Advertisement

Yeni əməliyyat modeli SOCAR-ı qoyulan vəzifələrin həllinə daha uyğunlaşdıracaq – Ziba Mustafayeva

Bakı. Trend:

SOCAR təşkilati səviyyədə dəyişikliklərə nail olmaq üçün dörd
əsas istiqamətdən istifadə edir.

Trend xəbər
verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva
29-cu Bakı Enerji Forumu çərçivəsində “Uğurlu enerji keçidində
insan kapitalının rolu” panel müzakirəsində deyib.

“Təşkilati səviyyədə dəyişikliyə nail olmaq üçün dörd əsas
istiqamətdən istifadə edirik. Təşkilatın “mühərrik”inin işləməsi
üçün bu sahələr birgə çalışmalıdır. Bunlara korporativ strategiya,
əməliyyat modeli, mədəniyyət və kontekst daxildir.

SOCAR 2035-ci ilədək korporativ strategiyasını müəyyənləşdirib.
Biz, həmçinin, 2030-cu ilədək kəşfiyyat və hasilat zamanı sıfır
çirklənmə səviyyəsinə və demək olar ki, sıfır metan emissiyasına
nail olmaq öhdəliyi götürmüşük. Bunlar sadəcə qayda və öhdəliklər
deyil, onlar artıq reallaşmağa başlamış konkret plan və
fəaliyyətlərə çevrilir”, – vitse-prezident deyib.

Onun sözlərinə görə, bu korporativ strategiya gündəlik fəaliyyət
ilə şirkətin hansı istiqamətdə irəlilədiyi arasında əlaqəni
görmələri üçün əməkdaşların diqqətinə çatdırılıb.

“Beləliklə, istiqamətimiz var, amma bu kifayətdirmi? Əməliyyat
modelini dəyişdirməliyik. “BCG” kimi təşkilati inkişaf üzrə
tərəfdaşlarımızla birlikdə necə fəaliyyət göstərdiyimizi və dəyər
formalaşdırdığımızı müəyyən edən əməliyyat modelini nəzərdən
keçirdik və yenilədik. Yeni əməliyyat modeli SOCAR-ı qarşıya
qoyulan vəzifələrin və prioritetlərin həllinə daha da
uyğunlaşdıracaq.

Əməliyyat modeli bir çox xüsusiyyətlərə malikdir. İcazənizlə,
onlardan bəzilərini qeyd edim. Mühüm xüsusiyyətlərdən biri enerji
keçidi və dekarbonizasiya ekologiyası seqmentinin tətbiqidir. Bu,
sadəcə ayrı bir struktur deyil, biznesimizin mühüm hissəsidir”, – o
deyib.

Konsolidasiyadan danışan vitse-prezident SOCAR-ın 20-dən çox
ölkədə nümayəndəliyi olan və bütün qitələrdə beynəlxalq səviyyədə
biznes idarə edən böyük bir təşkilat olduğunu, ştatında 70 000-dən
çox əməkdaşın çalışdığını və 100-dən çox şirkəti birləşdirdiyini
qeyd edib.

“Çağırışların həlli üçün müntəzəm fəaliyyət göstərdiyimizdən,
inteqrasiya olunduğumuzdan əmin olmalıyıq. Bununla əlaqədar olaraq
baş ofisin qabaqcıl təcrübə mərkəzi rolu oynadığı və standartları
müəyyən etdiyi yeni əməliyyat modelini tətbiq etmişik. Bu, müxtəlif
coğrafi bölgələrdə fəaliyyət göstərməyimizə baxmayaraq, vahid
yanaşmaya tərəfdar olmağımıza imkan verir”, – o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun