Advertisement

“Orta dəhliz” fenomeni: Qərb Bakını dilə tutur

ABŞ-nin dövlət katibi Entoni Blinken, Avropa
Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş
naziri Nikol Paşinyan arasında aprelin 5-də Brüsseldə keçirilmiş
görüşdə müzakirə edilən məsələlər arasında İrəvanın “Global
Gateway” layihəsinə qatılma perspektivləri də
vardı.

Brüsseldə ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAİD)
direktoru Samanta Pauer ilə N.Paşinyan arasındakı görüşdə də
sözügedən məsələ nəzərdən keçirilib.

Daha doğrusu, N.Paşinyanın “regional kommunikasiyaların bərpası
və yeni logistika marşrutlarının işə salınması təşəbbüsü” kimi
təqdim edilən “Sülh yolayrıcı” layihəsinin “Global Gateway“lə uzlaşdırılması müzakirə
olunub.

Ermənistan ötən ilin sonlarından bəri “Sülh yolayrıcı”nı Cənubi
Qafqaz bölgəsində “sülh, stabillik və inkişafın rəhni” kimi təqdim
edir.

Brüssel görüşündən sonra isə rəsmi İrəvan, ümumiyyətlə,
Ermənistanın “Global Gateway”ə qatılması, TBNM-də yer alması və bu
minvalla “Rusiyanın maraqlarına xidmət edən layihə” qismində
tanıdılan “Şimal-Cənub” marşrutu ilə Zəngəzur dəhlizi
layihəsinə “real alternativ” olduğu vurğulanır.

İrəvan siyasətçiləri, dövlət mənsubları və mediası Brüssel
görüşündən sonra bir narrativi sanki xorla təkrarlayırlar: “Avropa
İttifaqı və ABŞ Ermənistanı on milyardlarla dollarlıq layihədə
görmək istəyir, Zəngəzur dəhlizi layihəsi Rusiyanın maraqlarına
xidmət edir, bu səbəbdən həmin layihəni həyata keçirməyə çalışan
Azərbaycanla Rusiyanın bölgədə güclənməsini istəməyən Türkiyə
arasında son vaxtlar münasibətlərdə sərinləşmə var, Ankara Bakını
Rusiyanın və Hindistanın maraqlarına xidmət etməkdə şübhəli
bilir”.

Həmçinin, ermənilərin propaqandasında o da bildirilir ki, “Orta
Dəhliz” layihəsinin “həyata keçirilməsində əsas qüvvə və
təşəbbüskar ABŞ-dir”. Buna “sübut” kimi ABŞ dövlət katibinin Avropa
və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayenə istinad olunur.

Sən demə, O-Brayen deyib ki, “yeni meqalayihə olan “Orta
Dəhliz”dən Ermənistan da faydalanacaq”, çünki Vaşinqtonun
bölgəmizlə bağlı əsas strategiyası “region ölkələrinin birgə
inkişafı”dır.

Ermənilər onu da deyirlər ki, sən demə, Zəngəzur dəhlizi
layihəsi “yalnız Rusiyanın maraqlarına xidmət edir, Azərbaycan bunu
dəstəkləyir, Türkiyə və Qazaxıstan isə qətiyyətlə etiraz edir”.

Marazm, idiotizm və absurd olsa da, narrativ inadla gündəmdə
saxlanılır.

“Maraqlı”dır ki, ABŞ-yə sığınmış “müstəqil bloqer”, son
vaxtlarda “siyasi-ictimai xadim” xitablarını da həzzlə qarşılayan,
de-yure azərbaycanlı olsa da, de-fakto çoxdan muzdlu xəyanət yolunu
seçmiş şəxs həmin narrativi az qala sözbəsöz təkrarlayır.

O, “YouTube” kanalında “Deyilməyənlər: İkinci “Əsrin müqaviləsi”
gəlir. Ermənistan da faydalanacaq. İran niyə susdu?” adlı xüsusi
buraxılış da edərək, Ermənistanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda
(TBNM) yer alacağını israrla vurğulayıb.

“Müstəqil bloqer” tamamilə yanlış, reallıqla heç bir əlaqəsi
olmayan iddialarını səsləndirərkən Zəngəzuru inadla “Ermənistanın
Sünik vilayəti” adlandırıb və onun dediyindən belə əyan olub ki,
ABŞ Ermənistanın da yer alacağı TBNM, yəni “Orta Dəhliz” layihəsi
Zəngəzur dəhlizinə qarşıdır.

Üstəlik, Türkiyə də Zəngəzur dəhlizi layihəsini “qəbul etmir”.
Halbuki rəsmi Ankaranın mövqeyi hələ 2020-ci ilin noyabrın sonunda
açıqlanıb: Türkiyə bölgəmizdə sülhün, stabilliyin və rifahın
bərqərar olmasında Zəngəzur dəhlizi layihəsini önəmli amillərdən
biri sayaraq tam dəstəkləyir.

Bəs yaxşı, ermənilərin və onların narrativlərini
təkrarlayanların bəhs etdikləri “Orta Dəhliz“, əslində, nədir?

… Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM və ya “Middle
Corridor”) Çindən başlayaraq Qazaxıstan, Xəzər dənizinin
akvatoriyası, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək, Avropa
İttifaqında bitən beynəlxalq nəqliyyat dəhlizidir.

Marşrut habelə Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, Bir yol” beynəlxalq layihəsinin inkişaf
variantlarından biridir ki, Böyük İpək Yolunun bərpası da sayıla
bilər.

Çinin Lyanyunqan limanından başlayaraq Sian şəhərinə, oradan
Qazaxıstanın Xorqos, Dostık şəhərlərinə, daha sonra Aktau və Kurık
limanlarına, oradan Azərbaycanın Ələt limanına, daha sornra
Tbilisi, Poti llimanına, daha sonra Türkiyənin Qars, İzmit, Mersin
və Çərkəzköyünə, oradan da Avropa İttifaqına uzanacaq TBNM
dəmiryolu və dəniz nəqliyyatı ilə konteyner daşımalarını ehtiva
edir.

Marşrutla ildə 10 milyon ton yükün, o cümlədən, 200 minədək
konteynerin daşınması nəzərdə tutulub.

Qatarlar həftədə 3 dəfə hərəkət edəcək. Marşrutu quru yolu ilə
qət etmə müddəti 12-15 sutkadır.

2017-ci ildə ilk mərhələsi istifadəyə verilmiş TBNM-in Şixezi
(Çin) – Keşlə (Azərbaycan), Lyanyunqan (Çin)- İstanbul (Türkiyə),
İlyiçevsk (Ukrayna)- Dostık (Qazazxıstan) istiqamətləri artıq
işləyir. Həmin istiqamətlərlə neft-kimya məhsulları, qara və əlvan
metallar, daş kömür, ferrolehimlər, kənd təsərrüfatı məhsulları və
konteynerlər daşınır.

Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar və Yəməndəki
husilərin Qırmızı dənizdə gəmilərə hücumlarından sonra TBNM-in
önəmi daha da artıb.

TBNM marşrutunun təsis edilməsi ilə bağlı 2013-cü ilin noyabrın
7-də imzalanmış anlaşmanı “Gürcüstan Dəmir Yolları”
SC, “Aktau Beynəlxallq Dəniz Ticari Limanı” SC, “Qazaxıstan Dəmir
Yolları” SC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” və
“Batumi Dəniz Limanı” ASC imzalayıblar.

Daha sonra layihəyə “TCDD Transportation” (Türkiyə),
“Ukrzaliznıtsya”» (Ukrayna), “Lianyungang Port Holdings Group”
(Çin), “Grampet Group” (Rumıniya), “Anaklia Development Consortium”
(Gürcüstan) və assosiasiya edilmiş üzv qismində Özbəkistan
qoşulublar.

TBNM-in idarəedici, operator şirkəti “Middle Corridor Multimodal“dır.

Avropa İttifaqı isə “Global Gateway” layihəsinə 300 milyard avro
cəlb edərək Mərkəzi Asiyada, habelə Azərbaycanda və Gürcüstanda
infrastruktur layihələrinə sərf edərək Transxəzər Beynəlxalq
Nəqliyyat Marşrutunu, yəni “Orta dəhliz”i daha da gücləndirmək
fikrindədir.

Ukraynada Rusiya və Qərb arasında qarşıdurmanın sərtləşdiyi,
Şərqi Asiyada Çinin planlarının reallaşmasına ABŞ-nin maneələr
yaratdığı indiki dönəmdə Avropa İttifaqı bütün imkanlarını işə
salaraq, Azərbaycan, Gürcüstan, xüsusilə də Mərkəzi Asiya
ölkələrini “Orta Dəhliz” layihəsində daha aktiv iştiraka sövq etmək istəyir.

Aİ planlarını reallaşdırmaq üçün əvvəllər böyük narahatlıqla
qarşıladığı Türk Dövlətləri Təşkilatı (TDT) ilə də əməkdaşlıq
etməyə hazırdır.

Brüsselin məqsədi Mərkəzi Asiyada və Cənubi Qafqazda Rusiya ilə
Çinin təsir imkanlarının artmasının qarşısını almaqdır.

Xatırladaq ki, ötən il ABŞ-nin dövlət katibi Entoni Blinkenin,
daha sonra isə Fransa prezidenti Emmanuel Makronun Mərkəzi Asiyaya
səfərlərinin məqsədləri rəsmən fərqli olsa da, mahiyyət eyni idi.
Blinken bölgədə Rusiyaya qarşı mövqelər formalaşdırmaq, Makron isə
fransızların Nigerdən qovulmasından sonra Fransada yaranmış uran
qıtlığını Mərkəzi Asiyadan alışlar hesabına həll etməyə çalışırdı,
amma onların ikisi də bölgə dövlətlərini Qərbə meyillənmiş siyasətə
sövq etməyə can atırlar.

ABŞ-nin Mərkəzi Asiya və Cənubi Qafqaza da şamil etdiyi
“Olduğundan yaxşısını inşa etmək” (“Build Back Better Plan”) strateji planı da bəhs
etdiyimiz müstəvidədir.

Bu ilin ortalarında Özbəkistanda keçirilməsi nəzərdə tutulmuş
Avropa İttifaqı-Mərkəzi Asiya sammitində müzakirə ediləcək əsas
məsələlərdən biri də elə “Orta Dəhliz” layihəsidir.

Avropa İttifaqının ticarət məsələləri üzrə ali komissarı, Avropa
Komissiyasının sədr müavini Valdis Dobmrovskis isə bəyan edib ki,
Brüsselin bölgə ilə bağlı əsas planlarından biri Xəzər dənizindən
keçməklə Asiyadan Avropaya qlobal nəqliyyat dəhlizi layihəsini
inkişaf etdirməkdir.

Yəni Avropa İttifaqı bilavasitə Azərbaycandan keçən və ölkəmizin
ciddi yer aldığı “Orta dəhliz”dən bəhs edir.

Mərkəzi Asiya ölkələrinin Avropa İttifaqına quru yolu ilə
marşrut istiqamətləri Rusiyadan, Azərbaycandan və İrandan
keçir.

Ukraynadakı hərbi əməliyyatlara görə Brüssellə Moskvanın
əlaqələri kəsildiyindən Rusiya variantı istisnadır. Avropa
İttifaqının İranla əlaqələri çox zəif olduğundan, Qərbin İrana
qarşı tətbiq etdiyi çoxsaylı sanksiyalar qüvvədə qaldığından İran
marşrutu da real deyil.

Yeganə variant və imkan Xəzər dənizindən, sonra da Azərbaycandan
keçən marşrutdur.

Məhz bu səbəbdən Avropa İttifaqı ilkin mərhələdə “Orta Dəhliz”ə
20 milyard avro, daha sonra isə 280 milyard avro sərmayə yatırmaq
fikrindədir.

Bütün bunlar Azərbaycanın Rusiya ilə əlaqələrinin zəifləməsi və
ya “Orta Dəhliz”in Moskvanın maraqlarına qarşı olması anlamına
gəlməməlidir.

Rusiya Azərbaycanla yanaşı, bölgə ölkələrinin hamısı üçün önəmli
tərəfdaşdır və belə də qalacaq.

Üstəlik, ölkəmizin Rusiya ilə birlikdə “Şimal-Cənub” və “3+3”
layihələrini də reallaşdırdığını unutmayaq.

Ermənistana və erməni propaqandasının narrativlərini
təkrarlayanlara gəldikdə isə, onlara xəyallar aləmini tərk edərək,
reallığı görmələrini məsləhət görürük.