
Bakı. Trend:
Aprelin 15-də görkəmli oftalmoloq-alim, akademik Zərifə
Əliyevanın vəfatından 39 il ötür. Onun nurlu xatirəsi qədirbilən
xalqımız tərəfindən hörmətlə anılır.
Trend akademik Zərifə Əliyevanın anım günündə onun həyat və
fəaliyyətinin bəzi məqamlarına nəzər salır.
Qədim Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açmış Zərifə
Əliyeva zəngin və mənalı ömür yaşayıb. Atası – görkəmli ictimai və
dövlət xadimi Əziz Əliyevin ömür yolu onun üçün əsl həyat məktəbi
olub. Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və
qurucusu Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, dostu və
silahdaşı idi. Vaxtilə ata evində görüb-götürdükləri respublikanın
birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, Ulu
Öndərə mənəvi dayaq, arxa olub.
Akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı
böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ
təşkil edir. O, Azərbaycan Tibb İnstitutunu bitirəndən sonra
təhsilini Moskvada, Həkimləri Təkmilləşdirmə İnstitutunda davam
etdirib. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat
Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayıb və
bütün ömrünü tibbin oftalmologiya sahəsinə həsr edib.
1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, xüsusən
traxoma geniş yayılmışdı. İnsanları bu bəladan xilas etmək, eləcə
də digər aktual problemə – gözün peşə xəstəliklərinə dair
fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə
metodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım idi.
Beləliklə, gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu həyat
özü müəyyənləşdirir və o, elmi istiqamətlərinin ilkin mərhələsini
traxomanın müalicəsinə həsr edir. Bu xəstəliyin daha geniş
yayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır, göz
həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər
aparırdı.
Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc
dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu.
Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər
terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda
namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Onun təklif etdiyi
müalicə metodu respublikamızda geniş tətbiq olundu və traxomanın
bir xəstəlik kimi aradan qalxmasında mühüm rol oynadı.
Zərifə xanımın oftalmoloq-alim kimi diqqət yetirdiyi aktual
problemlər sırasında diaqnostika, qlaukomanın və görmə orqanının
iltihabının müalicəsi xüsusi yer tuturdu. O, oftalmologiyanın elmi
cəhətdən az araşdırılmış sahəsi – görmə orqanının peşə
patologiyasını dərindən tədqiq edib. Bu problemin aktuallığı yalnız
kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də
bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin tədqiqi
ilə əlaqədar idi. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olub. O,
dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını
araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni
bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub. Bu sahəyə
dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək
“Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti”
mövzusunda doktorluq dissertasiyası yazıb. 1977-ci ildə ona tibb
elmləri doktoru alimlik dərəcəsi verilib.
Gərgin və məhsuldar elmi fəaliyyətinə görə 1980-ci ildə “Əməkdar
elm xadimi” fəxri adına layiq görülüb. Görkəmli alimin
respublikanın iri sənaye müəssisələrində apardığı genişmiqyaslı
elmi-tədqiqat işləri “Şin istehsalında gözün peşə patologiyası”,
“Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod
sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli
monoqrafiyalarında öz əksini tapıb. 1981-ci ildə görmə orqanının
peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu
nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə
ona keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı
olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı
verilib. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.
Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının
həqiqi üzvü seçilib. O, həmçinin bir sıra dərs vəsaiti və
monoqrafiyaların müəllifidir: “Kəskin virus konyunktivitləri”,
“Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə
sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün
hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının
fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”,
“Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və
müdafiə funksiyası” və sair. Alimin “Yaşaparıcı yolların
fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı
yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri bu gün
də aktuallığını qoruyub saxlayır. O, iridodiaqnostika və
iridoterapiya problemləri ilə də məşğul olub, bu sahəyə dair iki
monoqrafiya hazırlayıb. Dünya miqyasında iridodiaqnostikaya aid
kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazıb.
Zərifə xanımın həkimlik sənəti ilə bağlı bir fikri də diqqəti
cəlb edir: “Həkim insanın ən doğma adamıdır. O, insanlardan özünü
ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır”.
Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O,
keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü
Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti
İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət
Heyətinin üzvü olub. Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və
Heydər Əliyevlər – Əbədiyaşar məhəbbət” kitabında oxuyuruq: “Özü də
çoxsaylı vəzifələrinin heç birinə qətiyyən formal yanaşmırdı.
Məsələlərin müzakirəsində şəxsən iştirak edir, onların uğurlu həlli
üçün bilik, qüvvə və enerjisini əsirgəmirdi.
Bu zaman çalışırdı ki, gündəlik həyatının işlə bağlı tərəfi heç
bir halda qadın və ana kimi üzərinə düşən vəzifələri üstələməsin.
Bəzən Zərifə xanım elmi və ictimai işlərin ailəsinə, övladlarına
ayıra biləcəyi vaxtı əlindən aldığına görə özünü günahkar hiss
edirdi”.
Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları olduqca
çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Amma bu
adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Ümummilli
Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident
İlham Əliyevin anasıdır.
Müasirlərinin dediyi kimi, Zərifə xanım qeyri-adi bir ana idi və
övladlarına olan münasibət də xüsusi idi. Belə münasibətin
bənzərini tapmaq çətindir. O, uşaqları sanki Ulu Tanrı tərəfindən
bəxş olunan bir nur payı kimi qəbul edirdi. Özünə rəhm etmirdi,
analıq borcunu yerinə yetirməkdə də özünə rəhmi gəlmirdi. Hərdən
analar uşaqlarına olan məhəbbətdə elə yüksək dərəcələrə çatırlar
ki, bununla hamını heyrətə gətirirlər. Zərifə xanım məhz belə
analardan idi.





























