Advertisement

Azərbaycan Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Sloveniyada işgüzar səfərdə olub

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə
nümayəndəsi Elçin Əmirbəyovun Sloveniyaya işgüzar səfəri baş
tutub.

Trend xəbər verir ki, səfər çərçivəsində Sloveniya Respublikası
Prezidentinin beynəlxalq münasibətlər üzrə müşaviri Zlatko Şabiç,
Sloveniya Baş nazirinin Ofisində Beynəlxalq məsələlər üzrə dövlət
katibi Voyko Volk, Milli Assambleyanın vitse-prezidenti Daniyel
Krivets, Xarici və Avropa İşləri üzrə Nazirliyində siyasi məsələlər
üzrə Baş direktor Mateya Norçiç Stamtsar ilə görüşlər
keçirilib.

Görüşlər zamanı qarşı tərəf fevralın 7-də Azərbaycanda
keçirilmiş seçkilərdə qələbə münasibətilə Prezident İlham Əliyevə
bir daha təbriklərini çatdırıb.

Azərbaycan və Sloveniya arasında mövcud ikitərəfli əlaqələrin
səviyyəsindən məmnunluq ifadə olunub. 2026-cı ildə ölkələrimiz
arasında diplomatik əlaqələrin otuz illik yubileyinin qeyd
olunacağına toxunularaq, iqtisadi, enerji sahələri daxil olmaqla
bir sıra potensial sahələr üzrə əməkdaşlığın daha da inkişaf
etdirilməsinin, siyasi dialoqun gücləndirilməsinin, qarşılıqlı
səfərlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. Bu xüsusda,
bu ilin mart ayında Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət
Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət
Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak məqsədilə
Sloveniyanın ətraf mühit, iqlim və energetika nazirinin ölkəmizə
səfəri məmnunluqla xatırlanıb.

Əməkdaşlığın parlament ölçüsünə toxunularaq, hər iki parlamentdə
mövcud dostluq qrupları arasında təmasların fəallaşdırılmasının və
qarşılıqlı səfərlərin həyata keçirilməsinin ikitərəfli
münasibətlərin möhkəmləndirilməsinə töhfə verəcəyi qeyd olunub.
Eyni zamanda, çoxtərəfli beynəlxalq parlament platformaları
çərçivəsində qarşılıqlı dəstəyin nümayiş olunmasının əhəmiyyətinə
toxunulub.

BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi və
səlahiyyətlərinin icrasına başlaması münasibətilə Sloveniya
tərəfinə təbriklər çatdırılaraq, ölkələrimizin beynəlxalq
təşkilatlar çərçivəsində əməkdaşlığına dair fikir mübadiləsi
aparılıb.

Görüşlər əsnasında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin
İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası (COP29), ölkəmiz ilə Avropa İttifaqı
arasında əlaqələr, regional və beynəlxalq gündəlikdə duran
məsələlər müzakirə edilib.

Sloveniya tərəfi COP29-a ev sahibliyi etməsi münasibətilə
Azərbaycan tərəfinə təbriklərini çatdıraraq, hazırda dünyada
müşahidə olunan dəyişikliklər səbəbindən iqlim üzrə konfransın
böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb və Azərbaycan tərəfi ilə
COP29-a hazırlıq istiqamətində sıx əməkdaşlıq etməyə hazır
olduqlarını bildirib.

Səfər çərçivəsində sözügedən tədbirlə bağlı Azərbaycan
Prezidenti tərəfindən Sloveniya Prezidentinə ünvanlanmış dəvət
məktubu qarşı tərəfə çatdırılıb.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi
Sloveniya tərəfini Azərbaycanla Ermənistan arasında normallaşma və
sülh prosesi üzrə aparılan danışıqların inkişafı və mövcud
vəziyyət, sülh prosesinin irəlilədilməsi istiqamətində ölkəmizin
səyləri barədə ətraflı məlumatlandırıb. Regionda davamlı sülhün və
sabitliyin bərqərar olunması üçün tarixi imkanın yarandığı qeyd
olunaraq, Ermənistanın sülh prosesinə ciddi yanaşdığını sübut etmək
üçün ziddiyyətli bəyanatlar və təxribatçı addımlardan çəkinməli,
beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməli olduğu
vurğulanıb. Eyni zamanda, Azərbaycan ilə sərhədyanı ərazilərdə
hərbi infrastrukturun yaradılması, bölgədə militarizmin təşviqi,
2024-cü il 5 aprel tarixli üçtərəfli Brüssel görüşü, Avropa sülh
mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın
silahlandırılması kimi regionda ayırıcı xətlərin və nəticə
etibarilə gərginliyin yaranmasına səbəb ola biləcək xarici
təxribatçı, qeyri-şəffaf, qeyri-inklüziv təşəbbüslər və addımların
qəbuledilməzliyi vurğulanmış və bunun regionda davamlı sülhə nail
olunmasına heç bir töhfə vermədiyi bildirilib.

Keçirilmiş görüşlər əsnasında, həmçinin xalqlarımız arasında
xüsusi bir bağ rolu oynayan və dostluq rəmzi olan Mehdi
Hüseynzadənin “Mixaylo” irsinə toxunulub, qəhrəmanın xatirəsinə
göstərilən böyük hörmətə, doğma və xoş münasibətə, habelə illik
əsasda təşkil olunan tədbirlərdə dövlət səviyyəsində nümayiş
etdirilən ehtirama görə Sloveniya tərəfinə dərin təşəkkür ifadə
olunub.

Səfər çərçivəsində E.Əmirbəyov Sloveniya televiziya məkanının
aparıcı kanalı olan RTVSLO-da (TV Slovenija 1) yayımlan “Dnevik”
xəbər verilişinə, eyni zamanda, Sloveniya media bazarının ən
nüfuzlu şirkətlərindən biri olna “Delo” nəşrinə müsahibə verib.