
Bakı. Trend:
Qaz mənbələrini şaxələndirmək üçün infrastruktur, o cümlədən
çatdırılma marşrutları inkişaf etdirilməlidir.
Trend xəbər
verir ki, bu barədə bu gün Macarıstanın xarici işlər və ticarət
naziri Peter Siyarto 29-cu Bakı Enerji Forumu çərçivəsində “Enerji
təhlükəsizliyinin və dayanıqlılığın təmin olunması üçün beynəlxalq
əməkdaşlıq” mövzusunda panel müzakirəsində deyib.
“Enerji və qaz mənbələrini şaxələndirmək üçün infrastrukturu, o
cümlədən çatdırılma marşrutlarını inkişaf etdirməliyik. Bizə
Avropada diversifikasiya məsələsində mühüm təzyiq göstərilir.
Problem ondadır ki, bizdə bu anlayışın fərqli tərifləri var. Bizim
diversifikasiya anlayışımız bir mənbənin digəri ilə əvəz
olunmasından deyil, mənbələrin sayının artırılmasından ibarətdir.
Həqiqi diversifikasiya üçün daha çox mənbələrə ehtiyac var. Məhz bu
səbəbdən Azərbaycan, Qətər və Türkiyədən daha çox qaz satın ala
bilmək üçün Cənub-Şərqi Avropada boru kəmərləri şəbəkəsinin gücünün
artırılması xahişi ilə Aİ-yə müraciət etmişik”, – o deyib.
Qeyd edək ki, 29-cu Bakı Enerji Foumunda 600-dən çox nümayəndə
iştirak edir. Forumda Azərbaycanla yanaşı, Avstraliya, Avstriya,
Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan,
Gürcüstan, İsrail, Hindistan, İtaliya, Qazaxıstan, Qətər, Çin,
Latviya, Monako, Niderland, Norveç, BƏƏ, Rusiya, Rumıniya, Səudiyyə
Ərəbistanı, Sloveniya, ABŞ, Özbəkistan, Ukrayna, Finlandiya,
Fransa, Çexiya, İsveçrə, İsveç və Yaponiya da iştirak edəcək. Bu il
forumun proqramına rekord sayda (81) məruzəçi daxildir.
Forumun gündəliyinə həm Azərbaycan, həm də bütün Xəzər regionu
üçün vacib olan enerji məsələləri daxil ediləcək. Gündəlikdəki əsas
məsələlər enerji təhlükəsizliyi, enerji keçidi və “yaşıl” enerji
layihələrinin nəzərdən keçirilməsi və maliyyələşdirilməsi ilə
bağlıdır.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























