
Bakı. Trend:
Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) hərbi qulluqçular arasında
sərbəst güləş birinciliyi keçirilib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Naxçıvan Olimpiya İdman Kompleksində keçirilən birincilikdə
əvvəlcə ƏÜO-nun zabiti, polkovnik-leytenant Vahid Məmmədov və
yarışların baş hakimi Hikmət Hüseynov birinciliyin məqsəd və
qaydalarını idmançı hərbi qulluqçuların diqqətinə çatdırıb.
Bildirilib ki, ordumuzda idmanın inkişafı hər zaman diqqət
mərkəzində saxlanılır, şəxsi heyətin idmana marağının artması
istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Hərbi
qulluqçular arasında təşkil edilən müxtəlif idman yarışları da
görülən işlərin davamıdır.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının hakimlərinin
idarə etdikləri yarışlarda 12 komandadan 114 idmançı mübarizə
aparıb.
Gərgin mübarizə ilə yadda qalan yarışlarda ilk 3 yerin qalibi
motoatıcılardan ibarət komandalar olub.
Şəxsi və komanda hesabında ilk üçlükdə yer alan qaliblərə kubok,
diplom və fəxri fərmanlar təqdim edilib.





























