blinken və Avropa
Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham
Əliyevə zəng edərək, görüşün Azərbaycana qarşı yönəlmədiyini izah
etməyə çalışdılar. Lakin Prezident İlham Əliyev Azərbaycanın milli
maraqlarını və mövqeyini qətiyyətlə, prinsipiallıqla qorudu,
dövlətimizin mövqeyini və proseslərin əsl mahiyyətini onların
diqqətinə çatdırdı.
Bunu Trend-ə Milli
Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, ABŞ kimi dünyanın ən güclü dövlətinin
ikinci adamının Prezident İlham Əliyevə zəng etməsi, vəziyyəti izah
etməyə çalışması dövlətimizin başçısının qlobal müstəvidə nüfuzunun
və çəkisinin göstəricisidir.
“Azərbaycan regionun ən güclü ölkəsidir, 44 günlük Vətən
müharibəsinin qalibidir, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini
təkbaşına yerinə yetirən dövlətdir və bu dövləti idarə edən, onu
indiki gücünə çatdıran, nüfuz sahibi edən bir rəhbəri, Ali Baş
Komandanı var. ABŞ bütün bunları nəzərə almamış deyil. Həm də Qərb
Azərbaycanın doğru hədəfə vurduğunun fərqindədir.
Onlar iddia edirlər ki, guya bu proseslər Azərbaycana qarşı
deyil. Ancaq Azərbaycan hər şeyi yaxşı bilir. Söhbət Ermənistana
dəstəkdən gedirsə, burada hədəf kim ola bilər? Azərbaycanın
müxtəlif diplomatik kanallarla bu görüşün təxirə salınmasını
əsaslandıraraq, istəməsinin nəzərə alınmaması bunu deməyə əsas
verir ki, Qərb Cənubi Qafqazda sülhün yaranmasında maraqlı
deyil.
Cənubi Qafqaz regionunda cərəyan edən geosiyasi oyunlar sanki
III Dünya müharibəsinin və dünyanın yenidən bölünməsi ssenarisinin
tərkib hissəsidir. Əvvəlki status-kvo Azərbaycan və Türkiyədən
başqa hamını qane edirdi. Bu, Azərbaycan torpaqlarının işğalına və
Cənubi Qafqazda ikinci erməni dövlətinin yaranmasına hesablanmış
ssenari idi. Bu oyunun qaydalarını Prezident İlham Əliyev pozdu.
Regionda yeni reallıq və status-kvo yaratdı. Qərb və Ermənistanın
havadarları bununla barışmaq istəmir”, – deyə deputat bildirib.
O əlavə edib ki, Brüssel görüşü sönük keçdi, Ermənistanın təqdim
etdiyi kimi ajiotaj yaratmadı.
“Qərbin bu ölkədəki hədəfi uzaqmənzilli deyil, rəsmi İrəvan
çalışır ki, qısa zaman ərzində çox istəyinə çatsın. Amma maneələri
aşmaq üçün ona Qərbin dəstəyi lazımdır. Rusiyadan qurtulmaq istəyən
Ermənistan həm də Avropanın və ABŞ-nin dəstəyini qazanmaq istəyir.
Sözdə dəstək vəd edən Qərbin Ukrayna kimi Ermənistanı da yarı yolda
buraxmayacağı qorxusu var. Başqa bir nüans da var, ssenari
Ermənistanın tam şəkildə Qərbin sərəncamına verilməsini nəzərdə
tutur. Ermənistan 30 il ərzində regionda Rusiyanın platsdarmı olub,
indi isə Fransa başda olmaqla, Qərbin hərbi platsdarmına çevrilir”,
– deyə deputat əlavə edib.





























