
Bakı. Trend:
Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, tibb elmləri
doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz
qızı Əliyeva 28 aprel 1923-cü ildə Şərur rayonunun Şahtaxtı
kəndində anadan olub və öz həyatını səhiyyə elminin inkişafına həsr
etmişdir. Mənalı həyat yaşamaq hər insanın taleyinə yazılmır. Elə
insanlar var ki, onların ömür yolu gələcək nəsillərin həyatına işıq
saçır və xalqına bitməyən bir xəzinə bəxş edir. Bu dünyaya
insanlara nur vermək və xeyirxahlıq missiyasını icra etmək üçün
gəlmiş Zərifə xanım Əliyeva da belə seçilmiş insanlardan
olmuşdur.
Görkəmli oftalmoloq alimi Zərifə xanım Əliyeva XX əsrin
ortalarında tibb elmində özünəməxsus inqilabi kəşflərə imza
atmışdı. Keçən əsrin 40-cı illərində gözü zədələyən və insanlar
üçün ağır nəticələrə səbəb olan traxoma infeksion xəstəliyi
Azərbaycanda geniş yayılmışdır. Qeyd olunan xəstəliklə mübarizə
təkcə oftalmologiya sahəsində deyil, ümumilikdə Azərbaycan
səhiyyəsi üçün mühüm əhəmiyyət kəsb edirdi. Zərifə xanım Əliyeva
traxoma xəstəliyinin müalicəsi istiqamətində aparılan profilaktik
tədbirlərin təşkilində yaxından iştirak etməklə bərabər traxomanın
geniş yayıldığı rayonlara gedərək həkim oftalmoloqlara məruzələr
oxuyurdu. Görkəmli alim, oftalmoloq Zərifə xanım Əliyeva 1949-cu
ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri
İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamış və 1950- ci ildə
aspiranturaya daxil olaraq elmi axtarışları davam etdirmişdir.
Zərifə xanım Əliyeva 1960-cı ildə namizədlik dissertasiyası müdafiə
edərək elmlər namizədi elmi dərəcəsini almış və təklif etdiyi
müalicə metodu bütün respublikada tətbiq edildiyi üçün ölkəmiz
traxoma xəstəliyindən xilas olmuşdur. Bununla da Zərifə xanım
Azərbaycan elminə və Azərbaycan xalqının sağlamlığının qorunmasına
böyük töhfə vermiş oldu. 1960-1967-ci illərdə Zərifə xanım Əliyeva
Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışdığı
müddətdə 1963-cü ildə SSRİ Ali Attestasiya komissiyası
“Oftalmologiya” ixtisası üzrə ona böyük elmi işçi ixtisası
vermişdir. 1967-ci ildə isə Zərifə xanım Əliyeva Azərbaycan Dövlət
Həkimləri Təkmilləşdirmə İnstitutuna dosent vəzifəsinə dəvət
olunmuşdur.
Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin
15-də Moskva şəhərində dünyasını dəyişdi. Azərbaycan adlı bir
məmləkəti hər cür təqiblərdən qoruyan, bu torpağa qol-qanad verən,
onu bütün dünyaya tanıdan bir insanı tək qoyub getdi. 1994-cü ildə
Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda
dəfn olunmuşdur.
Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyeva
haqqında söyləyirdi ki, “Azərbaycan xanımının mənəvi dəyərlərini
özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı,
bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə
sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları
mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl
insanlıq zirvəsinə yüksəlib”.
Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə
xanım Əliyevanın elmdə açdığı işıqlı yol ildən-ilə inkişaf edir və
yaratdığı monumental əsərləri, qoyub getdiyi elmi nailiyyətləri,
pedaqoqluq səriştəsi hal-hazırda da araşdırılır, öyrənilir,
neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir. Oftalmologiya
sahəsində öz dəst-xətti olan novator alimin oftalmologiyanın
müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı
fundamental əsərlər öz qiymətini heç zaman itirməyəcək. Zərifə
xanım Əliyeva daim qəlblərdə yaşayacaq və tibb sahəsində misilsiz
xidmətləri xalqımız tərəfindən heç zaman unudulmayacaq.
Milli Məclisin deputatı,
Rauf Əliyev





























