Advertisement

Brüssel şousu Ermənistanın taleyini dəyişdi: Bakı indi “ağa”larla danışır

Bakı. Trend:

Brüsseldəki görüş Ermənistan üçün dərs olmadı. Baş
nazir Nikol Paşinyan və komandası hələ də Qərbin vədlərinə güvənir,
ABŞ-Fransa-Avropa İttifaqı triosunun ermənilərin təhlükəsizliyinə
tam təminat verdiklərini düşünürlər.

Qərb ermənilərin mahiyyətini anladı və gördü ki, rəsmi İrəvan
pul, təhlükəsizlik təminatı, silah, hərbi texnika və s. istəməyi
siyasi yaşam tərzinə çevirib.

Bölgə dövlətləri isə Brüssel görüşündən dərs aldılar. Xeyr,
Ermənistanla bağlı heç bir illüziya yox idi, ola da bilməzdi.

Konkret olaraq bir daha sübut edildi ki, Qərbin vədləri real
işlərdən dəfələrlə cazibədardır.

ABŞ-ın dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının sədri
Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan
arasında aprelin 5-də Brüsseldə keçirilmiş görüş, aparılmış
müzakirələrlə bağlı Vaşinqton, Brüssel və İrəvan rəsmi açıqlamalar
verdilər.

Görüşün sonucu, müzakirə edilən məsələlər barədə bəyanatlar
səsləndi.

Görüşdə ABŞ və Avropa İttifaqının Ermənistanea hərbi-texniki
yardım proqramı barədə heç nə deyilmədi. Ancvaq bu, görüşdə həmin
məsələnin nəzərdən keçirilməməsi anlamına gəlməməlidir.

“Politico”nun verdiyi məlumata görə, görüş əsnasında N.Paşinyan
Azərbaycanın son vaxxtlarda aldığı hərbi texnika və silahlar barədə
Blinkenlə Lyaynenə “informasiya verərək vəziyyəti geniş şərh
edib”.

Deduktiv metodologiyanı iş salmağa lüzum yoxdur: aydındır ki,
“Azərbaycanın sürətlə silahlanaraq ordusunun hücum potensialını
artırdığını” vurğulayan Paşinyan bunun müqabilində Ermənistanın
“təhlükəsizliyinin təminatı üçün” ABŞ və Avropa İttifaqından
silah-sursat və hərbi texnika istəyib.

Şübhə etmirik ki, “Azərbaycanın silahlanması”nın müqabilində
N.Paşinyan “mümkün təhlükənin neytrallaşdırılması” üçün Qərbdən
analoji silahlarla hərbi texnika, yaxud da total müdafiə vasitələri
tələb edib.

Brüssel görüşü barədə deyilməyən başqa məqamlar Rusiyanın
Ermənistana geosiyasi, iqtisadi, siyasi, maliyyə, mediativ, hərbi
və s. təsiri imkanlarının azaldılması, Azərbaycanla sülh sazişinin
imzalanmasına yönəlmiş danışıqlar prosesində Ermənistanın
mövqelərinin gücləndirilməsi, Ermənistan cəmiyyətində Rusiyaya
qarşı yönəlmiş meyllərin və əhval-ruhiyyənin artırılması, MDB
ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT)
sıralarını Ermənistanın mümkün qədər tez tərk etməsinə nail olmaq
da vardı.

Bununla yanaşı, ABŞ və Avropa İttifaqı Ermənistanı bölgəmizdə
geosiyasi forpostuna döndərmək, Cənubi Qafqazdakı proseslərə İrəvan
vasitəsilə ciddi təsir etmək, Ermənistanın Avrasiya İqtisadi
Birliyini tərk etməsinə və İrəvanın Moskva ilə imzaladığı
ikitərəfli strateji anlaşmaları denonsasiya etməsinə nail olmaq da
müzakirə edilib.

Rəsmi İrəvan bəyan edir ki, Brüssel görüşünün nəticələrindən
razıdır, aparılan müzakirələr ermənilər üçün uğurlu olub, İrəvanın
gözləntiləri doğrulub.

Etiraf etməliyik ki, Nikol Paşinyan administrasiyasının
mənsubları istəklərinə qismən də olsa, çatıblar.

Onlar son 32 ildə Ermənistan üçün “böyük qardaş”, hami, dayaq,
ən əsası isə iqtisadi və geosiyasi təhlükəsizliyin təminatçısı
rolunu oynamış Rusiyanı indi ABŞ, Fransa və Avropa İttifaqı ilə
əvəzləməyə çalışırlar.

Daha doğrusu, bu istiqamətdə aktiv fəaliyyət göstərirlər.

Son iki əsrdə 14 (!) dəfə olduğu kimi, bu dəfə də ermənilər
şirnikləndirici vədlərə aldanaraq özlərini yeni problemlərlə üzbəüz
qoyacaqlar. Paşinyan komandası Ermənistan vətəndaşlarına Qərbin
yardımlarını və dəstəyini qazandığını deyir.

Qərb yekcins deyil və ələlxüsus da Cənubi Qafqazda ABŞ-ın və
Avropa İttifaqının, xüsusilə də Aİ-yə liderlik etmək iddiasında
olan Fransanın maraqları tamamilə fərqlidir.

Onların hər biri Ermənistan üzərində təsiri inhisarlaşdırmağa,
öz əllərində cəmləşdirməyə, İrəvanı tam nəzarət altında saxlamağa
çalışır.

ABŞ-ın maraqlarını təxminləmək çətin deyil: Cənubi Qafqazdan
Rusiyanın çıxarılması, bölgə ölkələri üzərində təsir mexanizminə
Ermənistanın da əlavə vasitə qismində qatılması, Ermənistanla İran
arasındakı aktiv əlaqələrə son qoyulması və s.

İranla həddən ziyadə aktiv təmaslarda olan, hətta rəsmi Tehranın
“Ermənistanın sərhəd toxunulmazlığı və təhlükəsizliyi bizim qırmızı
cizgimizdir” dediyi İrəvanın belə mövqeyinin Qərb tərəfindən
indiyədək zahiri laqeydliklə qarşılanmasının səbəbi də məhz
Birləşmiş Ştatların mövqeyidir.

Vaşinqton indiyədək İrəvan-Tehran əlaqələrinin kəsilməsini
ermənilərdən tələb etməməklə onların Rusiyanın asılılığından
çıxmasınm sövq edilməsi ilə məşğul olub. Yəni ermənlərin Tehranla
təmaslarını amerikalılar bölgədə Rusiyanın Ermənistana təsirinin
azaldılmasına yönəltməyə çalışıblar və indi də belədir.

Fransanın Ermənistanı dəstəkləməkdə, silahlandırmaqda və daha
aqressiv-radikal mövqe tutmağa sövq etməkdə məqsədi bölgəmizdə
Azərbaycan-Türkiyə tandeminin möhkəmlənməsinə imkan verməmək,
Azərbaycanın İsraillə çox sıx əlaqələrindən dolayı Təl-Əvivin
regional proseslərdə iştirakını miniuma edirmək, Hindistanı
Ermənistana silah-sursat və hərbi texnika tədarükünə məcbur etməklə
Pakistanın Cənubi Qafqazla bağlı planlarının reallaşmasının
qarşısını almaqdır.

Avropa İttifaqına gəldikdə, Brüssel amerikalılarla fransızlar
arasında barraj vuraraq hər iki tərəfin maraqlarını nəzərə almağa,
eyni zamanda tərəfləri geridə qoyaraq Ermənistan ərazisindən öz
mənafeyi üçün yararlanmağa can atır.

ABŞ, Fransa, Avropa İttifaqı, Rusiya və İran arasındakı rəqabət
meydançasına çevrilməkdə olan Ermənistan sürətlə forpost statusunu
itirərək marionet vassal səviyyəsinə enir və böyük güclərin
geosiyasi layihələrinin reallaşdığı məkana dönür. Beləcə, İrəvan
Azərbaycan və Türkiyə ilə müqavilələr imzalayaraq dövlət
subyektliyini gücləndirmək əvəzinə, özünü daha da zəiflədir.

Halbuki Bakı hələ 6 il əvvəl İrəvana şans vermişdi: 2018-ci ildə
Ermənistandakı çevriliş nəticəsində hakimiyyətə gətirilmiş Nikol
Paşinyanın mövqelərinin möhkəmlənməsini gözləyən Bakı sonradan
Düşənbədəki danışıqlarda da mövqeyinii təsdiqlədi, 2018-ci ilin
dekabrında Ermənistanda keçirilmiş parlament seçkiləri ərəfəsində
təmas xəttində sakitliyi təmin etdi.

Amma Nikol Paşinyan bunu anlamadı, erməni hərbi kontingentini
Suriyaya yolladı, daha sonra Rusiya Sülhməramlı Qüvvələrinin (RSK)
Qarabağdakı fəaliyyət mandatını imzaladı, Qarabağdakı separatçı
xuntaya dəstəyi davam etdirdi, Ermənistan qoşunlarını Azərbaycan
ərahisindən çıxarmadı, Azərbaycanla şərti dövlət sərhədində Rusiya
hərbçilərinə yeni mövqelər inşa etməyə icazə verdi, Xankəndində
Ruben Vardanyanın idiotik “siyasi fəaliyyət”inə şərait yaratdı və
s.

Brüssel görüşü ərəfəsində ilk olaraq ABŞ-ın dövlət katibi Entoni
Blinkenin, daha sonra Avropa Komissiyasının sədri Ursula fon der
Lyayenin Bakıya zəng etməsi təsadüf deyil.

Əvvəllər Ermənistanla bağlı Moskvadan Bakıya zənglər edilirdi,
indi Vaşinqton və Brüsseldən.

Səbəb sadədir.

İrəvanın “hami”ləri həmişə anlayıblar ki, marionetin dediklərinə
Bakı inanmır, ciddi müzakirələr üçün havadarlar prosesə
qatılmalıdır.

Mövcud vəziyyət Qərb və Azərbaycan arasında qarşıdurma təsiri
bğışlaya bilər, amma belə deyil.

Azərbaycanla Ermənistan arasında sülh sazişi ilə bağlı
danışıqlar davam edir.

Sadəcə, rəsmi Bakı indi daha çox İrəvanla yox, ermənilərin yeni
hamiləri ilə danışıqlar aparır.

Geosiyasətdə isə “hami” kəlməsi əksər hallarda “ağa” mənasını
kəsb edir.