
Bakı. Trend:
Fransa tarixə müstəmləkəçi, terrora dəstək verən ölkə kimi
düşüb. Fransanın terrora dəstək verməsi ilə bağlı kifayət qədər
faktlar mövcuddur. Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin
müavini D.Medvedevin bəyan etdiyi kimi, Moskvadakı terror aktının
da arxasında Fransa və Makron durur.
Məsələ ilə Trend-ə
açıqlama verən Milli Məclisin deputatı Elşən
Musayev deyib ki, əgər Rusiyanın önəmli dövlət
adamlarından biri olan Medvedev Moskvada törədilən terror aktı ilə
bağlı birbaşa Fransanı və Makronu ittiham edirsə demək ki, nələrisə
bilir, xüsusi və dəqiq məlumatlara malikdir, əlində yetərincə
sübutlar, faktlar var.
“Əslində heç məlum ittihamla bağlı adamda şübhə də yaranmır.
Çünki necə deyərlər, Fransanın kəramətinə bələdik. Üstəlik,
ortalıqda tarixin, yaxın keçmişin presedentləri var və Fransanın
beynəlxalq terrorizmlə əlaqələri də yenilik deyil. “ASALA”nın əsas
ocaqlarından, məkanlarından biri hara olub? – Fransa! Suriyada
fəaliyyət göstərən, “İŞİD”lə əlaqəli olan, onun əsas maliyyə
mənbəyi hesab edilən, sonucda Türkiyə kəşfiyyatı tərəfindən ifşa və
darmadağın edilən sement zavodu kimə aid olub? – Fransanın
“Lafarge” şirkətinə! Afrikada terrorun simvoluna çevirilən ölkə
hansıdır? – Fransa! Qarabağ ermənilərindən legion hazırlayan,
onları Ukrayna cəbhəsinə göndərməyə çalışan və ən nəhayət:
Rusiya-Ukrayna müharibəsinin əsas təşəbbüskarı olmaqdan qürur duyan
provokator kimdir? – Yenə də Fransa!
Odur ki, terrorla nəfəs alan, terrordan qidalanan, terrorla
yoğrulan bir dövlətdən, ələlxüsus da onun başçısından hər şey
gözləmək olar”, – deyə E.Musayev bildirib.
O qeyd edib ki, Krokus Azərbaycan əsilli biznesmenə məxsusdur.
Bunu da unutmayaq.
“Eyni zamanda bir məqamı nəzərə alaq ki, Fransa həm Rusiya, həm
də Azərbaycanla qatı düşməndir.
Yəni, Medvedevin fikirləri tam şəkildə ciddiyə alınmalıdır. O
elə-belə danışmır və ya nə danışdığını çox gözəl bilir”, – deyə
deputat əlavə edib.
Milli Məclisin deputatı Müşfiq Cəfərov isə
Trend-ə açıqlamasında
bildirib ki, ötən ay “Crocus City Hall” konsert zalında sivil
insanlara qarşı terror aktının törədilməsi Rusiya kimi böyük bir
dövlətdə nadir görünən hadisədir.
“Rusiya istər ərazi, istərsə də əhali baxımdan böyük olan digər
dövlətlərdən məhz dincliyi ilə fərqlənir. Yüzlərlə başqa
millətlərdən olan miqrantlara işləmək, yaşamaq üçün ikinci vətən
olan Rusiya bəlkə də nadir dövlətlərdəndir ki, bu qədər müxtəlif
millət sivil şəkildə yaşaya bilir. Ötən ay baş verən qanlı terror
hadisəsi daxili deyil, birbaşa xarici qüvvələrin əliylə törədildiyi
açıq-aşkardır.
Təbii ki, burada bir çox dövlətlərin, xüsusilə Fransanın adı
yada düşür. Niyə məhz Fransa?! Çünki hazırda Cənubi Qafqazda
Fransanın maraqlarına Ermənistanın əliylə regionda münaqişə yaratma
cəhdinə maneə olan dövlətlərdən biri də Rusiyadır. Regionumuzda öz
mənafeyindən irəli gələn və heç bir region dövlətinə də faydası
olmayan bu siyasət Fransanı Rusiyaya qarşı qoyur. Fransanın hər
zaman beynəlxalq terrorla xatırlandığı da faktdır.
Təkcə Afrikadakı terror əməllərini xatırlasaq kifayətdir. Uzun
illər Ermənistandakı terrorçuları da məhz Fransa dəstəkləyib. Lakin
Rusiya Fransanın çökdürə biləcəyi dövlətlərdən deyil. Bu səbəbdən
də əgər Rusiya kəşfiyyatında belə bir məlumat varsa, mütləq ki,
doğrudur və Fransa bunun cavabını da verməli olacaqdır. Paris hər
zaman daxili ixtişaşları və qeyri-sabitliyi ilə gündəmdə olur.
Ümumiyyətlə Qərbdə hələ də daxili sabitliyə nail olmayan, öz
vətəndaşlarının maraqlarına hər zaman silahla, güclə cavab verən
dövlət idarəçilərinin demokratiya və insan haqlarından ağızdolusu
danışmaları gülünc vəziyyətdir. Fransa Cənubi Qafqazı və Rusiyanı
Paris küçələriylə bərabər tutmamalıdır. Bizim regionda insanlar
Qarabağ münaqişəsinin davam etdiyi 30 il müddətində belə Parisdən
daha stabil və sivil yaşayıblar”, – deyə deputat əlavə edib.





























