Advertisement

2030-cu ilədək ənənəvi enerji sektorunda 40 faizə qədər iş yeri itiriləcək – “Boston Consulting Group”

Bakı. Trend:

2030-cu ilədək ənənəvi enerji sektoru iş yerlərinin 30-40
faizini itirəcək.

Trend xəbər
verir ki, bu barədə “Boston Consulting Group”un idarəedici
direktoru və tərəfdaşı, insanlar və təşkilat təcrübəsi üzrə lideri
Matteo Radiçe 29-cu Bakı Enerji Forumu çərçivəsində “Uğurlu enerji
keçidində insan kapitalının rolu” panel müzakirəsində deyib.

“2030-cu ilə qədər dünyada ənənəvi enerji mühüm dəyişikliklərə
məruz qalacaq ki, bu da sahədə iş yerlərinin 30-40 faiz ixtisarına
səbəb olacaq. “Yaşıl” enerjiyə keçid şəraitində müəyyən peşələrə
tələbat necə dəyişəcək? Həmin dövr ərzində bərpa olunan enerji
sektorunda təqribən eyni sayda – 25-30 faiz iş yeri açılacaq.

Bu, bütün bu sahələrə təsir göstərən irimiqyaslı
transformasiyadır. Bu məlumatları konkret rəqəmlərə çevirsək,
2030-cu ilə qədər 7 milyon iş yerinin boş qalacağını görə bilərik.
Bu rəqəm bütöv bir ölkənin və ya meqapolisin əhalisinin sayına
bərabərdir”, – o deyib.

Qeyd edək ki, Bakı Enerji Forumunda 600-dən çox nümayəndə
iştirak edir. Forumda Azərbaycanla yanaşı, Avstraliya, Avstriya,
Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan,
Gürcüstan, İsrail, Hindistan, İtaliya, Qazaxıstan, Qətər, Çin,
Latviya, Monako, Niderland, Norveç, BƏƏ, Rusiya, Rumıniya, Səudiyyə
Ərəbistanı, Sloveniya, ABŞ, Özbəkistan, Ukrayna, Finlandiya,
Fransa, Çexiya, İsveçrə, İsveç və Yaponiya da iştirak edəcək. Bu il
forumun proqramına rekord sayda (81) məruzəçi daxildir.

Forumun gündəliyinə həm Azərbaycan, həm də bütün Xəzər regionu
üçün vacib olan enerji məsələləri daxil ediləcək. Gündəlikdəki əsas
məsələlər enerji təhlükəsizliyi, enerji keçidi və “yaşıl” enerji
layihələrinin nəzərdən keçirilməsi və maliyyələşdirilməsi ilə
bağlıdır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun