Advertisement

Bakı Enerji Forumunun ikinci günü başlayıb

Bakı. Trend:

Bakı Enerji Forumunun ikinci günü başlayıb.

Trend xəbər
verir ki, forumun ikinci günündə keçiriləcək panel müzakirələrində
“Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu”, “Xəzər
regionunda kəşfiyyat və hasilat imkanları”, “Neft axınları:
Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı”, “Uğurlu
enerji keçidində insan kapitalının rolu” və “Yaşıl gündəliyin
imkanlarının genişləndirilməsi: Yaşıl planetin tərəqqisinə nail
olmaq üçün strategiyalar və COP29” kimi mövzular müzakirə
olunacaq.

Qeyd edək ki, 5 və 6 iyun tarixlərində Bakı Enerji Həftəsi
çərçivəsində ekoloji konsepsiyaya əsasən inşa edilmiş Bakı Konqres
Mərkəzində Xəzər regionunun enerji sahəsindəki ən mühüm
tədbirlərindən biri – 29-cu Bakı Enerji Forumu keçirilir.

Bakı Enerji Forumu Azərbaycan Respublikası Energetika
Nazirliyinin dəstəyi ilə keçirilir. Azərbaycan Respublikası Dövlət
Neft Şirkəti (SOCAR) isə tədbirin əsas tərəfdaşıdır. Forum ilk
dəfədir ki, OPEC-in dəstəyi ilə keçirilir.

Forumda 600-dən çox nümayəndə iştirak edir. Forumda Azərbaycanla
yanaşı, Avstraliya, Avstriya, Belarus, Belçika, Bolqarıstan, Böyük
Britaniya, Macarıstan, Gürcüstan, İsrail, Hindistan, İtaliya,
Qazaxıstan, Qətər, Çin, Latviya, Monako, Niderland, Norveç, BƏƏ,
Rusiya, Rumıniya, Səudiyyə Ərəbistanı, Sloveniya, ABŞ, Özbəkistan,
Ukrayna, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç və Yaponiya da
iştirak edəcək. Bu il forumun proqramına rekord sayda (81) məruzəçi
daxildir.

Forumun gündəliyinə həm Azərbaycan, həm də bütün Xəzər regionu
üçün vacib olan enerji məsələləri daxil ediləcək. Gündəlikdəki əsas
məsələlər enerji təhlükəsizliyi, enerji keçidi və “yaşıl” enerji
layihələrinin nəzərdən keçirilməsi və maliyyələşdirilməsi ilə
bağlıdır.

Xəbər yenilənəcək

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun