Advertisement

Avropa İttifaqının sözçüsü təxribatçı fikirləri ilə təşkilatının əsl niyyətini açıqlayıb – İcma

Bakı. Trend:

Qərbi Azərbaycan İcması Avropa İttifaqının sözçüsü Peter
Stanonun “Azadlıq” radiosunun erməni xidmətinə 6 aprel 2024-cü ildə
verdiyi müsahibəsində ifadə etdiyi təxribatçı fikirlərə münasibət
bildirib.

Trend xəbər verir ki, icmanın yaydığı bəyanatda deyilir:

“Aİ rəsmisi Ermənistana dair sualın cavabında ərazi bütövlüyü
prinsipinin əhəmiyyətindən geniş danışıb və bununla da guya
beynəlxalq hüquqa əhəmiyyət verdiklərini göstərməyə çalışıb. O,
həmçinin etnik ermənilərin Azərbaycana qayıtmasına şərait
yaradılması məsələsini də qaldırıb.

Sadə sual meydana çıxır – görəsən Ermənistan 30 il ərzində
Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlayanda Aİ harada
idi? 8 Azərbaycan kəndinin Ermənistan tərəfindən işğalının davam
etməsinə niyə hələ də susur? Nə üçün Aİ Ermənistandan sonuncu etnik
təmizləmə dalğasında qovulmuş 300 min azərbaycanlının qayıtması
məsələsini və Ermənistanda Azərbaycan mədəni irsinin kütləvi
şəkildə dağıdılması məsələsini qaldırmır?

Belə çıxır ki, Ermənistandan azərbaycanlıların qovulmasının
üstündən müəyyən müddət keçdiyi üçün onların qayıdış hüquqları daha
aktual deyil. Qərbi azərbaycanlıların 30 ildən artıq Vətən
həsrətlərini onlara qarşı istifadə etmək ən böyük haqsızlıqdır.

Bütün bunlar Aİ-nin etnik və dini ayrı-seçkiliyini sübut edir.
Aİ nə insan haqları, nə də beynəlxalq hüquqla bağlı səmimi deyil.
Aİ-nin siyasəti Azərbaycandakı ermənilərin “hüququ” kimi köhnə
alətdən istifadə edərək Ermənistanı Azərbaycana qarşı təhrik
etməkdən ibarətdir.

Biz Aİ-nin təxribatçı yanaşmasını qəti şəkildə rədd edir və buna
son qoyulmasını tələb edirik.

Qayıdış məsələsində ayrı-seçkiyə yol verilməməli, qarşılıqlılıq
prinsipinə riayət edilməli və 30 ildən artıq qayıdış intizarında
olan Qərbi azərbaycanlıların qayıdışı prioritet məsələ kimi ilk
həll edilməlidir”.