
Bakı. Trend:
Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın
iştirakı ilə Haliç Konqres Mərkəzində Türkiyə İxracatçılar
Məclisinin (TİM) təşkilatçılığı ilə “2023-cü il ixracat
çempionları”nın mükafatlandırma mərasimi keçirilib. Mərasimdə
Türkiyədə ötən il ərzində ən çox ixracat həyata keçirən ilk 10
şirkətə mükafatlar təqdim olunub.
Bu barədə Trend-ə
SOCAR-dan məlumat verilib.
Qeyd edək ki, TİM tərəfindən açıqlanan “2023-cü il ixracat
çempionları” siyahısına əsasən, qardaş ölkənin ən böyük birbaşa
xarici investoru və inteqrasiya olunmuş sənaye qrupu olan “SOCAR
Türkiyə”nin “STAR” Neft Emalı Zavodu (NEZ) Türkiyə üzrə ümumi
məhsul ixracatı dəyərinə görə 3-cü yerə layiq görülüb. “STAR” NEZ,
həmçinin “Kimyəvi maddələr və məhsullar”ı kateqoriyası üzrə birinci
olub. Prezident Rəcəb Tayyib Ərdoğan “STAR” NEZ-in ixracat çempionu
mükafatını SOCAR-ın prezidenti Rövşən Nəcəfə təqdim edib. “STAR”
NEZ-in “Kimyəvi maddələr və məhsullar”ı kateqoriyası üzrə
birincilik mükafatı isə Türkiyə Respublikasının ticarət naziri Ömər
Bolat tərəfindən SOCAR prezidentinə təqdim olunub.
Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir
millət, iki dövlət” kəlamına əsaslanan Azərbaycan-Türkiyə
münasibətləri bütün sahələrdə sürətlə inkişaf edir.
Hər iki ölkənin enerji sektorunun inkişafına töhfə vermək
istiqamətində əzmlə fəaliyyət göstərən SOCAR-ın Türkiyədəki
fəaliyyəti qardaş ölkə tərəfindən daim dəstəklənir. Təqdim olunan
mükafatlar SOCAR-ın Türkiyədəki fəaliyyətinə verilən yüksək
dəstəyin və önəmin bariz nümunəsidir.





























