
Bakı. Trend:
Aprelin 10-da, saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin
(DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının
Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd
döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki
Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət
sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan
ərazisinə keçirməsi aşkar olunub.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Trend-ə bildirilib
ki, dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd
naryadımıza Ermənistan Silahlı Qüvvələrinin döyüş postundan atəş
açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb.
Hərbi qulluqçu təxirə salınmadan tibb müəssisəsinə təxliyə
olunub.
Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti
altındadır.
Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam
şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.





























