Advertisement

Azərbaycanın dünya birliyindəki əlaqələri sürətlə genişlənir – Rauf Əliyev

Bakı. Trend:

Azərbaycanın dünya birliyindəki əlaqələri sürətlə genişlənir və
mövqeyi möhkəmlənir. Azərbaycan dövləti müstəqilliyini bərpa
etdikdən sonra bütün beynəlxalq qurumlarla açıq, konstruktiv,
bərabərhüquqlu əməkdaşlığa üstünlük verir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 20 illik rəhbərliyi
dövründə bu istiqamətdə uğurlu və ardıcıl addımlar atılıb.

Məhz cənab İlham Əliyevin siyasətinin nəticəsidir ki, ötən illər
ərzində ölkəmiz demək olar ki, bütün beynəlxalq və regional
qurumlarda təmsil olunur. Azərbaycan regionda yeni əməkdaşlıq
formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və dövlətimizin
başçısı cənab İlham Əliyevin bütün səyləri regionun inkişafına,
Qafqazda sabitliyin qorunub saxlanılmasına xidmət edir.

Cari ilin 4 aprel tarixində Konqo Respublikasının Prezidenti
Deni Sassu-Nqessonun ölkəmizə səfəri Azərbaycanın dünya dövlətləri
ilə əməkdaşlığının bariz nümunəsidir. Bu gün Azərbaycanla Konqo
Respublikası arasında siyasi, sosial-iqtisadi, hərbi və digər
sahələrdə ikitərəfli diplomatik münasibətlər mövcuddur. Səfər
çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Konqo
Respublikasının Prezidenti Deni Sassu-Nqessonun iştirakı ilə
Azərbaycan-Konqo dövlətləri arasında sənədlərinin imzalanması
mövcud münasibətlərin davamlığına əsaslanır. Hər iki ölkə başçıları
tərəfindən “Azərbaycan Respublikası və Konqo Respublikası arasında
əməkdaşlıq haqqında Bəyannamə” imzalanıb. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi
bəyanatda imzalanan Bəyannamənin çox önəmli və sanballı bir sənəd
olduğunu bildirərək bunun əməkdaşlığımızın perspektivlərini müəyyən
edəcəyini vurğulayaraq bir çox mühüm məsələlərə toxunan cənab İlham
Əliyev qeyd etmişdir ki, “Biz indicə əməkdaşlıq haqqında Bəyannamə
imzalamışıq. Bu, çox önəmli və sanballı bir sənəddir, bizim
əməkdaşlığımızın perspektivlərini müəyyən edəcək. Əminəm ki, Konqo
ilə Azərbaycan arasında güclü dostluq əlaqələri
yaradılacaqdır”.

Ölkə başçısı cənab İlham Əliyev mətbuata bəyanatı zamanı
bildirmişdir ki, “Onu da bildirməliyəm ki, Qoşulmama Hərəkatına
sədrlik dövründə bizim prioritetlərimizin içində neokolonializmə
qarşı mübarizə məsələləri durmuşdur, bu gün də bu belədir. Bizim
xarici siyasət istiqamətləri arasında bu sahə xüsusi önəm daşıyır.
Bir müddət bundan əvvəl Azərbaycanda Bakı Təşəbbüs Qrupu
yaradılmışdır. Bu, beynəlxalq qurumdur. Bu qurumun əsas məqsədi
kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı
mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən
xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa
qovuşmasını təmin etməkdir. Bakı Təşəbbüs Qrupu bu gün dünya
miqyasında böyük hörmətə malik olan qurumdur və yenə də deyirəm ki,
bu qurumun nəticələri göz qabağındadır. Biz bu gün təbii ki,
iqtisadi sahədə də əməkdaşlıq haqqında geniş fikir mübadiləsi
aparmışıq. Nümayəndə heyətlərinin üzvlərinə konkret tapşırıqlar
verilmişdir. Azərbaycan Konqoda bir çox investisiya layihələrində
iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində.
Bərpaolunan enerji sahəsində, energetika sahəsində, mədənçilik və
digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Bu gün
müzakirə aparıldı, müvafiq göstərişlər verildi və əminəm ki,
gələcək aylar ərzində bizim nümayəndələrimiz bir-biri ilə sıx
təmasda olacaqlar”. Qeyd etmək lazımdır ki, Konqo Respublikası
Afrikada Nigeriya və Anqoladan sonra üçüncü ən böyük xam neft
istehsalçısıdır. Ölkənin təqdiq edilmiş ehtiyyatları 284 milyard m3
qaz, 1.8 milyard barel neft təşkil etməkdədir. Ölkəmiz Afrika
bazarına daxil olmaqla eyni zamanda transmilli korporasiyaya
çevrilmək istiqamətində daha 1 addım atdı. Azərbaycanla Konqo
arasında diplomatik münasibətlər 2018-ci ildə qurulub və qısa
müddətdən sonra böyük prespektiv vədd edən müqavilənin imzalanması
ölkəmizin uğurudur.

Milli Məclisin deputatı,

Rauf Əliyev