Bakı. Trend:
II Qarabağ müharibəsindən sonra dünyanın mühüm tranzit
nöqtələrindən biri, Böyük İpək yolunun bir parçasını təşkil edən
Cənubi Qafqaz regionunda geosiyasi vəziyyət dəyişdi. Ermənistanın
müharibədən sonra Qərbə sürətlə inteqrasiya etmək yolunu seçdiyi
müşahidə olunur. Ancaq bu, Ermənistanın suveren dövlət qismində
seçim hüququndan istifadə etməsindən daha çox bölgəyə kənar
qüvvələrin cəlb olunması istiqamətində addımların güclənməsi ilə
müşahidə olunur. Belə ki, Ermənistan 2022-ci ildə Avropa
İttifaqının sülhməramlı missiyasını öz ölkəsinə dəvət etdi və
2023-cü ilin fevralından missiya yeni mandatla Ermənistan
Azərbaycan sərhədində fəaliyyətinə davam edir.
Ermənistan tərəfi artıq ənənəvi müttəfiqi Rusiyadan üz
döndərdiyini bir neçə dəfə açıq-aşkar ifadə edib. Baş nazir Nikol
Paşinyan 2023-cü ilin sentyabrında İtaliya mətbu orqanı “La
Repubblica”ya verdiyi müsahibədə “Bu gün rusiyalı həmkarlarımız
iddia edirlər ki, qərb hökumətləri Moskvanın Cənubi Qafqaza
təsirini azaltmaq üçün Ermənistan hökumətinə təzyiq edirlər.
Reallıq odur ki, Rusiya kortəbii şəkildə regionu tərk edir və biz
bunun səbəbini bilmirik. Bir gün oyanıb Rusiyanın artıq burda
olmadığını görə biləcəyimizlə bağlı çoxlu indikator mövcuddur”
fikrini səsləndirərək əslində yeni himayədar-müttəfiqlər
məsələsində açıq mesaj vermiş oldu.
Son aylarda atılan bütün bu addımların səbəblərindən biri də
Rusiya-Ukrayna müharibəsinə görə Rusiyanın “başının qarışması” və
Ermənistanın bu fürsətdən istifadə edərək onun yerini bölgədə
Qərbin maraqlı ölkələri ilə doldurmağa çalışması kimi qələmə vermək
olar.
Cənubi Qafqaz regionuna təsir etməyə çalışan, prosesləri
yaxından izləyən ölkələrdən biri də İran İslam Respublikasıdır.
Müharibədən sonra yaranmış yeni geosiyasi vəziyyət və hazırda baş
verənlərin İranın regional maraqlarına zidd olması aşkardır. “Ya
Qərb ya Rusiya” tandemi arasında qalaraq müstəqil siyasət
aparmaqdan hər bir vəchlə imtina edən Ermənistanın yeni müttəfiq
axtarışı əlbəttə ki, regionun digər dövlətlərini narahat etməyə
bilməz. Heç kimə sirr deyil ki, İranla Qərb dünyası arasında soyuq
müharibə gedir. Uzun illər Qərb qüvvələri Azərbaycan ərazisindən
istifadə edərək İrana qarşı əməliyyatlar aparmaq istəyində olsalar
da, Azərbaycan tərəfi buna icazə vermədi, ancaq hal-hazırda
Ermənistanın getdiyi yol həm də Qərbin İrana təsir yollarını
açmaqdadır. Əlbəttə, rəsmi Tehran da bunu görür. Məhz buna görə
2023-cü ilin oktyabrında Ermənistan Təhlükəsizlik Şurasının katibi
Armen Qriqoryan İrana dəvət edildi, üstəlik bu, Aİ ilə Ermənistanın
münasibətlərində əhəmiyyətli irəliləyişlərin qeydə alındığı Qranada
görüşündən qısa müddət öncə baş verdi. İran İslam Respublikasının
prezidenti İbrahim Rəisi Ermənistan Baş Naziri Nikol Paşinyanla
telefon danışığında Cənubi Qafqazda 3+3 formatından kənar
təmasların vəziyyəti çətinləşdirdiyini, istənilən geosiyasi
dəyişikliyin İran üçün qırmızı xətt olduğunu bildirib , Xarici
İşlər Naziri Əmir Abdullahiyan isə müxtəlif platformalarda
çıxışlarında dəfələrlə İranın regiondan kənar müdaxilələrə qarşı
olduğunu açıq-aşkar ifadə edib.
Ermənistandakı Aİ Mülki Missiyanın yerləşdiyi
şəhərlər

Qərb ölkələrindən Fransa artıq Qafanda konsulluq açmaq niyyətini
açıq ifadə edir. NATO-nun üzvlərindən Kanada, yəni Aİ üzvü olmayan
Şimali Amerika ölkəsinin də bu regiona ayaq açması məsələnin
sərhəddə sakitliyə nəzarət etməkdən uzaq niyyətlərə xidmət etdiyini
düşünməyə vadar edir. Qeyd edək ki, 2023-cü ildə Kanadanın
Ermənistanda səfirliyi fəaliyyətə başlayıb. Üçüncü tərəflərin cəlb
olunması ilə bağlı məsələ missiyanın Ermənistanda fəaliyyəti ilə
bağlı Avropa İttifaqının rəsmi jurnalında çap olunan Şura qərarının
9-cu maddəsində qeyd olunur ki, üçüncü tərəflər üzv dövlətlərlə
eyni hüquq və vəzifələrə malik olacaqlar. Bir neçə gün öncə
(aprelin 1-də) ABŞ hərbçilərinin ABŞ-Ermənistan hərbi əməkdaşlığı
çərçivəsində Ermənistana səfəri də Qərblə Ermənistan arasında
yaxınlaşan hərbi əməkdaşlığın başqa bir təzahürüdür.
Digər tərəfdən 2022-ci ilin oktyabrında Azərbaycan-Ermənistan
sərhədində fəaliyyətə başlayan sülhməramlı missiyanın bölgədə qalma
müddəti əvvəlcədən 2 aylıq müəyyənləşdirilsə də 2023-cü ilin
yanvarında 2025-ci ilin fevralına qədər uzadıldı, 2024-cü ilin
martında isə Ermənistan parlamenti Aİ-nin Mülki Missiyasının
statusu haqqında rəsmi sənədini ratifikasiya edib. Qeyd edək ki,
bir neçə gün öncə Nikol Paşinyan mətbuat konfransı zamanı bildirib
ki, Aİ-nin mülki missiyasının Ermənistan-Azərbaycan sərhədində
qalma müddəti 2025-ci ildən sonra daha iki il də uzadıla bilər .
Bütün bu dövr ərzində missiya üzvlərinin, ofislərinin sayının
artması, həmçinin mülki missiya üzvlərinin mandatının ictimaiyyətə
tamamilə açıqlanmaması müəyyən şübhələr doğurur. Heç kimə sirr
deyil ki, bu sülhməramlı qüvvələr həmin bölgədə təkcə Azərbaycan
Ermənistan sərhədinin sabitliyini qorumurlar, həm də bir addımlıq
məsafədə yerləşən İran İslam Respublikasını müşahidə edirlər, ən
azından “gözləri İranın üzərində olur”. Hər kəsə yaxşı məlumdur ki,
nüvə məsələsində İranla Qərb arasında uzun müddətdir davam edən
anlaşılmazlıqlar və bu kontekstdə Beynəlxalq Atom Enerjisi
Agentliyinin icraçı direktoru Rafael Qrossinin “Uranın
zənginləşdirilməsi məsələsində İranın pik həddə çatdığı”nı rəsmi
bəyan etməsi, həmçinin Rusiya-Ukrayna müharibəsində İranın Qərbin
müttəfiqi Ukraynaya qarşı Rusiyaya açıq-aşkar hərbi dəstək
göstərməsi münasibətlərin hazırki vəziyyətini göstərən əsas
indikatorlardır. Belə bir vəziyyətdə kollektiv Qərbin İran İslam
Respublikasının şimal sərhədlərində getdikcə siyasi və hərbi
cəhətdən möhkəmlənməyə başlaması təsadüfi xarakter daşımır. Rəsmi
Tehran Ermənistanın Qərblə əlaqələrini dərinləşdirməsinin milli
təhlükəsizliyi üçün yeni risklər yaratdığını getdikcə daha aydın
görməkdədir. Təsadüfi deyil ki, 2023-cü ilin oktyabrında Ermənistan
Respublikasının Milli Təhlükəsizlik Şurasının sədri Armen
Qriqoryanın Tehrana səfəri çərçivəsindən İran İslam Respublikasının
Baş Qərargah Rəisi ilə görüşündə Məhəmməd Beqeri rəsmi Tehranın
Ermənistan-Azərbaycan sərhədinə müşahidəçilərini göndərməyə hazır
olduqlarını və regiondan kənardan yeni aktorların peydə olmasını
mürəkkəbliyi və qeyri-sabitliyi artırdığını qeyd edib.
Beləliklə, hal-hazırkı mənzərə onu deməyə əsas verir ki, bölgəyə
kənar qüvvələri aktiv şəkildə dəvət edən və onlar üçün digər
dövlətlərə yaxından nəzarət etməyə şərait yaradan Ermənistandır.
Qərb dünyası Ermənistanda mövqelərini gücləndirdikcə bu ölkə
üzərindən “soyuq müharibə” şəraitində olduğu İran İslam
Respublikasına nəzarət etməyə, lazım gələcək təqdirdə isə
müdaxiləyə şərait yaratmağa cəhd göstərir. Nəticədə İran İslam
Respublikasının hər zaman bildirdiyi kimi, qırmızı xətlər artıq
çoxdan keçilib. Cəmi bir ay qabaq, 2024-cü ilin martında İbrahim
Rəisi İranda Ermənistanın müdafiə naziri Suren Papikyanı qəbul
edərkən “regiondan kənar qüvvələrin müdaxiləsinə icazə vermək
bölgəyə sülh gətirmir, sülhə yalnız region ölkələrinin iştirakı ilə
nail olmaq mümkündür ” ifadəsini yenidən vurğulaması İranın
Ermənistanın bölgədə nə etməyə çalışdığını gördüyünün isbatıdır. Nə
qədər ki gec deyil, rəsmi Tehran Ermənistanın Qərb üçün İrana qarşı
plasdarm rolu oynamasının qarşısını almalıdır.





























