Advertisement

Sloveniya BEM sahəsində öz təcrübəsini Azərbaycana təklif edə bilər – Energetika üzrə dövlət katibi

Bakı. Trend:

Sloveniya günəş enerjisi, hidroenerji, “ağıllı” texnologiyalar
və digər aparıcı istiqamətlər üzrə öz təcrübəsini Azərbaycana
təklif edə bilər.

Trend xəbər
verir ki, bu barədə bu gün Sloveniyanın Ekologiya, İqlim və
Energetika Nazirliyində energetika üzrə dövlət katibi Tina Sersen
29-cu Bakı Enerji Forumu çərçivəsində “Enerji təhlükəsizliyinin və
dayanıqlılığın təmin olunması üçün beynəlxalq əməkdaşlıq”
mövzusunda panel müzakirəsində deyib.

“Biz yeni tərəfdaşlar tapmalıyıq. Həmçinin ölkənin gələcəyi üçün
vacib olan enerji daşıyıcılarının tədarükü məsələsi üzərində
fəaliyyəti səbirsizliklə gözləyirəm. Fikrimcə, Azərbaycan və
Türkiyə qaz tədarükü çərçivəsindən kənara çıxan yeni
tərəfdaşlıqları inkişaf etdirmək və yaratmaq üçün böyük potensiala
malikdir. Biz sizə, eləcə də bütün regiona günəş enerjisi,
hidroenerji, “ağıllı” texnologiyalar və digər aparıcı istiqamətlər
üzrə öz bilik və təcrübəmizi təklif edə bilərik. Təklif edə
biləcəyimiz budur”, – o deyib.

Qeyd edək ki, 29-cu Bakı Enerji Forumunda 600-dən çox nümayəndə
iştirak edir. Forumda Azərbaycanla yanaşı, Avstraliya, Avstriya,
Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan,
Gürcüstan, İsrail, Hindistan, İtaliya, Qazaxıstan, Qətər, Çin,
Latviya, Monako, Niderland, Norveç, BƏƏ, Rusiya, Rumıniya, Səudiyyə
Ərəbistanı, Sloveniya, ABŞ, Özbəkistan, Ukrayna, Finlandiya,
Fransa, Çexiya, İsveçrə, İsveç və Yaponiya da iştirak edəcək. Bu il
forumun proqramına rekord sayda (81) məruzəçi daxildir.

Forumun gündəliyinə həm Azərbaycan, həm də bütün Xəzər regionu
üçün vacib olan enerji məsələləri daxil ediləcək. Gündəlikdəki əsas
məsələlər enerji təhlükəsizliyi, enerji keçidi və “yaşıl” enerji
layihələrinin nəzərdən keçirilməsi və maliyyələşdirilməsi ilə
bağlıdır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun