
Bakı. Trend:
ICGB şirkəti əsas diqqəti kiçik yaşayış məntəqələrinə
yönəltməklə Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) marşrutu
boyunca bütün bələdiyyələrə maliyyə yardımı göstərir.
Trend bu
barədə şirkətə istinadən xəbər verir.
Kampaniya çərçivəsində 12 bələdiyyə üçün ümumilikdə 156 min 170
avro ayrılacaq. Bütünlükdə kampaniyadan Bolqarıstanda 64,
Yunanıstanda isə 7 kənd fayda əldə edəcək.
182 kilometr uzunluqda interkonnektor Xaskovo, Dimitrovqrad,
Stara Zaqora, Kırcali (Bolqarıstan) və Komotini bölgələrindən
keçir.
“Hər bir bələdiyyə vəsaitdən necə istifadə edəcəyinə fərdi
qaydada qərar verə biləcək. Beləliklə, ICGB icmalara hər bir
məntəqə üçün prioritet olan konkret ehtiyaclarını qarşılamaq imkanı
verir. Artıq kənd təsərrüfatı texnikası, ictimai oyun meydançaları
üçün avadanlıq əldə etmək, yerli idman komandalarına dəstək, eləcə
də dini məbədlərin təmiri və təminatı üçün materiallar əldə etmək
üçün ianələrdən istifadə ilə bağlı sorğular göndərilib”, – deyə
ICGB-dən bildiriblər.
Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr
2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.
İnterkonnektorla Bolqarıstana qaz tədarükünün müqavilə həcmi
ildə 1 milyard kubmetrdir. IGB-nin ümumi gücü ildə 5 milyard
kubmetrədək genişləndirilmə imkanı ilə 3 milyard kubmetrdir.
İnterkonnektorun buraxılış gücünün artırılaraq 5 milyard
kubmetri keçməsi əlavə qaz kəməri inşa etmək hesabına
mümkündür.
X:
@Lyaman_Zeyn
(Tərcümə: Rəna Əbdürəhmanova)





























