
Bakı. Trend:
Cənubi Qafqazda geosiyasi təlatüm yaratmaq istəyənləri
görmək üçün əlavə biliyə sahib olmaq, öncəgörücü olmağa ehtiyac
yoxdur. Avropanın siyasət paytaxtında – Brüsseldə keçirilən
ABŞ-Avropa İttifaqı-Ermənistan görüşü (ABŞ Dövlət katibi Antoni
Blinken, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və
Ermənistanın baş naziri Nikol Paşinyan) Qərbin İrəvanın
təhlükəsizliyinə dair vədlərə ehtiyatlı yanaşdığını bir daha
göstərdi. Ermənistanın gələcək trayektoriyası üçün hərbi aspektlər
və silahlanma xətti müzakirə masasına yatırıldığı bu görüş zamanı
verilən bəyanatların ümumi məzmunu artıq hər kəsə
bəllidir.
Hadisələrin ən kuliminasiya nöqtəsi bu qüvvələrin 4 illik
kreditlə Ermənistana ayrılan kredit məbləğinin açıqlanması oldu.
Məlum oldu ki, Ermənistana Avropa İttifaqından 330 milyon avro,
ABŞ-dən isə 65 milyon dollar dəstək paketi ayrılması qərara alınıb.
Əslində bu rəqəmlər görüşün mahiyyətini gizlətmək üçün edilən
gedişlərdən biri idi desək yanılmarıq. Milyonluq yardım ABŞ-Avropa
İttifaqı-Ermənistan görüşünün əsl mahiyyətinin iqtisadi pərdələrlə
örtülməsi üçün düşünülümüş addımlardan biri idi.
Brüssel danışıqlarında Cənubi Qafqazdakı geosiyasi gerçəklik və
Azərbaycanın ərazi bütövlüyünün hüquqi nöqteyi nəzərdən müzakirə
predmetinə çevrildiyi də gün kimi aydındır. Bu görüşdən əvvəl
Qərbdən Bakıya gələn zənglər əslində baş altına qoyulan yastıq
təsiri bağışlayırdı. Çünki Qərbin Ermənistana qoyduğu
investisiyanın təhlükəsizliyini mühafizə edəcək ideyaları onun
regionda hərbi möhkəmlənməsinə cəhdlərin elanından başqa bir şey
deyildi. Qərb Rusiyanı heydən salmaq üçün bu dəfə açıq-aşkar
Ermənistanı qurban verərək regionda Kremlə qarşı cəbhə açmaq
planını işə saldı.
Reallıq isə olduğu kimi qalır: Bütün bunlar 44 günlük
müharibədən sonra baş verməli olan geosiyasi dəyişikliklərin
(Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi,
Ermənistan-Türkiyə normallaşması, regional kommunikasiyaların
açılması) olmaması fonunda baş verir. 2020-ci ilin sonundan bəri
dünyada, xüsusən də qonşu regionlarda vəziyyət tədricən dəyişib.
Ukraynadakı müharibə, Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi və
digər nəqliyyat logistikalarında yaranan çətinliklər dünya
aktorlarının Cənubi Qafqaza diqqətinin bir xeyli artmasına gətirib
çıxarıb. Çox aydın şəkildə görünür ki, bölgəyə yeni oyunçular
diqqət yetirməyə, müdaxilə cəhdlərinə başlayıb.
Bütün bu proseslər Brüsseldə baş tutmuş ABŞ-Avropa
İttifaqı-Ermənistan konfransında Ermənistanın sosial və iqtisadi
sferada dəstəklənəcəyi barədə vədlərin verildiyi bir proseslər
fonunda edilir. Qərb əsas hədəfin Ermənistanın Rusiyadan
asılılığının azaldılması, bu istiqamətdə iqtisadi dayanıqlığının
gücləndirilməsi olduğunu qəti gizlətmək fikrində deyil.
Gedişat deməyə əsas verir ki, hər şey təzədən başlayır.
Ermənistanın Qərb macərasının bizə və regiona təsirləri növbəti
mərhələlərdə daha aydın şəkildə hiss ediləcək.
Blinken və fon der Leyenin 5 aprel görüşündən öncə Bakıya zəng
etmələri “balans siyasətinə” əməl etdiklərini göstərmək olsa da, bu
sadəcə Azərbaycana “bizim oyunumuz Rusiyanın başındadır” mesajı
vermək üçün atılan addım kimi də şərh edilə bilər. Amma rəsmi
Bakıda da çox yaxşı bilir ki, Qərbin Ermənistana dəstəyinin
hədəflərindən biri Rusiyanın Ermənistana təsirini zəiflətmək
dayanırsa, Azərbaycanla danışıqlarda Ermənistanın mövqeyini
gücləndirmək məsələsi də istisan edilə bilməz.
Paşinyan Qərbin Ermənistana dəstəyindən maksimum istifadə edib,
Rusiyanı 30 il oynadığı rolda Qərblə əvəz etməyə çalışır. Bu,
əslində heç də yeni deyil. Rəsmi İrəvanın hazırda “xoşuna gələn
başqa bir kişiyə ərə getmək üçün ondan ayrılan qadın”a bənzəyir.
Əslində isə Ermənistan üçün dəyişən ciddi bir proses yoxdur. Çünki
Ermənistan yenə forpost rolunu seçir və bu, Paşinyanın şüurlu
seçimidir.
Min ayının oyunu bir armudun başındadır! Amma bu dəfə deyəsən
bütün oyunlar bir “ayının” pusquya salınaraq ondan yaxa
qurtarılması üçün atılıb. Lakin bu böyük xəyanətə praktiki reaksiya
verməyən Rusiya, eləcə də Cənubi Qafqazda tez-tez “qırmızı
çizgisindən” bəhs edən İran nədənsə İrəvanın ikitirəliyini
susqunluqla izləməsi ortaya bir çox suallar çıxarır.
Deyəsən, İrandan fərqli olaraq Ermənistanın addımlarına qarşı
mütəmadi bəyanatlar səsləndirən rəsmi Moskva İrəvan ilə qarşılıqlı
ittihamlarla ictimai qarşıdurmanı imitasiya edib, reallıqda isə bu,
qarşılıqlı maraqları təmin etmək üçün planlaşdırılmış taktika
abu-havasının yarandığını özü kənardan müşahidə edə bilmir.
Rusiya anlamalıdır ki, Ermənistanın bu gün regiondakı vəziyyəti
qıəlizləşdirməyə hesablanmış istənilən addımı daha çox Kremldə hiss
ediləcək. Çünki rəsmi Bakı son 4 ildə elə bir geosiyasi reallıq
yaradıb ki, Avropa Azərbaycana olan ehtiyacının nə qədər yüksək
olduğunun fərqində.
Aİ-nin bu ehtiyacı neft, qaz, o cümlədən alternativ enerjinin
nəqliylə yanaşı Orta dəhlizin və Transxəzər Beynəlxalq Nəqliyyat
Dəhlizinin (TBDN) reallaşması ilə bağlıdır. Qərb yaxşı başa düşür
ki, bu qədər yüksək imkanların əlində cəmləndiyi Azərbaycanla belə
bir zamanda münasibətləri korlamaq, əlaqələri kəsib atmaq öz
ayağına “sıxmaqdır”. Bu səbəbdən də Avropa İttifaqı Azərbaycanın
Orta dəhliz və Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin
reallaşması vacibliyini nəzərə alaraq rəsmi Bakı ilə dialoqu
genişləndirmək yolunu seçəcəkləri gözləniləndir.
Azərbaycan isə formalaşdırdığı yeni geosiyasi reallıqlardan bəzi
məsələləri tamamlamaq məqsədi ilə səmərəli istifadə barədə düşünür.
Sözsüz ki, onlardan biri Ermənistanla yekun sülh sazişi məsələsini
həll etməkdir. Sərhədlərin müəyyənləşməsi uzun prosesdir, “sülh
müqaviləsinin” imzalanmasından sonra da danışıqlar davam edəcək.
Buna baxmayaraq, rəsmi İrəvan müqavimət göstərmək niyyətindədir.
İrəvan vəd etsə də, nədənsə 4 kəndin qaytarılmasını da gecikdirir.
Bu isə bölgədə gərginliyi daha da artırır.
Ermənistanın yenə də sözü ilə əməli bir-birini təkzib edir.
Nikol Paşinyan əgər düşünürsə ki, bu cür təxribatlarla, şərti
sərhəddə Azərbaycan hərbiçisinə atəş açmaqla vəziyyəti
gərginləşdirib, həm vəd etdiyi kəndləri geri qaytarmaqdan yayına
biləcək, həm də yekun sülhə zərbə vuracaq, yanılır. Çünki
Azərbaycan artıq 4 ildə bir neçə dəfə göstərdi ki, istəsə,
istənilən ərazi problemini özü həll edəcək gücdədir və bunun üçün
hər hansı bir addım atmaq qərarına gəlsə, onun qarşısını heç kim
ala bilməyəcək.





























