
Bakı. Trend:
Fransa tarixdə müstəmləkəçi, terrora dəstək verən ölkə kimi
düşüb. Fransanın terrora dəstək verməsi ilə bağlı kifayət qədər
faktlar mövcuddur. Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin
müavini D.Medvedevin bəyan etdiyi kimi Moskvadakı terror aktının da
arxasında Fransa və Makron durur.
Bunu Trend-ə Milli
Məclisin deputatı Afət Həsənova deyib.
O qeyd edib ki, Azərbaycan hər zaman Fransanın qərəzli, terrora
dəstək siyasətindən əziyyət çəkib.
“Fransanın erməni terroruna dəstəyi heç kimə sirr deyil.
Azərbaycan xalqı, ümumilikdə türk dünyası Fransanın terrora
dəstəyindən böyük əziyyət çəkib. Fransa ermənilərin daim sərbəst
hərəkət etdikləri bir ölkə olub və Fransa uzun illərdir ki,
ermənilərin terror qruplaşmalarını maliyyələşdirir. “Orli qrupu”
adlanan terror təşkilatı 1981-ci ildə məhz Fransada yaşayan erməni
gəncləri tərəfindən yaradılıb və təşkilat 1987-ci ilədək dünyanın
müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib,
bir çox millətlərin nümayəndələrini qətlə yetiriblər.
Bundan əlavə “Erməni azadlıq hərəkatı” da (AOD) 1991-ci ildə
Fransada yaradılıb və terror fəaliyyətini ASALA ilə sıx əlaqədə
həyata keçirir. Eyni zamanda ASALA terror təşkilatının üzvlərinin
əsas sığınacaq yeri də məhz Fransa olub”, – deyə deputat
vurğulayıb.
O qeyd edib ki, Fransa bu gün Qarabağ ermənilərindən ibarət
legion hazırlayır və onları Ukrayna cəbhəsinə göndərməyə
çalışır.
“Bu terrorçuların gələcəkdə Azərbaycana qarşı da istifadə
olunacağı istisna deyil. Fransa xüsusi xidmət orqanları tərəfindən
Azərbaycan əsilli iş adamlarına məxsus Krokus konsert zalında bu
terrorun törədilməsi də Fransanın terror siyasətinin davamıdır. Bu
terror aktının məhz Azərbaycan əsilli iş adamına məxsus məkanda
törədilməsi də təsadüfi deyildi. Fransa bu yolla iki çirkin
məqsədinə nail olmağa çalışıb. Beləki, həm Azərbaycan və Rusiya
arasında əlaqələri zədələmək, həm də Rusiyada dini və etnik zəmində
nifaq yaratmaq istəyirdi.
Göründüyü kimi, Fransa öz terrorçuluq siyasətindən əl çəkmək
niyyətində deyil. Bu addımları ilə riyakar və ikiüzlü bir dövlət
olduğunu göstərir”, – deyə deputat əlavə edib.





























