Advertisement

Türkiyə Azərbaycanla yeni qaz kəmərinin nə zaman istismara veriləcəyini açıqlayıb

Bakı. Trend:

Bu qış təbii qazın Türkiyə ərazisi (İğdır-Naxçıvan boru kəməri)
vasitəsilə Naxçıvan Muxtar Respublikasına nəql olunacağı
gözlənilir.

Trend xəbər
verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri
Alparslan Bayraktar İstanbulda Türkiyə və Azərbaycan arasında təbii
qaz sahəsində Əməkdaşlıq Sazişinin imzalanma mərasimində deyib.

“Ümid edirəm ki, bu qış təbii qaz Türkiyə ərazisi vasitəsilə
Naxçıvana tədarük olunacaq. Bu boru kəmərini mümkün qədər tez bir
zamanda işə salmağı planlaşdırırıq”, – nazir deyib.

Xatırladaq ki, Azərbaycan və Türkiyə 15 dekabr 2020-ci il
tarixində İğdır-Naxçıvan qaz kəməri üzrə Anlaşma Memorandumu
imzalayıb.

Layihə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin
BOTAŞ şirkəti tərəfindən icra olunacaq.

İğdır-Naxçıvan kəməri təkcə Naxçıvanın qaz təchizatını
şaxələndirməyə imkan verməyəcək, həm də onun bir mənbədən
asılılığını aradan qaldıracaq. Layihə “Naxçıvan Muxtar
Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər
üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasına daxil
edilib.

İğdırdan Sədərək rayonuna qədər olan boru kəmərinin uzunluğu
97,5 kilometr, o cümlədən Azərbaycan hissəsinin uzunluğu 17,5
kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru
kəməri sutkada 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz
nəql etmək gücündədir. Bununla Naxçıvanın qaza olan ehtiyacı tam
qarşılanacaq.

Gələcəkdə boru kəmərinin gücü iki dəfədən çox artırıla
bilər.

2023-cü il sentyabrın 25-də qaz kəmərinin təməlqoyma mərasimi
olub.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)