
Bakı. Trend:
Aprelin 10-da Azərbaycan və Ermənistan arasındakı şərti sərhəddə
növbəti insident baş verib. Ermənistan Silahlı Qüvvələri yenidən
Azərbaycanın sərhəd postuna atəş açıb, nəticədə Dövlət Sərhəd
Xidmətinin baş leytenantı yaralanıb.
Ermənistan Milli Təhlükəsizlik Xidməti erməni sərhədçilərini
qaydaları pozmaqda və atışmaya səbəb olmaqda ittiham edib.
“Aprelin 10-da Ermənistan MTX-nin müddətli hərbi xidmət keçən
hərbi qulluqçusu erməni çobanın azaraq mal-qara ilə Azərbaycan
ərazisinə keçdiyini öyrəndikdən sonra xidmət yoldaşları ilə
birlikdə özləri sərhədi keçərək mal-qaranı geri qaytarmağa qərar
verib və bununla xidmət qaydalarını pozub ki, bu da ehtiyatsızlıq
ucbatından mühüm zərər yetirməklə yanaşı, səbəbsiz atışmaya səbəb
olmaqla insanların sağlamlığı və həyatını təhdid altında qoyub”, –
məlumatda deyilir.
Lakin sual yaranır – bu zaman Avropa İttifaqının (Aİ) müşahidə
missiyası harada idi?
Aİ-nin Ermənistandakı monitorinq missiyası ötən ilin yanvar
ayında fəaliyyətə başlayıb. İlkin olaraq gələn əməkdaşların sayı
100 nəfər idi. Lakin artıq dekabr ayında onların sayı artaraq 209
nəfərə çatıb. Doğrudanmı bunlardan heç biri vaxtında reaksiya
verəcək vəziyyətdə deyildi?
Aİ missiyasının insidentə heç bir reaksiya verməməsi artıq xəbər
verir ki, avropalılar bu məsuliyyəti öz üzərinə götürməyə sadəcə
hazır deyil.
Artıq ilk dəfə deyil ki, avropalılar susur və ya guya bəzi
erməni kəndlərinə çıxış imkanlarının olmadığını deyərək özlərinə
bəraət qazandırır. Ötən ilin fevral ayında bənzər insident baş
verən zaman Aİ missiyası məsuliyyəti rus sərhədçilərin üzərinə
atdı.
Bəs onda onların öhdəlikləri nədən ibarətdir? Təkcə bu ilin mart
ayında Ermənistan parlamenti Aİ ilə müşahidə missiyasının statusu
haqqında sazişi ratifikasiya edib. Bu saziş missiyanın fəaliyyətini
tənzimləməli və funksiyalarını təyin etməli idi. Müşahidəçilərin
son il ərzində nə işlə məşğul olduğu məlum deyil.
Aydındır ki, bütün bu müddət ərzində avropalılar öz erməni
dostlarını müdafiə ediblər. Ermənistan tərəfi artıq məsuliyyəti öz
üzərinə götürüb, Aİ isə onları ört-basdır eləməyə davam edir.
Budur, “durbin diplomatiyası” yenə də işə yaramadı.
Ermənistanın baş naziri Nikol Paşinyan isə bildirir ki,
Ermənistan ərazisində Avropa missiyasının mandatını daha iki il
müddətinə uzatmaq olar. Avropalıların yenə də heç bir iş görməyərək
tamamilə yararsız olduqlarını sübut etmələrindən başqa,
mandatlarının uzadılması Azərbaycan-Ermənistan sərhədinin
delimitasiyası və tərəflər arasında sülh sazişi yolunda növbəti
maneədir. Bununla belə, Paşinyan bildirir ki, Bakı və İrəvan bütün
problemləri müstəqil şəkildə, üçüncü şəxslər olmadan həll
etməlidir. Ermənistan rəhbərliyi bəs nəyə nail olmağa çalışır?
(Tərcümə: Rəna Əbdürəhmanova)





























