Advertisement

ТАР-ın qısamüddətli imkanlarına maraq əhəmiyyətli dərəcədə artıb

Bakı. Trend:

Trans-Adriatik boru kəmərinin (ТАР) qısamüddətli imkanlarına
maraq əhəmiyyətli dərəcədə artıb.

Trend xəbər
verir ki, bu barədə “TAP AG” şirkətinin xarici əlaqələr şöbəsinin
rəhbəri Vüqar Veysəlov Belqrad Enerji Forumunda çıxışında
deyib.

“TAP artıq təqribən 3,5 ildir ki, Azərbaycandan təbii qazı
Yunanıstan, Bolqarıstan və İtaliyaya təhlükəsiz və etibarlı şəkildə
nəql edir. Boru kəməri kommersiya fəaliyyətinin əvvəlindən
Avropanın enerji təchizatı ilə bağlı mühüm problemlərlə üzləşdiyi
bir vaxtda yeni mənbədən və alternativ marşrutdan qaz təmin edərək,
qitənin ayrılmaz enerji infrastrukturu kimi özünü təsdiqlədi”, – o
deyib.

V.Veysəlovun sözlərinə görə, Avropanın son bir neçə il ərzində
enerji təhlükəsizliyinə artan tələbatını qarşılamaq üçün TAP
konsorsiumu imkanlarını və bazarlara nəql olunan həcmi fəal şəkildə
artırıb.

“TAP-ın ilkin gücü ildə təqribən 10 milyard kubmetr olmaqla
yükgöndərənlər arasında bölüşdürülüb və 2013-cü ildə imzalanmış
uzunmüddətli sazişlərə əsasən 25 il müddətinə bron edilib.
Həmçinin, imkanların bron edilməsi üzrə “PRISMA” platforması
üzərindən və Avropanın qaz nəqli sistemi operatorları şəbəkəsinin
(ENTSOG) hərraclar təqviminə əsasən qısamüddətli bronlaşdırma
təklif edirik. 2020-ci ilin sonunda kommersiya fəaliyyəti
başladıqdan sonra TAP-ın qısamüddətli imkanlarına maraq əhəmiyyətli
dərəcədə artıb”, – deyə o vurğulayıb.

V.Veysəlov TAP konsorsiumunun təklif olunan imkanların və bazara
nəql olunan həcmlərin maksimallaşdırılması üçün boru kəmərinin
istismar şərtlərindən istifadə edən fəal operator olaraq mövqe
sərgilədiyini qeyd edib.

“Biz, həmçinin, aparıcı beynəlxalq praktikaya uyğun olaraq,
bütün bazar maraqlarını əhatə etməklə, eləcə də uzunmüddətli
öhdəliklər və qısamüddətli normativ öhdəliklər çərçivəsində
razılaşdırılmış imkanlarla yanaşı, qısamüddətli imkanlardan
istifadəni artırmaqla kommersiya məhsulları işləyib
hazırlamışıq.

Boru kəmərindən şəbəkə kimi istifadə olunur və qaz təkcə qərbdə
Yunanıstan, Bolqarıstan və İtaliya istiqamətində deyil, həm də
İtaliyadan Yunanıstan və Bolqarıstana, həmçinin Qərbi Balkanlar
regionundakı bazarlara tədarük olunur”, – o deyib.

V.Veysəlov qeyd edib ki, TAP istismara verildikdən etibarən 35
milyard kubmetrdən çox qaz nəql edib ki, bunun 2,14 milyard
kubmetri Bolqarıstanın, 3,37 milyard kubmetri Yunanıstanın, 29,22
milyard kubmetri isə İtaliyanın payına düşür.

“Təkcə 2023-cü ildə TAP vasitəsilə 11,50 milyard kubmetr nəql
olunub. TAP vasitəsilə nəql olunan qaz İtaliyaya idxal olunan qazın
16 faizini, Yunanıstana idxal olunan qazın isə 18 faizini təşkil
edir. Bu, mühüm nailiyyətdir, lakin boru kəmərinin imkanlarını
tədricən ikiqat artırsaq, gələcəkdə Avropanın enerji təchizatının
təhlükəsizliyinin təmin olunmasına və dekarbonizasiya hədəflərinin
əldə olunmasına daha çox imkan yarada bilərik.

TAP-ın genişləndirilmə imkanları hər tək ildə keçirilən bazar
sınaqları vasitəsilə bazara təklif olunur. 2024-cü ilin yanvar
ayında tamamlanan 2021-ci ilin bazar sınağı 31 dekabr 2025-ci ilə
qədərki buraxılış qabiliyyətinə ildə əlavə olaraq 1,2 milyard
kubmetr əlavə edən hüquqi öhdəliklərin qəbul olunması ilə
nəticələnib”, – deyə o bildirib.

V.Veysəlovun sözlərinə görə, birinci genişləndirmə dərəcəsi üçün
lazım olan işlər səlis şəkildə irəliləyir.

“Bu ilk genişləndirmə səviyyəsi bazar tərəfindən maraq olacağı
təqdirdə növbəti bazar sınaqlarında iştirak yolu ilə mərhələli
şəkildə əldə oluna bilən gələcək genişləndirməyə yol aça bilər.
2023-cü ildəki bazar sınağı hələ də davam edir, öhdəlik yaradan
sövdələşmələr mərhələsi isə 2025-ci ilin ortalarında gözlənilir. Bu
bazar sınaqlarının nəticələri bazar tələbatından asılıdır”, – deyə
o əlavə edib.

Daha sonra V.Veysəlov təbii qazın şübhəsiz, Avropanın enerji
balansının mühüm hissəsi olaraq qalacağını və enerji keçidindən
açar rolunu oynayacağını qeyd edib.

“Qaz elektrik stansiyaları qeyri-müntəzəm bərpa olunan enerji
mənbələrinə əlavə olaraq, tələb üzrə elektrik enerjisi təklif edir.
Təbii qaz innovativ texnologiyaların tətbiqi ilə birlikdə 2050-ci
ilədək Aİ-nin karbon neytrallığı hədəfinə nail olmağa imkan yarada
bilər. Uzunmüddətli perspektivdə mövcud qaz infrastrukturu
karbonsuzlaşdırılmış və ya bərpa olunan qazların nəqli üçün yenidən
təchiz oluna bilər.

Avropa aşağı karbonlu gələcəyə keçid etdiyindən, əvvəlki kimi
diversifikasiyaya, evlərini isidərək və rəqabət qabiliyyətini
saxlayaraq, iqtisadiyyatının inkişafı üçün təhlükəsiz, etibarlı və
əlçatan enerji təchizatına ehtiyacı var. Biz TAP olaraq, xüsusən
ənənəvi qazıntı yanacağından həddən artıq asılı region olan
Cənub-Şərqi Avropa və Qərbi Balkanlarda dayanıqlı keçidi təmin
etməyə çalışırıq”, – o deyib.

Onun sözlərinə görə, TAP regional səviyyədə Aİ-nin Cənub-Şərqi
Avropaya qaz tədarükləri üzrə hədəfini dəstəkləyir və Avropa
Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş
Direktorluğu tərəfindən Qərbi Balkanların dekarbonizasiya üzrə
flaqman layihəsi olaraq qəbul edilib, çünki regionda daha təmiz və
əlçatan enerjiyə çıxış imkanına imkan yaradır və bir qaz
tədarükçüsündən asılılığı azaldır.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP
vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və
Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql
olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi
vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə
öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada
təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla
Azərbaycan öz ixrac imkanlarını şaxələndirib.

X: @Lyaman_Zeyn