Advertisement

“Masdar” şirkəti ilə yaşıl enerji layihələri üzrə müqavilələr imzalandı

Bakı. Trend:

Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazov və
BƏƏ-nin sənaye və yüksək texnologiyalar naziri, “Masdar” şirkətinin
idarə heyətinin sədri Sultan Əhməd Əl-Cabirin rəhbərlik etdiyi
nümayəndə heyətləri arasında görüş olub.

Trend Energetika Nazirliyinə
istinadən xəbər verir ki, görüşdə “Masdar” şirkəti ilə quruda və
dənizdə “yaşıl enerji” layihələrinin icrası, hər iki ölkənin
apstrim sektorunda dövlət şirkətlərinin iştirakı, həmçinin COP29
çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. 1000 MVt
gücündə günəş və külək enerjisi stansiyalarının inşası
ölkələrimizin “yaşıl enerji” keçidinə birgə töhfəsi kimi
dəyərləndirilib.

Görüşün yekununda Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə
Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 445 MVt
gücündə Biləsuvar, 315 MVt gücündə Neftçala günəş elektrik
stansiyaları və 240 MVt gücündə Abşeron-Qaradağ külək elektrik
stansiyası layihələri üzrə “İnvestisiya müqaviləsinə Əlavə”,
“Enerji alqı-satqı müqaviləsi”, “Ötürücü şəbəkəyə qoşulma
müqaviləsi” və “Torpaq icarə müqaviləsi” imzalanıb.

Müqavilələri Azərbaycan tərəfindən energetika naziri Pərviz
Şahbazov və “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev, “Masdar”
şirkəti tərəfindən isə baş icraçı direktor Məhəmməd Cəmil Əl-Ramahi
imzalayıb.