
Bakı. Trend:
Trans-Adriatrik boru kəməri (TAP) biometan nəqlinin
asanlaşdırılması üçün çərçivələrin yaradılmasına öz töhfəsini
verməyə hazırdır.
Trend xəbər
verir ki, bu barədə “TAP AG” şirkətinin xarici əlaqələr şöbəsinin
rəhbəri Vüqar Veysəlov Belqrad Enerji Forumunda çıxışında
deyib.
O qeyd edib ki, TAP-ın potensial olaraq tam genişləndirilməsi
təkcə tədarüklərin təhlükəsizliyi problemlərini həll etməyəcək, həm
də gələcəkdə hidrogen və digər bərpa olunan qazların yeni
həcmlərinin nəqlinə imkan yaratmaqla Aİ-nin dekarbonizasiya üzrə
hədəflərinin əldə olunmasına imkan şərait yarada bilər.
“Hədəfimiz ilkin olaraq təbii qazla qarışıq şəklində hidrogen
nəqli üzrə aktivi inkişaf etdirməkdən ibarətdir. 2021-ci ildə ilkin
tədqiqatlar TAP-ın gələcəkdə hidrogen qarışığı nəql etmək
qabiliyyətini təsdiqlədi. Lazımi sınaq avadanlığının inkişafına
investisiya qoymaqla, 2024-cü ildə boru kəmərlərimizin
materiallarını beynəlxalq səviyyədə tanınmış laboratoriyada
sınaqdan keçirəcəyik. Biz səhmdarlarımız, əsas tədarükçülərimiz və
sənaye nümayəndələrimizlə sıx əməkdaşlıq edirik, çünki avadanlığın
modernizasiyasına investisiyaların həcmi və nəql edilən hidrogenin
faizi hidrogen bazarının ehtiyaclarına cavab verməsi və bazar
qaydalarına uyğun olması üçün yəqin ki, zamanla tədricən müəyyən
ediləcək”, – deyə V.Veysəlov qeyd edib.
O bildirib ki, hidrogen təbii qazdan əhəmiyyətli dərəcədə
fərqlənsə də, bioyanacaq kimi təsnif edilən biometan təbii qaza
bənzəyir.
“Sahə nöqteyi-nəzərindən qaydaların hazırlanmasına və biometan
nəqlini asanlaşdıracaq strukturun yaradılmasına necə töhfə verə
biləcəyimizi görmək üçün Yunanıstan və İtaliyanın milli nəqliyyat
sisteminin operatorları ilə fəal əməkdaşlıq edirik”, – Veysəlov
əlavə edib.
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP
vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və
Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql
olunur.
31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi
vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə
öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada
təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla
Azərbaycan öz ixrac imkanlarını şaxələndirib.
X: @Lyaman_Zeyn





























