Advertisement

TAP konsorsiumu bu ilin ilk 4 ayı ərzində qaz tədarüklərinin həcmini açıqlayıb

Bakı. Trend:

Trans-Adriatik boru kəməri (TAP) ilə 2024-cü ilin ilk dörd ayı
ərzində 4 milyard kubmetr qaz tədarük olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq “TAP AG”
konsorsiumundan bildiriblər.

Konsorsiumun məlumatına görə, boru kəməri ilə 35 milyard kubmetr
qaz nəql olunub.

Qeyd edək ki, bu yaxınlarda energetika naziri Pərviz Şahbazov
bildirib ki, qaz ixracı 2023-cü ildəki 23,8 milyard kubmetrlə
müqayisədə, bu il 24 milyard kubmetri ötəcək.

“Həcmin yarısı Avropaya gedəcək. Azərbaycan qazının tədarük
coğrafiyası genişlənir. Bu il 48 milyard kubmetrdən çox nəzərdə
tutulan qaz hasilatının yarısı ixracın payına düşəcək”, – deyə
nazir qeyd edib.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP
vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və
Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql
olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi
vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə
öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada
təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla
Azərbaycan öz ixrac imkanlarını şaxələndirib.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)