Advertisement

ABŞ və Aİ-nin əsl niyyəti Ermənistanı silahlandırmaqdır – QAİ

Bakı. Trend:

Məlum olduğu kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan,
ABŞ-nin Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının
Prezidenti Ursula fon der Layen arasında 5 aprel 2024-cü il
tarixində Brüsseldə keçirilmiş görüşdə Avropa İttifaqı və ABŞ
tərəfindən Ermənistana yardım göstərilməsi barədə qərarlar
verilmişdi. Mətbuata verilmiş məlumatda ancaq maliyyə yardımı
ediləcəyi bildirilsə də, əsl planların Ermənistanın
silahlandırılmasından ibarət olması heç kimdə şübhə doğurmur.

Trend-in
məlumatına görə, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında
deyilir.

Bu gün Natali Luazo başda olmaqla Avropa Parlamentinin bir qrup
Azərbaycanafob deputatı ABŞ-nin Dövlət katibi Antoni Blinkenə və
Avropa Komissiyasının Prezidenti Ursula fon der Layenə müraciət
edərək, onları sözügedən görüşün davamı olaraq Ermənistanın
“təhlükəsizliyinə” yardım etməyə çağırmışlar. Bütün bunlar
Ermənistana açıq hərbi dəstək göstərmək üçün ictimai fon yaratmağa
xidmət edir. Bu bir daha sübut edir ki, 5 aprel görüşü məhz
Ermənistanın hərbiləşdirilməsi məqsədi daşıyıb.

Saxtakar AP üzvlərinin bir milyon azərbaycanlını etnik
təmizləməyə məruz qoymuş, Azərbaycan ərazilərinin 20 faizini 30 il
işğal altında saxlayaraq viran qoymuş, 300 min Qərbi
azərbaycanlının öz evlərinə qayıtmasına hələ də imkan verməyən
Ermənistanı “demokratiya əzabkeşi” kimi qələmə verməyə çalışmaları
isə ikrah hissi doğurur.

Qərbi Azərbaycan İcması Avropa Parlamenti üzvlərinin qərəzli
müraciətini rədd edir, bir daha Aİ-ni və ABŞ-ni regionda vəziyyəti
gərginləşdirən addımlar atmamağa və Ermənistana hərbi dəstək
göstərməməyə çağırır. Aİ və ABŞ militarist siyasət yürüdən
Ermənistanı deyil, Ermənistanın törətdiyi dağıntılar və mina
problemindən əziyyət çəkən Azərbaycanı dəstəkləməli və Qərbi
azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışını təşviq
etməlidir.