Advertisement

Fransa casus şəbəkəsində həbs olunanlar sırasında daha kim var? – YENİ DETALLAR

Bakı. Trend:

Son günlər Azərbaycanda ifşa olunmuş Fransa casus şəbəkəsi ilə
bağlı məsələlər aparıcı fransız mətbuat səhifələrinin geniş
müzakirə mövzusuna çevrilib, hətta həbsdə olan Martin Ryanın atası
məsələlərdə Fransa kəşfiyyat orqanı DGSE-ni kəskin ittiham edən
müsahibələrlə çıxış edib.

Trend xəbər verir ki, bu barədə “Observer
Online
” yazır.

Aprelin 6-da yayımlanmış məqalədə qeyd edilir:

“Məlum olur ki, Azərbaycanın təhlükəsizlik orqanı tərəfindən iş
üzrə həbs edilənlərdən biri də Fransanın Azərbaycandakı diplomatik
heyətinə yerləşdirilmiş kəşfiyyatçıları ilə əməkdaşlıq etmiş
Azərbaycan vətəndaşı A.Məmmədlidir. O, Fransa vətəndaşlığının
verilməsi və maddi təminatla mükafatlandırılma müqabilində Fransa
vətəndaşı Martin Ryanla birgə geniş gizli əlaqələr qurulması və
region üzrə zəruri informasiyaların toplanılıb ötürülməsi işinə
cəlb edilməkdə ittiham olunur, müvafiq yazışmalar artıq Fransanın
xeyrinə yox, ziyanına işləməyə başlayıb.

​Həmçinin məlum olur ki, hər 2 şəxs kəşfiyyat rəsmilərinin
tapşırığı ilə dünyanın ən böyük bank şəbəkələrindən olan Fransanın
nəhəng “Societe Generale” maliyyə konqlomeratının müxtəlif
əməkdaşları ilə münasibətlər qurub, A.Məmmədli Bankın Azərbaycan
banklarında müxbir hesablarının açılması və digər məsələlərdə
banklararası müqavilələrinin tərtibində iştirak edib.

A.Məmmədlinin hansı məqsədlə uzun müddətə Şimali İrlandiyaya
göndərilməsinin səbəbləri isə hələ açıqlanmayıb.

​04 dekabrda qeyd olunan şəxslərin həbsindən və Fransa kəşfiyyat
şəbəkəsinin uzantılarının ifşasından sonra “Societe Generale”
Bankının 07 dekabr 2023-cü il tarixdə Afrikanın 16 ölkəsində
nümayəndəliklərinin fəaliyyətini dayandırması xüsusilə diqqət çəkən
məqamdır. Az zərərə düşmək üçün Bank özünün Konqo, Ekvatorial
Qvineya, Mavritaniya, Çad və digər ölkələrdəki filial qruplarını və
törəmə şirkətlərinin əmlaklarını yerli şirkətlərə satmaq şansını
əldən verməməyə və qapanmaları müxtəlif adlarla əsaslandırmağa
çalışır.

​Məsələ də ondadır ki, ümumi uğursuzluqlar “Societe Generale”
Bankının 2017-ci ildən Təhlükəsizlik üzrə Direktoru – əvvəl isə
Fransa Silahlı Qüvvələrində Kəşfiyyat və təhlükəsizlik idarəsinin
rəhbəri olmuş, “ehtiyatda” olan general Antoine Creux-un tutduğu
vəzifəyə uyğunluğu ətrafında müzakirələrə rəvac verib.

​“Societe Generale” həmin bankdır ki, gələcək milyarder Corc
Soros hələ 1988-ci ildə bankın konfidensial məlumatları hesabına
səhm alqı-satqılarında qanunsuz yolla milyonlarla vəsaitə yiyələnə
bilib varlanmış, 2002-ci ildə buna görə məhkum edilmiş, iri həcmdə
cərimə cəzası ilə yaxasını qurtara bilmişdi.
​Mövzunu diqqətdə saxlayırıq”.