Advertisement

“Uniper” Azərbaycanla əlavə qaz tədarükünü müzakirə etməyi planlaşdırır – Mixael Hilmer (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

“Uniper” Azərbaycandan qaz tədarüklərini artırmaq imkanlarını
müzakirə etməyi planlaşdırır.

Bu barədə Trend-ə özəl müsahibəsində “Uniper” şirkətinin
vitse-prezidenti Mixael Hilmer deyib.

“Azərbaycan Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyi və
enerji mənbələrinin şaxələndirilməsi üçün mühüm ölkədir. “Uniper”
“Şahdəniz-2” yatağından təbii qazın alıcısı kimi Azərbaycandan
Avropaya qaz tədarüklərini asanlaşdırmağa kömək edir. Hazırda
“Uniper” üçün əsas məsələlərdən biri tədarüklərin təhlükəsizliyinin
təmin edilməsi və portfeldə enerji axınlarının şaxələndirilməsidir.
SOCAR-ın əsas oyunçulardan biri olduğu Azərbaycan etibarlı və sabit
tədarüklər baxımından özünü çox etibarlı tərəfdaş olaraq
təsdiqləyib. Xüsusən Cənub Qaz Dəhlizinin ixrac imkanlarının ikiqat
artırılması planı çərçivəsində Azərbaycan və Avropa Komissiyası
arasında 2022-ci ilin ortalarında imzalanan strateji enerji
tərəfdaşlığın fonunda bu qazın tədarüklərinin potensial artımını
müzakirə etməyi səbirsizliklə gözləyirik”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, dekarbonizasiya və enerji keçidi də
“Uniper” və SOCAR-ın ümumi fəaliyyət istiqamətləridir və hər iki
şirkət görüşlər, seminarlar təşkil etməklə və obyektləri ziyarət
etməklə müxtəlif təşəbbüslərdə fəal iştirak edir.

“Karbon neytrallığı sahəsində qarşıya qoyduğumuz məqsədlərə
çatmaq üçün əməkdaşlığımızı genişləndirməyə hazırıq. “Uniper” və
SOCAR 2008-ci ildən əməkdaşlıq edir. 2014-cü ildə SOCAR və “Uniper”
rəsmi əməkdaşlıq müqaviləsi imzalayıb. Müqavilə bütünlükdə
texnologiya, enerji biznesi və personalın idarə olunması üzrə
aparıcı təcrübə mübadiləsini nəzərdə tutur”, – deyə vitse-prezident
qeyd edib.

Mixael Hilmer həmçinin qeyd edib ki, hazırda “Uniper” və SOCAR
arasında əməkdaşlığın əsas mövzularını enerji səmərəliliyi, enerji
keçidi və dayanıqlı inkişaf, bərpa olunan enerji mənbələri və
ekoloji cəhətdən təmiz yanacaq, o cümlədən STEM (elm, texnologiya,
mühəndislik və riyaziyyat) və liderlik sahəsində qadınlar təşkil
edir.

Bundan başqa, vitse-prezident Hilmer əlavə edib ki,
“SOCAR-Uniper” MMC hazırda enerji səmərəliliyinin
təkmilləşdirilməsi və artırılması üzrə ilk layihənin icrasını başa
çatdırır.

“Əsas məqsəd enerji səmərəliliyi sahəsində birgə layihələrin
həyata keçirilməsidir. Hazırda birgə müəssisə Sumqayıtda
“Azərikimya” İB-də yerləşən buxar generatoru kompleksinin
təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üzrə ilk
layihənin icrasını başa çatdırmaq üzrədir”, – vitse-prezident
deyib.

Onun sözlərinə görə, hazırda zavod etilen istehsal edən zavodu
buxar və elektrik enerjisi ilə təmin edir.

“Yeni buxar turbininin quraşdırılması və mövcud enerji
bloklarının modernləşdirilməsi elektrik istehsal gücünün 52 MVt
artmasına və enerji səmərəliliyinin əhəmiyyətli dərəcədə
yüksəlməsinə səbəb olacaq”, – deyə Mixael Hilmer açıqlayıb.

Bütünlükdə şirkətin vitse-prezidenti SOCAR ilə “Uniper” arasında
bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq üçün geniş
imkanların olduğunu vurğulayıb.

“”Uniper” və SOCAR hər ikisi karbon qazı emissiyalarının
azaldılması üzrə məqsədlərinə nail olmaq üçün özlərinin əsas
bazarlarında bərpa olunan enerji portfelini inkişaf etdirən
şirkətlərdir. Azərbaycanda Avropaya ekoloji cəhətdən təmiz elektrik
enerjisi ixrac etmək niyyəti ilə bərpa olunan enerji sahəsində nə
qədər layihələrin hazırlanması heyrətamizdir”, – o deyib.

Vitse-prezident qeyd edib ki, SOCAR Azərbaycanda 1 GVt gücündə
bərpa olunan enerji layihəsinə qoşulmaqla bağlı səhmdar sazişinin
imzalandığını yeni bəyan etdiyindən, “Uniper” Polşada 600 MVt
gücündə quruda külək enerjisi layihəsinin inkişafı üzrə
tərəfdaşlığa yenicə daxil olub.

“”Uniper” 2030-cu ilədək əsas Avropa bazarlarını hədəf almaqla,
quruda 10 GVt gücündə külək və günəş elektrik stansiyaları inşa
etməyi planlaşdırır”, – Hilmer vurğulayıb.

O həmçinin deyib ki, “Uniper” hazırda ekoloji cəhətdən təmiz
hidrogenin saxlanması üçün Almaniyanın şimalındakı keçmiş təbii qaz
anbarından istifadə imkanını sınaqdan keçirir.

“2030-cu ilə qədər ümumi 250-600 GVt/saat gücündə qaz hasilatı
planlaşdırılır”, – o deyib.

Eyni zamanda, “yaşıl” hidrogen də “Uniper” və SOCAR arasında
əməkdaşlıq çərçivəsində bilik mübadiləsinin mövzusu olub.

“”Uniper” üçün hidrogen dekarbonizasiya və enerjiyə keçid
strategiyasının mühüm komponentidir. 2023-cü ilin avqustunda
“Uniper” “Enerji keçidinin sürətləndirilməsi – çevik,
balanslaşdırılmış, fərdi” adlı yeni strategiyasını dərc etdi.
“Uniper” iqtisadi artım və enerji transformasiyasına mühüm vəsait
yatırmaqla 2040-cı ilədək karbon neytrallığına nail olmaq istəyir”,
– o deyib.

Vitse-prezidentin sözlərinə görə, planlara 15-20 QVt gücündə
elektrik enerjisi istehsalının inkişafı daxildir ki, bu da 2030-cu
ilə qədər 80 faiz ekoloji olacaq.

“Bundan başqa, “Uniper” Avropaya qaz tədarüklərinin
təhlükəsizliyini artırmaq üçün qaz portfelini şaxələndirir. Şirkət
2030-cu ilə qədər portfelinin 5-10 faizinin təmiz qazlardan, o
cümlədən təmiz hidrogen, onun törəmələri və biometandan ibarət
olmasına çalışır”, – o deyib.

O qeyd edib ki, bu məqsədə ekoloji cəhətdən təmiz elektrikdən
hidrogen hasil etmək üçün gücü 1 QVt-dan çox olan elektrolizatorun
tikintisi, ekoloji cəhətdən təmiz hidrogen və onun törəmələri,
eləcə də biometan çeşidlərinin hazırlanması ilə nail olunacaq.
“Bunlar “Uniper”in atdığı bəzi addımlar olmaqla gələcək enerji
böhranlarının zərərli təsirlərini məhdudlaşdırmağa imkan verəcək”,
– o deyib.

“Dekarbonizasiya əksər enerji şirkətlərinin hazırkı işləmələri
və fəaliyyətlərində əsas mövzulardan biridir. Bunu burada forumda,
müxtəlif təqdimatlarda və ictimai elanlarda görmək mümkün idi.
Lakin Avropada enerji böhranı zamanı baş verənlər fonunda
tədarüklərin təhlükəsizliyi və diversifikasiya getdikcə daha mühüm
mövzulara çevrilir. Əksər enerji bazarlarının üzləşdiyi əsas
problemlərdən biri mövcud və yeni enerji növlərinin
inteqrasiyasıdır. Bu baxımdan, “Uniper” və SOCAR-ın bir-birinin
təcrübəsini mənimsəyə biləcəyi bir çox sahələr olacaq”, – deyə o
əlavə edib.

Bu arada vitse-prezident Hilmer xatırladıb ki, “Uniper” 5-6 iyun
tarixlərində keçirilən 29-cu Bakı Enerji Forumunun bürünc sponsoru
qismində Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu”
mövzusunda sessiya keçirib.

“Bakı Enerji Forumu Azərbaycanda və regionda fəaliyyət göstərən
əsas yerli maraqlı tərəflər və beynəlxalq biznes ictimaiyyəti ilə
əlaqələrin qurulması və möhkəmləndirilməsi üçün son dərəcə mühüm
əhəmiyyət kəsb edən tədbirdir. Bundan başqa, forum neft-qaz
sektorunda yeni işləmələr, o cümlədən dekarbonizasiya, bərpa olunan
enerji mənbələri və ölkədə enerji keçidi üzrə layihələr brədə əla
məlumat mənbəyidir. Bütün bu mövzular “Uniper”in enerji keçidinin
sürətləndirilməsi üzrə yeni strategiyasının icrasında böyük
əhəmiyyət kəsb edir”, – vitse-prezidenti Mixael Hilmer sonda
deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun